▲Zaman...Ömür və...Biz▼

06 Nisan 2015
1 553
0
▲Zaman...Ömür və...Biz▼
▲Zaman...Ömür və...Biz▼

▲Zaman...Ömür və...Biz▼




Səhih-i Müslim və Buxari kimi hədis kitablarında rəvayət edildiyinə görə, Rəsulullah (sas) ondan nəsihət istəyən bir çox müsəlmana “Bir qohumun ölmədimi? Sizin tərəflərdə kimsə ölmürmü? Ölüm nəsihət olaraq yetməzmi?” buyuraraq, bu müsəlmanlara ölüm həqiqəti ilə nəsihət etmişdir. Belə ki, Qurani Kərimin üç ayrı yerində zikr edilən “Hər kəs ölümü dadacaqdır” (3:185; 21:35; 29:57) İlahi xəbərdarlığında da insanlara bu ölüm həqiqəti xatırladılır.
Niyə?
Niyə bu İlahi mesaj və Rəsulullah (sas) bizlərə ölümü xatırladır?
Dünyaya və dünya həyatımıza arxa çevirib, bütün diqqətimizi ölüm və ölümdən sonrakı hadisələrə çəkmək üçünmü?
Kəfənimizi və tabutumuzu hazırlayıb ölüm vaxtını gözləmək üçünmü?

Təbii ki, yox... Ölüm həqiqətinə diqqəti çəkmək öləcəyimizi və ölümdən sonra qarşılaşacaqlarımızı düşünərək, yaşadığımız anların, yaşadığımız zamanların, yaşadığımız ömrün qiymətini bilməyimiz üçündür. “Ölmədən öncə ölün!” nəsihəti də heç şübhə yoxdur ki, özümüzü ölü yerinə qoyduqdan sonra dirilmək üçün qiyaməti və həşr olunmağı gözləmək üçün deyil. Bu nəsihət ölüm həqiqətini yaxından hiss edərək, həyatı və yaşanan fürsətləri idrak edə bilməyimiz üçündür. Belə ki, Rəsulullah (sas) yaşadıqları zamanın qiymətini bilməyənlərlə belə demişdir: “İki nemət var ki, insanların çoxu bu neməti istifadə etməkdə aldanmışlar; Səhhət və boş vaxt” (Buxari – 2019)
Burda müsəlmanlara xəstəlikdən öncə sağlığın, ölümdən öncə isə yaşadığı həyatın və yaşadığı zamanların dəyəri xatırladılır.




▲Zaman...Ömür və...Biz▼




Çünki eyni zaman dilimini, müsəlmanlarla, münafiqlərlə, kafirlərlə və hətta heyvanlarla birlikdə yaşayırıq. Məsələn otladıqdan sonra bir tərəfə çəkilib asta-asta gövşəyən bir inəyə baxın. “Bu inək üçün zaman qiymətlidir!” deyə bilərsinizmi? Halbuki müşriklərin və kafirlərin yaşadıqları zamanı necə və hansı əməllərlə keçirdiklərinə baxaraq, gövşəyən inəklərin zamanlarını daha təmiz və faydalı keçirdiyini görə bilərsiniz. “Kaş ki, onların da zamanı inəklərin yaşadıqları zamanlar kimi təmiz olsaydı!” deyə bilərsiniz.
Lakin məsələni özümüzə görə dəyərləndirdiyimiz zaman, müsəlmanlar olaraq bizlərin vəzifəsi; yaşadığımız zamanı həqiqi mənada dəyərləndirməyimizdir. Zamanın dəyərini bilərək, zamanı həqiqi mənada dəyərləndirmək isə şübhəsiz ki, yaşanan zaman kəsiyində dəyərli şeylərin, dəyərli əməllərin edilməsi ilə mümkündür. İlahi mesajda bəyan edilən ölüm və ölüm sonrası hesabını düşünərək etdiyimiz və edəcəyimiz bütün Rəbbani əməllər yaşadığımız və yaşayacağımız zamanları dəyərləndirəcək, dəyərli edəcək əməllərdir. Belə ki, hesabını verə biləcəyimiz anlar, hesab şüuru ilə yaşadığımız belə anlardır.

Başqa sözlə hər gün öz nəfsimizə yönəltdiyimiz “Bu gün Allah üçün nə etdin?” sualını deyil, “24 saat ərzində Allah üçün etməli olduqlarından nələri etmədin?” sualını cavablandırmalıyıq. Çünki möhtəşəm hesab günündə Allah üçün etdiklərimizdən deyil, etməli ikən etmədiklərimizdən hesaba çəkiləcəyik.
İlahi mesaj, bütün bunları idrak edə bilməyimiz, yaşadığımız zamanın qiymətini anlamağımız üçün bizlərə ölüm həqiqətini xatırladır. Önəmli olan məsələlərdən biri də odur ki, bizə öləcəyimizi xatırladan bu ilahi mesajlar nə zaman öləcəyimizi bildirməyib. İnsan ömrü bəlli bir müddət ərzində standart hala gətirilməyib. Bunun hikməti, ölümün hər an gələ biləcəyini anlayaraq buna hazılıqlı olmağımızı təmin etmək üçündür.

