İslamda yoLdaş MünasibətLəri

01 Ekim 2014
4 994
0
İslamda yoLdaş MünasibətLəri
İslamda yoLdaş MünasibətLəri




İslamda qadının ərinə itaət məsələsi Quranda təsbit edilib: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar.” (Nisa, 34).

Təəssüf ki, bəzən ailə quran gənclər bu ayəni oxuyub evlərinə ömür-gün yoldaşı, sirdaş, dar gündə dayaq deyil, bazardan qul alıb gətirdiklərini düşünürlər. Buna da səbəb onların “itaət” sözünü səhv anlamalarından irəli gəlir. Əslində isə, şəriətə görə, qadınların ərlərinə 2 məsələdə sözsüz itaətləri vacibdir: cinsi tələbatın ödənməsi və evdən kənara çıxmaq. Digər məsələlərdə qadınlar da ailədə söz sahibi olmalı, alternativ fikir söyləmək hüququna malikdirlər. Kişinin yumruğu masaya çırpıb “Zülümov dedi, qurtardı!” davranışı da qəbul edilə bilməz. Burda “milli mentalitetimiz” bəhanəsi də keçərli deyil. Hansı mentallıq Allahın buyurduğunu geridə qoya bilər ki? Bəli, əsirlər boyu, elə indi də Azərbaycan ailələrinin konkret düzəni, qaydaları var. Müəyyən fərqliliklər ola bilər, ancaq əsas müddəalar eynidir. Bu da zorakılıqdan, qorxudan, sərt davranışdan, kobud fiziki qüvvənin tətbiqindən irəli gəlmir. Əksinə, tərəflərin qarşılıqlı hörmət və anlaşıqlığı üzərində təşəkkül tapır.

Dindar ailələr üçün isə ən böyük örnək Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə.) ittifaqıdır. Hər bir ər həyat yoldaşı ilə davranışlarına məhz bu İlhai cütlük standartları ilə yanaşmalıdır. Tam o səmimiyyəti, məhəbbəti, mülayimliyi, fədakarlığı əldə edə bilməsə də, heç olmasa bu zirvələrə can atsınlar. Mərhum Nəzibə Zeynalovanın səhnə qəhrəmanının ifadəsini bir qədər dəyişdirərək “arvad mənim süpürgəmdi, hara qoysam orda da qalmalıdı” şüarını öz həyat kredosu edən kişilər nəinki qarşı tərəfi, özlərini də bədbəxt edirlər. Belə hörmətsizliyə, kobudluğa, qabalığa dözüb uşaqlarınamı, valideynlərinəmi, ya Allahamı xatir ailələrini dağıtmayan qadınlarımız, təəssüf ki, kifayət qədərdir. Onlara biçilən “qabyuyan”, “yeməkbişirən”, “dayə”, “tozsoran” və s. bu kimi funksiyalarla barışıblar. Amma əslində belə olmamalıdır. Onlar bu işləri görürlərsə də, ən azından qarşı tərəfin anlaşıqlı davranışını da haqq ediblər. Ərlər yuxarıda qeyd etdiyimiz ayəni əllərində bayraq edib həyat yoldaşlarının güzaranını zəhərə döndərməməlidirlər, ən azından bu ayəni də hərdən tilavət etməlidirlər: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir” (Rum, 21).

Bəli, sevgi və mərhəmət. Quranın bir ayəsini qəbul edib “ləbbeyk” deyən, digərinə isə arxa çevirənin İslamda konkret tərifi mövcuddur ki, bu yazıda onu qeyd etmək istəməzdik. Kişilər onların tərli paltarlarını, “ətirli” corablarını yuyan, qarşılarına yemək gətirən, soyadlarını fəxrlə verdikləri övladlarına tam təmannasız qulluq edən varlıqlara layiq olduqları dəyəri verməlidirlər, onlara “sevgi və mərhəmət” bəxş etməlidirlər. Əks təqdirdə Allahın Quranda aşkar ayəsinə etinasızlıqlarına görə elə Quranın Sahibinə cavab verməli olacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.