Dünyadan qayıtmış körpə - MARAQLI HEKAYƏ

29 Kasım 2021
3 668
0
Dünyadan qayıtmış körpə - MARAQLI HEKAYƏ
Dünyadan qayıtmış körpənin hekayəsi

Göyün ənginliklərində ağappaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Hər tərəfi gözəl qoxu bürümüşdü-

körpələrin qoxusu. Hər tərəfdən qığıltı səsləri, körpə gülüşləri eşidilirdi.

Bu gün hava gözəl idi. Körpələr ayaqlarını sallayıb, buludların üstündə oturmuşdular. Birdən uzaqdan birinin gəldiyini gördülər. Buludlara tərəf uzanan yolda balaca, laaap balaca bir körpə gəlirdi. Ayağının biri yox idi. Qollarının ikisi də kəsilmişdi. Başından qan axırdı. Çox yorğun idi körpə. Çox ağlamışdı körpə. Dünyadan qayıdırdı körpə. Gəlib buludların yanına çatdı.
-Hardan gəlirsən?
-Dünyadan.
-Niyə qayıtdın?
-Məni istəmədilər.
-Bəs, ayaqlarına, qollarına nə olub?
Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Qan damcıları sıxılıb üzü aşağı süzülməyə başladı.
-Atamla anam məni çağırandan sonra yerə endim. Anam qarnında mənim üçün rahat yataq düzəltmişdi. Orda günlərim gözəl keçirdi. Anam məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir, məni çoxxx, lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt yaşayırdım. Atam da məni çox sevirdi.
Anamın qarnından öpüb, bu sonsuz sevgiyə görə məni kövrəldirdi.
Mən fərəhli idim, ümidli idim. İşıqlığa çıxandan sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr edəcəkdilər. Mən böyüyüb çox məşhur bir yazıçı olacaqdım, kitablarım dünyanın dörd bir yanına yayılacaqdı. Atamla anam hər yerdə hörmətlə qarşılanacaqdı. Mən insanları, ailəmi çox sevəcəkdim. Bütün bunları onlara deməyə o qədər tələsirdim ki! Amma bir gün atamla anam daha məni sığallamadı. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az qala boğulacaqdım. Yalvarıb, onu səslədim, daha ağlama, dedim. Məni eşitmədi. Sonra mən də ağladım. Büzüşüb, soyuqdan tir-tir əsməyə başladım. Səhəri gün bədənimə dəyən soyuq bir şeydən diksinib oyandım. Ağrıdan səsim gəldiyi qədər bağırdım, ayaqlarım kəsiləndə atamı, qollarım kəsiləndə anamı səslədim. Amma onların mənə yazığı gəlmədi. Təkcə anamın qarnından çıxardılanda onun dərindən ah çəkdiyini eşitdim. Yavaş-yavaş huşum özümdən gedirdi. Bir də məni doğrayan cəlladın son sözlərini eşitdim “inşALLAH, gələn dəfə oğul payı verər ALLAH”...
Körpələr onu dinləyib kədərləndilər. Saçları qıvrım, yanaqları toppuş, bapbalaca, şipşirin körpə qızlardan biri ayağa durub dedi:
-Bacılar, qardaşlar, mən artıq getməliyəm, salamat qalın.
-Getmə, səni də öldürəcəklər. İnsanlar pisdir, analar, atalar amansızdır.
-Hamısı yox. Mənim 3 bacım var. Amma bir gün anam ilə atamın duasını eşitdim: “Oğlan, ya da qız-fərq etməz. Xeyirli övlad nəsib et, Ya Rəbbim!”.
-Məni səsləyirlər, artıq getməliyəm.
Körpələrdən biri də ayağa durdu.
-Gəl, bir yerdə enək yerə. Məni də səsləyirlər.
-Səni də çağırır atanla anan?
-Hə, mən bu ayaqları kəsilən qızcığazın qardaşıyam. Amma bir neçə ildən sonra yenə yanınıza qayıdacam. Bu dünyada hər şeyin bir bədəli var ...

Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.