Hədislərə tabe olmağın vacibliyi

14 Mayıs 2015
1 365
0
Hədislərə tabe olmağın vacibliyi
Hədislərə tabe olmağın vacibliyi

Hədislər də Quran kimi Allahdan vəhydir

Uca Allah Quranda əsas şəriət hökmlərini müxtəsər şəkildə bildirmiş, onların izahını və təfsilatını isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə öyrətmişdir. Buna "Sünnə" deyilir. Sünnə hədislərdə qeyd edilmişdir. Məsələn, namazın qılınma şəkli, hansı namazın neçə rükət olması, necə həcc etmək, zəkatı necə vermək, ailə, ticarət və s. məsələlərdəki şəriət hökmləri Quranda yoxdur, bunları hədislərdən öyrənirik. Ona görə də, Sünnə də Quran kimi peyğəmbərə (sallallahu aleyhi və səlləm) Allah tərəfindən endirilmişdir. Uca Allah buyurur: "Sənə də Zikri (Sünnəni) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr" (ən-Nəhl, 44).
"Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı (Quranı) və Hikməti (Sünnəni) öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər" (əl-Cumuə, 2)
Uca Allah bildirir ki, Peyğəmbərin Quran ayələrinə verdiyi izahat özbaşına yox, vəhy nəticəsində olmuşdur: "O, kefi istəyəni danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir" (Nəcm surəsi, 4)
Uca Allah hədislərə tabe olmağı əmr etmişdir

Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzab, 36)
Bu və çoxsaylı digər Quran ayələrində Uca Allah ibadətlərimizi Peyğəmbərin etdiyi kimi etmək, gündəlik həyatımızda, ailədə, işdə çıxan məsələlərdə Ondan nümunə götürməyi əmr etmişdir. Hədislərə tabe olmasaq, Quranda olmayan məsələlərdə necə davranmağı bilmək (məsələn, hansı namazı neçə rükət qılmaq) mümkün deyil.
Haradan bilək ki, hədislər doğrudur?

Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9). Uca Allah Quranı və onun təfsilatını bildirən hədisləri qoruyacağına vəd vermişdir. Həqiqətən də, 1400 ildən çox keçməsinə baxmayaraq, düşmənlər nə qədər cəhd etsələr də, Quranı və səhih hədisləri dəyişdirmək və ya yox etmək mümkün olmamışdır. Bəziləri ayədəki "Zikr" sözünün yalnız Quran olduğunu düşünürlər. Amma yalnız Quran qorunsa idi, ayələrin təfsilatı olmadan insanlar Peyğəmbərə necə tabe olmağı bilməzdilər, bu isə dinin itməsinə gətirərdi.
Həmçinin məlumdur ki, Peyğəmbərin ölümündən bir müddət sonrayadək Quran kitab halında olmamış, əzbər şəkildə öyrənilmiş və yayılmışdır. Quranı əzbərdən bir-birinə ötürən Peyğəmbərin səhabələri eyni qaydada hədisləri də ötürmüşlər. Səhabələrin isə Allahın və Onun Rəsulunun adından yalan danışması mümkün deyil, Uca Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur” (ət-Tövbə, 100). Hədislərin bir hissəsi Peyğəmbərin dövründə səhabələr tərəfindən yazılmışdır. Digər səhih hədislər Buxari, Muslim, Əbu Davud, Tirmizi, İbn Macə və digər alimlər tərəfindən toplanaraq kitab halına salınmışdır.
Hədisləri kim inkar edir?

Hədisləri inkar edənlərin məqsədi insanları Peyğəmbərin yolundan uzaqlaşdırmaq və Qurana istədikləri kimi izahat verərək, öz istədiklərinə yönəltməkdir, dini parçalamaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən mənə Quran və onun misli (hədislər) verilmişdir. Yaxın zamanlarda qarnı tox kimsə mütəkkəyə (əsaya) dirsəklənib (hədisləri inkar edərək), belə deyəcəkdir: Siz, yalnız bu Quranla kifayətlənin. Yalnız orada deyilən halalı halal, haramı isə, haram kimi qəbul edin”. (Əhməd və Əbu Davud).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.