Bilirikmi?
Bu şüurla yaşayırıqmı?
Etməli olduğumuz xeyirli əməllərdə bu şüurla hərəkət edib tələsirikmi?
Halbuki, bu şüura sahib olaraq bütün xeyir əməllərdə tələsməli deyilikmi?
Məsələn; nə zaman partlayacağı bəlli olmayan saatlı bombanın yanında dayanmış olsanız onun əqrəblərini geri çəkmək üçün tələsməzsinizmi? “Necə olsa da hələ partlamaz deyib o saatlı bombanın yanında çay içib, söhbət etməyə və ya üç-beş qəpik pulunuzu mal sevgisi ilə təkrar-təkrar saymağa, ya da televizor seyr etməyə davam edərsinizmi?
Və ya zəngin nə zaman çalacağını bilmədiyiniz bir imtahanda olsanız, bildiyiniz cavabları yazmağa tələsməzsinizmi? Ya yanınızdakılarla zarafat edib “oğlum adam olacaq, gözəl-gözəl baxacaq, daha sonra yazacaq...” laylasını oxuyacaqsınız? Ya da xəttiniz incə və gözəl olsun deyə davamlı qələmini yontan, əslində ömrünü yontmaqda olanlar kimi davranacaqsınız?

Halımıza baxaraq,
yaşadığımız zamanı necə keçirdiyimizə baxaraq, özümüzə gəlməyin vaxtı yetişmədimi?
Yoxsa insan ömrünü uzun hesab edirik? “Bu gün olmasa sabah olar” deyərkən daha çox zamanlar, daha çox sabahlar yaşayacağımızımı zənn edirik?
Halbuki insan ömrü, həqiqətləri anlayacaq qədər uzun, edilməli olanları gecikdirməyəcək qədər qısadır. Belə ki, Qurani Kərimdə; “Və onlar orda belə fəryad edəcəklər: “Rəbbimiz, bizi xilas et! (söz veririk ki) etdiklərimizdən daha faydalı əməllər edəcəyik” Sizə orada (dünyada) nəsihət ala biləcək olanın nəsihət ala biləcəyi qədər uzun ömür vermədikmi? Hələ bir xəbərdar edən də gəlmişdir. Elə isə dadın (əzabı). Zalımlara kömək edən olmaz” (Fatır, 37) buyuruğu ilə ömrün həqiqətlərini düşünə biləcək qədər uzun olduğu bəyan edilərkən, saleh əməlləri gecikdirməyəcək qədər qısa olduğuna da işarə edilmişdir.
Bu gün “insan ömrü uzundur, yoxsa qısa?” sualı ətrafında tədqiqat aparsaq bu suala fərqli cavablar veriləcək. Lakin huzuru-məhşərdə verilən cavablar eynidir...
Qiyamət saatının qopacağı gün, günahkarlar bir saatdan artıq (dünyada) yaşamadıqlarına and içərlər. (Rum, 55)
Gündüzün bir saatından başqa heç ömür sürməmişlər kimi bir yerə toplanacaqları gün onlar bir-birilərini tanımış olacaqlar. (Yunus, 45)
Ayədəki şəxslərin yaşadıqları ömürlə bağlı olan söz, həqiqi zaman anlayışına görə doğru bir sözdür. Belə ki, Rəbbimiz “...Həqiqətdə sənin Rəbbinin qatında bir gün sizin saymaqda olduğunuz min il kimidir” (Hacc, 47) buyuraraq, bizlərə həqiqi zaman anlayışını bildirir. Peyğəmbərlər bu həqiqəti dünya həqiqətini yaşayarkən idrak etmişdilər. Rəsulullahın (sas) dünya həyatı ilə bağlı olaraq “Mən səhradakı bir ağacın altında bir saat dincələn yolçu kimiyəm” deməsi, dünya həyatına bu həqiqət pəncərəsindən baxdığına işarədir.

Müsəlman olaraq bizlərin də bu həqiqəti öldükdən sonra deyil, ölümdən öncə qavramağımız vacibdir. Həqiqi zaman anlayışına görə bir saatlıq olan bu ömrü, Allahı razı edəcək əməllərlə, zikirlərlə gözəlləşdirərək dəyərləndirməliyik.

