Mistik Evlər

17 Ekim 2015
3 341
1
Mistik Evlər
Mistik Evlər


Qara magiya, Faust və kimya?!
Yolunuz nə vaxtsa Karlov meydanından keçsə, mütləq Faustun evinə də baş çəkin. Praqaya ayağı belə dəyməyən həkim Faustun malikanəsinin məhz burada “gözə dəyməsi” hər kəsi təəccübləndirir. Göz dəyməsin, üstəlik onun haqqında heç vaxt olmadığı bir şəhərdə əfsanələr də ayaq açıb yeriyir. Şayiələri yayan isə özünü gizlətmirdi: o, XIV əsrdə yaşayan şahzadə Vaçlav Opava idi.

Evin ilk sahibi V.Opava elmlə, xüsusən də kimya ilə maraqlanırdı. Amma belə görünür ki, onun maraq dairəsinə əfsanəvi şayiələrin müəllifi olmaq da daxil imiş. Şahzadənin dediyinə görə, II Rudolfun hakimiyyəti illərində ev haqqında söz-söhbətlər daha da ciddiləşib.

Mistik Evlər

Faustun barokko üslubunda tikilən “qondarma” evinin sakinləri arasında XIX əsrdə yaşayan Karl Eniq də olub. O, malikanənin divarlarını yas mərasimlərində qəlibləşmiş “ürək sözləri”, mərsiyələr ilə “bəzəyirdi”. Maraqlıdır ki, bu insanın evdə qaldığı müddətdə çarpayısı olmayıb. O, gecələr özünün hazırladığı tabuta girib yatırmış. Eniq ölümlə bağlı hər şeyi o qədər sevirdi ki, hətta evin ortasına dar ağacı hazırlayıb qoymuşdu. Özü də öləndə vəsiyyət edibmiş ki, onu tabuta tərsinə qoysunlar.

Eşitməmiş olmazsınız: Vinçesterlər
Hər gün dünyanın dörd bir yanından məhz bu evi görmək üçün gələn yüzlərlə turist… Ruzveltin çay içmək üçün baş çəkdiyi, lakin darvazaları üzünə bağlanan malikanə… Əsrlərdir heç kimin içərisinə girə bilmədiyi mistik ev… ünvanı da çox sadədir: San-Xose şəhəri, Vinçester bulvar ı – 525.

Ruzvelt bura gəlməsəydi və evin yaşlı sahibəsi Sara Vinçester qapını onun üzünə bağlamasaydı, yəqin ki, malikanə heç vaxt dünyanın diqqət mərkəzində olmayacaqdı. Keçək əsas mətləbə; evin qaranlıq gələcəyini yaradan sirli keçmişinə...

Saranın həyatı başlanğıcda çox uğurlu alınır. 25 yaşında Vilyam Vinçesterə ərə gedir. Vilyam silah istehsalı ilə məşğul olan məşhur sahibkarlardan idi. Ölkədə başlayan vətəndaş müharibəsi və silah tələbatı bir anın içində Vinçesterləri dünyanın milyonçusuna çevirir. Amma milyonlar ailəyə xoşbəxtlik gətirmir. Qızı Enni doğulandan bir müddət sonra vəfat edir. 10 il özünə gələ bilməyən xanım Vinçester 1881-ci ildə əri Vilyamı itirir. O, başa düşə bilmir ki, bu qədər bədbəxtliklər və uğursuzluqlar niyə məhz onun başına gəlir? Və 20 milyon dollar məbləğindəki miras ailəsi məhv olandan sonra onun nəyinə lazımdır?! Ona Bostonda yaşayan məşhur mediumlardan birinin yanına getməyi məsləhət görürlər. Medium Saraya bildirir ki, ərinin ruhu ilə görüşüb və Vilyam deyib ki, ailənin bu cür məhvinin səbəbi onların istehsal etdiyi silahlardan ölənlərin qarğışıdır. Sara da eyni lənətlə qarşılaşmaq istəmirsə, qərbə doğru getsin. Gündoğan tərəfdə – ona işarə olunan yerdə ev tiksin. Ən əsası, bu tikinti heç vaxt dayandırılmamalıdır. Çəkic səsi bir gün kəsilsə, xanım Vinçester dərhal öləcək.

Dul qadın qərbə doğru gedir. 1884-cü ildə San-Xoseyə çatır. İnanır ki, ərinin dediyi yer burasıdır. Bir ev alır və dayanmadan – 38 il onun təmiri ilə məşğul olur.

Vinçesterlərin evi 3 mərtəbəlidir. Burada təxminən 160 otaq, 13 hamam, 6 mətbəx, 40 pilləkən, 2000 qapı, 450 dəhliz, 10000 pəncərə və 47 soba var. Evin mistik simvolikası onu bir az da sehrli edir. Məsələn, evdə bir pilləkəndən başqa, qalan hamısının 13 pilləsi var. Əksər otaqlarda pəncərələrin sayı 13-dür. Onu da deyək ki, evin necə tikilməsini araşdırmaq istəyən mühəndislərin hamısı bir müddət sonra psixi dispanserə yerləşdirilib.

