Qədir Xumda son kəlmənin əhəmiyyəti

24 Ağustos 2018
1 961
0
Qədir Xumda son kəlmənin əhəmiyyəti
Qədir-Xum bayramının əhəmiyyəti bəlkə də toplumun düşüncəsinin fövqündədir. Mövla Əli (ə) vilayəti ilə tamamlanan dinin daşıyıcısı olmaq - böyük şərəf və məsuliyyətdir. Bütün zamanların İlahi hüccətlərinin onlara edilən zülmlərə sinə gərməsi, məhz bu günün reallaşması üçün idi. Qədir-Xum - "Böyük bayram" ("Eydul-əkbər") ilə bağlı bir mövzuya işıq salmağa çalışaq.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, Qədir-Xum hadisəsi ilə bağlı ən çox bəhs edilən ayələr - təbii ki, hadisə öncəsi və sonrası nazil olan "Maidə" surəsinin 67-ci: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" və həmin surənin 3-cü: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne´mətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim" ayəsidir.

Bu ayələrə bu gün fərqli müstəvidən baxmağa çalışaq. Belə ki, ilk nazil olan ayə - "Maidə" 67-də mühüm mövzular qeyd edilib. Bu mövzulardan biri təbii ki, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan" xitabıdır. Bu ayədən də göründüyü kimi, Allah Təala Öz Rəsulundan (s) müəyyən bir mövzunun çatdırılmasını istəyir. Əslində mövzunun nə qədər mühüm olması ilə bağlı çox geniş izahlar olub. Amma bu gün biz mövzunun digər hissəsinə toxunmaq istəyirik. Mövzu, "Əgər etməsən, risalətini yerinə yetirmiş olmazsan" xitabı ilə bağlıdır.

Məlum olduğu kimi, Rəsulallah (s) 23 il ərzində dinin təbliği ilə bağlı çox çətin şəraitlərə səbir etməli olub. Bu ayənin də son nazil olan ayələrdən olduğunu nəzərə alsaq, daha fərqli bir mənzərə göz önündə canlanır. Rəsulallah (s) 23 il ərzində - 13 illik Məkkə və 10 illik Mədinə dönəmində - ağrılı-şirinli çox dönəmlər yaşayıb. O, Kəbə ətrafında yeni kəsilmiş dəvə içalatının o Həzrətin (s) üstünə atılan günləri, küçələrdə başına toz tökülən günləri, Taifdə atılan daşlardan müqəddəs vücudunun qana bulaşdığı günləri, "Əbutalib dərəsi"ndə qaldığı 17 aylıq iqtisadi böhranlı günləri, Həzrət Zəhranın (s.ə) əziz atasının üst-başını göz yaşı ilə təmizlədiyi günləri hələ də xatırlayırdı.

Mədinə dönəmində Bədrdə, Ühüddə, Xəndəkdə itirdiyi səhabələr, müsəlmanların o qədər də yaxşı olmayan iqtisadi durumlarında etdikləri fədakarlıqlar - bunlar və bir çox digər mövzular - 23 ili İlahi dərgahda dəyərli edən mövzulardır. Ayədə deyilir ki, əgər son ismarıcı çatdırmasan, bunlar əhəmiyyətini itirəcək. Mövzunun ciddiliyi və son mesajın İslamın bu vaxta qədər çatdırdığı bütün mesajları ilə müqayisə edilə biləcək bir dəyərə sahib olması inkar edilə bilməz.

Bir addım da irəli gedək...

Rəsulallah (s) 124 min peyğəmbərin sonuncusudur. Allah Təala 123 999 peyğəmbəri (ə) məhz sonuncu kamil dininin yayılması üçün şəraitin yaradılması üçün vəzifələndirdiyini desək, yəqin ki, səhv etmərik. Yəni, bütün peyğəmbərlər (ə) Həzrət Muhəmməd (s) üçün mübəlliğlik edərək, Allah dərgahında kamil olaraq seçilən dini yayması üçün estafeti birindən digərinə verib.

Bütün peyğəmbərlərin etdikləri o vaxt əsil hədəfinə çatacaqdı ki, sonuncu estafeti götürən rəsul - Həzrət Muhəmməd (ə) vəzifəsini layiqli şəkildə icra etsin.

Təsəvvür edək: çox mühüm bir idman müsabiqəsində estafeti bir-birinə ötürən idmançılar sonuncu mərhələdə olan idmançıya qədər hər şeyi ideal yerinə yetirdilər. Amma sonuncu finiş xəttini keçəcək idmançı lazımi performansı göstərə bilməsə, digər idmançıların etdiklərinin bir anlamı qalmır.

Yəni, Allah Təala Qurani-Kərimdə qeyd etdiyimiz ayədə dolayısı ilə buyurur ki, əgər son mesaj çatdırılmasa, 123 999 nəbinin (ə) də etdikləri mənasını itiricək.

Allah Rəsulu (s) da o mesajı elə bir kamil şəkildə çatdırır ki, mesaj düz Qiyamətə qədər pak qəlblərdə öz hərarətini qoruyub saxlayacaq.

Allah bizi tamamladığı neməti ilə kamilləşdirdiyi dininin layiqli daşıyıcılarından qərar versin, inşəallah!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.