Şükür haqqında
Allahın verdiyi nemətlərə görə şükür etmək hər bir bəndənin borcudur. İnsan ona nemətlər bəxş edən Allaha minnətdar olduğunu qəlbən etiraf etməli, dili ilə Ona şükür etməli və yalnız Ona ibadət etməlidir. Uca Allah buyurur: “Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (əl-Bəqərə, 152).
Qiyamət günü nemətlər barəsində soruşulacaq
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Uca Allah Qiyamət günü buyuracaq: “Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlərdən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?”
Ən gözəl nemətlər hansıdır?
Allah Elçisi demişdir: “Şükür edən qəlb, zikr edən dil, əməlisaleh zövcə dünya və dini işlərdə sənə kifayət edər və bu, insanların yığdıqlarından daha xeyirlidir”.
Allaha layiq olan şükür nədir?
Abdullah ibn Səlamın rəvayətinə görə Musa peyğəmbər demişdir: “Ey Rəbb! Sənə layiq olan şükür nədir?” Allah buyurdu: “Ey Musa, dilin Məni zikr etməkdən qurumasın!”
Allahın nemətini etiraf etmək şükür etməkdir
Peyğəmbər buyurdu: “Kimə bir nemət verilər və o, bu neməti dilə gətirərsə, şükür etmiş olar, onu dilə gətirməzsə, nankorluq etmiş olar”. (Əbu Davud, 4814).
Allah Elçisi demişdir: “Allahın neməti barəsində danışmaq şükür, danışmamaq isə nankorluqdur. Aza şükür etməyən çoxa da şükür etməz. İnsanlara şükür etməyən, Allaha da şükür etməz. Müsəlman camaatı bərəkət, ayrılıq isə əzabdır”.
Möminin işi qəribədir!
Allah Elçisi demişdir: “Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömindən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu, onun üçün xeyir olar”. (Muslim, 2999).