Tut ağacı boyunca...
Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, tut nadir ağacdır ki, onun həm yarpağı, həm budağı, həm meyvəsi, həm də oduncağı çox qiymətlidir. İpəkqurdu yalnız və yalınız tut yarpağı ilə qidalanır, qurumuş tut budaqlarından təndirə yaxşı alışıq olur, közü üstündə kabab bişirirlər. Tut ağacından ət döymək üçün toxmaq hazırlanır. Su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağı tut ağacından hazırlanır.
Sümük, oynaq ağrıları zamanı tut yığılıb qıcqırdılmış çəlləyə girmək çox faydalıdır. Tut meyvəsi və ondan hazırlanan doşab və irçal daxili xəstəliklər zamanı çox böyük şəfaverici rol oynayır.
Qaraciyər ağrılarında qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək müalicəvi təsir göstərir. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir. Tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, anginada qarqara kimi istifadə olunur.
Qara tutun meyvələri həzmi yaxşılaşdırır və mədəni möhkəmləndirir, dizenteriya, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır.
Ağ tutun yarpaqları dəmlənilərək soyuqdəymələrdə hərarətsalıcı vasitə kimi, yarpaqları və qabıqları isə dəmləmə və bişirmə şəklində epilepsiya əleyhinə məlhəm kimi qoturluq əleyhinə işlədilir. Tutun gövdə və kök qabığının dəmləməsi, bişirməsi və maye ekstraktı hipertoniya, sidikqovucu və qurd xəstəliklərində tətbiq edilir.