Ev elə tikilib ki, xanım Vinçesterin arxasınca gələn ruhları çaşdırsın. Ona görə də evdə qapıların çoxu divarlara açılır, pilləkənlər isə tavana gedib çıxır. Dəhlizlər ilan yuvası kimi dardır. Yuxarı mərtəbələrdə elə qapılar var ki, həyətə açılır. Hətta qapıların bəzisini açanda ya qəfildən birinci mərtəbəyə – mətbəxdəki əlüzyuyanın içinə, ya da ikinci mərtəbənin döşəməsinə düşürsən. Burada elə gizli qapı və pəncərələr var ki, gözə görünmədən yan otaqda baş verən hər şeyi izləyə bilərsiniz.

Sara Vinçester 1922-ci ilin sentyabrında 85 yaşında vəfat edir. Deyirlər ki, bu tikintilər onun ölümünü gecikdirdi, əvəzində isə seyfdə pul qalmadı. Seyfi açanda oradan xanım Vinçesterin ərinin və körpə qızının saçları, onların ölümlərini təsdiqləyən sənədlər və 13 bənddən ibarət 13 dəfə yazılmış vəsiyyət vardı. Evin taleyi barədə isə vəsiyyətnamədə heç nə deyilmirdi…

Ola bilər ki, bu dediklərimiz sizə dramatik, “barıtını bir az çox ediblər”, — deyə fikirləşənlər üçün isə satirik gələ bilər. Amma əmin olun ki, bütün bunlar satiro-dramatik həqiqətdir.

Mistik Evlər

Hlemis – ruhların qəsri
Şotlandiyada bir neçə əsr bundan əvvəl bir-birinə düşmən olan və müharibə aparan iki tayfa – Oqilvalar və Lindseylər yaşayırdı. Müharibəni uduzduqlarını görən Oqilvalardan bir neçəsi Hlemis qəsrinin sahibəsindən xahiş edir ki, onlara sığınacaq üçün yer versin. Sahib onları içəri buraxır, amma Lindseylərin intiqam almalarından, onun özünə zərər verəcəklərindən qorxub “qonaqları” qəsrin gizlin otaqlarının birində yerləşdirir və qapını qıfıllayır. Özü də heç vaxt onlara baş çəkmir. Qonaqlar “unudulur”...

Mistik Evlər

Bir neçə onillikdən sonra Hlemis qəsrinin yeni sahibləri bu gizlin otaqdan səslər eşidirlər. Qapının qıfılını sındırıb içəri girəndə orada skeletlər görürlər. Deyirlər ki, sümükləri burdan çıxarıb dəfn etdikdən sonra belə qapı hələ də taqqıldayırmış. Sanki otaqda kimsə qalıb və səylə oradan çıxmaq istəyir.

Evin sahibəsi xanım Hlemis sonralar cadugərlikdə ittiham olunaraq diri-diri yandırılıb.

Qoca qulların evi — İllinoys
1838-ci ildə tikilən bu villanı “qoca qulların evi” adlandırırlar. Mülkün köhnə sahibi Con Krenşounun biznesinin irəliləməsi üçün işçi qüvvəsinə ehtiyac vardı. O, bu problemin həllini asanlıqla tapır: Krenşounun əlaltıları əvvəllər qul olan böyük bir ailəni “ələ keçirirlər”. Onların əllərini qandallayıb, zirzəmiyə salırlar. Qulları həmişə ələ salır, döyür və ac saxlayırdılar.

Bir müddətdən sonra Krenşou evi satır. Evin yeni sahibi isə hər gün paranormal hadisələr görür. Əsəbləri tab gətirmir və evi tərk edir. Onu da deyək ki, mülkün sahiblərindən heç biri burada bir gündən artıq qala bilməyib. Səhər günəşin doğmasına az qalmış hamısı qorxu dolu hisslərlə evi tərk ediblər.

Mistik Evlər
Bir vaxtlar villa turistlər üçün açıq idi. Təəssüf ki, hazırda Birləşmiş Ştatların mülkü sayılan bu evə giriş qadağandır.

“Historikal” Alyaska
Xarici görünüşünə görə bu qəsr heç də ruhlarla dolu olan evə oxşamır. Hazırda qəsr otel kimi istifadə olunur. Maraqlıdır ki, həm otelin xidmətçiləri, həm də buranın qonaqları üçün ruhları görmək adi hala çevrilib. “Historikal” qəsrinin ən məşhur ruhu isə gələcək ərinin evlənəcəkləri gün başqasıyla qaçdığını bilib, gəlin paltarında özünü asan qıza məxsusdur.
Mistik Evlər

Otelin müştəriləri deyirlər ki, tez-tez divardakı şəkillər yerə düşür; pərdələr öz-özünə cırılır. Köhnə qəsrin inzibatçısı otelə daha çox müştəri cəlb etmək üçün onlarla “doğmalaşan” ruhlarla bağlı jurnal belə çıxarıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    Çox maraqla oxudum,bu tip kinolar olanda da maraqla baxıram.Orda olub özüm o şeylərin şahidi olmağı çox istərdim )) Təşəkkürlər maraqlı xəbərə görə
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.