Kişilər işgüzar xanımla ailə qurmaqda niyə tərəddüd edir? » Feat.Az Sekiller, Xeberler, Yazili

Kişilər işgüzar xanımla ailə qurmaqda niyə tərəddüd edir?

Kişilər işgüzar xanımla ailə qurmaqda niyə tərəddüd edir?
Son vaxtlar qadınların yüksək vəzifələrə çəkilməsi istiqamətində dövlətin təqdirəlayiq fəaliyyət mexanizmi hazırlanıb. Xüsusən də kadr məsələsində başlıca mövzulardan birinə çevrilən – icra başçısının müavinlərinin, yaxud şöbə müdirlərinin birinin qadın olması məsələsi artıq bir sıra rayonlarda həll olunmaqdadır.

Amma dövlətin gender bərabərliyinə hesablanan bu addımlarına baxmayaraq hələ də işgüzar qadınlara qarşı bəzi stereotiplər hökm sürməkdədir.

Xüsusən də, rayonlarda qadınların işləməsinə, hələ müvafiq rəhbər strukturlarında işləməsinə münasibət birmənalı deyil. Bir çox ailələrdə hələ də zərif cinsin nümayəndəsinin çalışmasına pis baxırlar. Əksər kişilər bunu belə izah edir ki, onun xanımına kimsə əmr verə, buyura, danlaya, irad tuta bilməz. Bu, daha çox psixoloji problem olmaqla, həm də mental səciyyə daşıyır. Lakin elə ailələr də var ki, orda uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq ananın öhdəsinə düşdüyündən qadının haradasa işləməyinə fiziki olaraq imkanı çatmır. Amma hər halda ölkəmizdə gender bərabərliyinin təmin olunması və bu istiqamətdə görülən işlərə, keçirilən maarifləndirici tədbirlərə rəğmən ortaya çıxan bir həqiqət var, sən demə, bölgələrdə vəzifəli qadınlarla ailə qurmaq qəbahət sayılırmış. Bəli, gülməli və ya acınacaqlı olsa da, nə yazıq ki, reallıq budur. Bu fakt isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Sülh korpusu və “Gulsam” Əlillərin Dizayn İctimai Birliyi Ağsu şəhərində bir qrup qadınlar arasında “Gender bərabərliyi haqqında” qanunun müzakirəsi aparılan zaman ortaya çıxıb. Müzakirə zamanı qanundan irəli gələn müddəalar iştirakçıların diqqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbuletmədə iştirakına mane olan amillərə toxunulub.

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı vəzifədə çalışan qadınlara qarşı stereotiplərin hökm sürməsi, onlarla ailə qurmağın eyib sayılması kimi iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb: “Azərbaycanda elə bir tendensiya, stereotip yoxdur. Aparılan araşdırmalar həqiqət deyil. Ölkəmizdə çalışan, vəzifə sahibi olan qadınlara qarşı münasibət kifayət qədər müsbətdir. Və onların cəmiyyətdəki mövqeləri ailə qurmalarının önündə əngəl deyil. Əgər kimsə, vəzifə sahibi olan qadınla ailə qurmağı özü üçün qəbahət bilirsə, bu normaldır. Bir-iki adamın düşüncələrini ümumilikdə cəmiyyətə şamil etmək olmaz. “Azərbaycanda vəzifəli qadınlarla evlənmək qəbahət sayılır” kimi ifadələr mənə gülməli gəlir. Hesab edirəm ki, əldə olunan araşdırmalarda nəsə bir yanlışlıq var”.



“Qadının işləməsi ailə institutunu zəiflətməməlidir”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, Azərbaycanda hüquqi baxımdan qadın-kişi bərabərliyi ilə bağlı ciddi problemlər olmasa da, faktiki cəhətdən qadınların imkanları daha azdır: “Ailədə olan zorakılıq, cəmiyyətdə bir çox stereotiplərin mövcudluğu, qadının üzərinə ailə yükünün düşməsi, qadında özünü qiymətləndirmə amilinin aşağılığı və digər amillər burda mühüm rol oynayır”.

M.Zeynalova qadınların vəzifələrdə təmsil olunması sahəsindəki vəziyyətin 10 il əvvəlki durumla müqayisədə daha pis olduğunu söyləyib: “10 il əvvəl Azərbaycanda təxminən üç rayonun icra başçısı qadın idi. Ali Məhkəmənin sədri qadın idi. İndi isə əsasən orta məktəb direktorları və ya xəstəxanaların baş həkimləri sırasında qadınları görmək olar. İcra hakimiyyəti strukturlarında isə qadınlar ancaq üçüncü pillədən sonrakı vəzifələrdə təmsil oluna bilirlər. Yeni-yeni qadınların müavin postuna çəkilməsinə başlanılıb ki, bu da təqdirolunandır. Parlamentdə də təmsilçilik çox aşağı səviyyədədir”.

M.Zeynalovanın fikrincə, qadınlar təşkilatçılıq baxımından kişilərdən geri qalmırlar və hətta daha məsuliyyətlidirlər: “Çoxları düşünür ki, Azərbaycanda gender problemi yoxdur. Amma yalnız qadınlara qarşı zorakılığın zərərini iqtisadçılar hesablasalar, bəlli olar ki, bunun nə dərəcədə ağır nəticələri var. Mənə elə gəlir ki, artıq belə bir tədqiqatın aparılmasının vaxtı çatıb”.



Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da vəzifəli qadınlara qarşı stereotiplərin qəbulolunmaz olduğunu vurğulayıb. Qadınların evdə oturmasının qəti əleyhinə olduğunu bildirən ADP sədrinin sözlərinə görə, qadınların işləməsi tarixi hadisədir. Onların sosial həyatda iştirakının üstünlüyü Nadir şahın dövründə də gündəmdə olub: “Cəmiyyətin hərəkətverici qüvvəsi qadınlar olub, daha sonra kişi mədəniyyəti inkişaf edib və bizim bu günə qədər tanış olduğumuz mədəniyyət kişi mədəniyyətidir. Hər bir mədəniyyətin özünəməxsus üstünlükləri olub.

Kişi mədəniyyətinin əsas həlledici cəhəti daha çox qanla nailiyyətlərin əldə olunmasıdır, bu da kişi xarakteri ilə bağlıdır. Avropa ölkələrində qadınların sosial həyatda iştirakı ilə demokratikləşmə, liberallaşma arasında bərabərlik var. Ona görə də Azərbaycanın demokratikləşməsini istəyiriksə, qadınlarımızın daha geniş şəkildə ictimai həyatda iştirakına çalışmalıyıq. Bu baxımdan düşünürəm ki, qadın həm ailənin müdafiəçisi olmalıdır, eyni zamanda işi elə qurmağı bacarmalıdır ki, sosial həyatda iştirak etsin. Qadının evdə oturması millətin böyük bir potensialının kənarda saxlanması deməkdir. Qadınlar dövlət başçısı, elm xadimi, yaradıcı adamlar kimi xalqların inkişafında böyük rol oynayıb. Mən qadınların evdə oturmasının qəti əleyhinəyəm”.
gencaile.az
Şərh Yaz