Cəhənnəmliklər yaşadıqları fürsətin dəyərini, bu fürsəti əldən verdikdən sonra anlayanlardır. Dünyada ikən televizor, kino və fərqli əyləncələrlə vaxt öldürən bu insanlar öldürdükləri vaxtın dəyərini yalnız o zaman anlayacaqlar. Belə ki, onlara verilən fürsətlərin dəyərini yalnız öldükdən sonra anladıqları üçün, bu fürsətləri yenidən yaşamaq və yenidən dünyaya dönmək istəyərlər.
Günahkarları Rəblərinin hüzurunda başları önə əyilmiş olaraq: “Rəbbimiz gördük və eşitdik; indi bizi (yenidən dünyaya) göndər, saleh əməllər işləyək, artıq biz həqiqətən inananlardanıq (deyə yalvardıqlarında) bir görsən.” (Səcdə, 12)
Dünyaya dönmək istəyən bir də şəhidlərdir: “Ya Rəbbimiz! Bizi dünyaya göndər, yenidən şəhid olaq, yenidən şəhid olaq, yenidən şəhid” deyərlər.
Bunu niyə edərlər?
Bildiyimiz kimi şəhidlər, Rəbbimizin qatında nemətlərlə -dirilməkdədirlər. Şəhadətin həqiqi əvəzi olan cənnətlə hələ ki, qarşılaşmayan, sadəcə bəzi nemətlərlə nemətlənən bu insanlar, onlara verilən bu nemətlərin qarşısında Allahın (c.c.) qədrini və qiymətini daha yaxından hiss edərək, daha yaxşı idrak edəcəklər.
Belə bir Rəbbimiz üçün, beləsinə gözəl bir Rəbbimizin razılığı üçün “Daha bir can, daha bir can, daha bir can verək” deyərək, bu arzularını dilə gətirəcəklər.
Rəblərini razı salmaq üçün təkrar-təkrar şəhid olmaq istəyəcəklər. Bir daha şəhid olmaq üçün yeni bir fürsət əldə etmək istəyəcəklər. Çünki belə bir fürsət çox gözlə bir fürsətdir. Çünki belə bir fürsət, hər gözəl şeyin olduğu cənnətdə belə olmayan bir fürsətdir.
Çünki cənnət belə, Allahı razı edə biləcəyimiz belə vaxtlar, belə fürsətlər yoxdur.

Aləmlərin Rəbbi olan Allahı (c.c.) razı etməyi, razı edilməkdən daha çox sevən mömünlər üçün, Allahı razı edə biləcəkləri bu vaxtlar, cənnət vaxtlarından daha sevimlidir.
Və bizlər,
Allahı razı salmaq istəyən biz möminlər, cənnətdə belə tapa bilməyəcəyimiz bu fürsətləri yaşayırıq. Sevdiyimiz Rəbbimizi razı sala biləcəyimiz bu anları, bu zamanları yaşayırıq.





▲Zaman...Ömür və...Biz▼




Bax, həm bu anların içində olduğumuzu, həm də bu anların bitəcəyini bilməyimiz lazımdır.
Yaşadığımız anlara, özümüzə, dünyaya və dünyanın içindəkilərə bu şüurla baxmalıyıq.
Məsələn xəstələnərək həkimə gedən və müayinədən sonra Öləcəyini Öyrənən insanın vəziyyətini heç düşündünüzmü?
Bu insanın dünyası və dünyaya baxışı bir anda dəyişir. Sevdiyi bir çox şeyə qarşı sevgisini itirir. Mənalı hesab etdiyi bir çox şey mənasını itirir. Bu an özünə dərd etdiyi çox şeyin dərd olmadığını öyrənir, qorxduğu bir çox şeydən qorxmamağa başlayır. Əlli il işləyərək qazandığı milyonları əlli gün daha artıq yaşamaq üçün xərcləmək istəyir.
Bu insan müsəlmansa,
təəssüf ki, müsəlmanlarda da dəyişikliklər olur. Ölüm xəbərinə hər an hazır olan bu xəbəri hər an gözləyən bir müsəlmanda olmaması lazım olan dəyişikliklər, günümüzdəki bir çox müsəlmanda olacaq.
Ölüm xəbərini alan bu müsəlman bir anda özünə gələcək. Öldükdən sonra hesaba çəkiləcəyini bildiyi üçün, başını arxaya çevirərək hesab verəcəyi yaşantısına baxar. Sevdiyi Rəbbi üçün etmədiyi, sabaha saxladığı bütün gözəl əməllər bir dağ kimi gözlərinin önündə canlanar...
Ağlamağa, hönkür-hönkür ağlamağa başlayar...

Öləcəyi üçün deyil, amma! Heybəsini gözəl əməllərlə doldurmadığı üçün, köksünü və könlünü gərə-gərə “Ey gözəl Allahım, ey gözəl Rəbbim, mənə lütf etdiyin ömrümlə sənə bu əməlləri gətirdim” deyə bilməyəcəyi üçün ağlayar...
Təbii ki,
Bütün bunlar gecikmiş bir idrak, gecikmiş bir göz yaşlarıdır.
O halda sizlər
Gec qalmayın, gecikməyin!
İndi gülüb, ölərkən ağlayanlardan deyil, indi ağlayıb ölərkən gülənlərdən olun...
Vaxtı öldürən ölülərdən deyil, diri əməllərlə vaxtı dirildən dirilərdən olun...
Çünki sizlərə bir həkim, bir professor, bir kahin deyil,
Sizləri yaradan Allah və Onun Rəsulu (sas) xəbər verir:
ÖLƏCƏKSİNİZ!...




Mənbə-azerislam.com

▲Zaman...Ömür və...Biz▼
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.