İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

08 Ocak 2015
1 752
0
İmam Cavadın (ə) əxlaqi səciyyələrindən
İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

İmam Cavadın (ə) əxlaqi səciyyələrindən

İmam Cavad (ə) yaşca kiçik olmasına baxmayaraq elm, səbr, fəsahət, ibadət və başqa cəhətlərdən misilsiz idi. Onun hər tərəfli istedadı, bəlağətli danışığı vardı. Elmi məsələlərə bədahətən cavab verərdi. Ata-babaları kimi təmizliyə çox diqqətli idi.

Bərəkətli məktub

Bost və Sistan əhlindən olan Bəni-hənifəli şəxs belə nəql edir: Mən Həccə getdiyim il Mötəsimin hakimiyyətinin başlanğıcına təsadüf edirdi. İmam Cavadla (ə) yoldaş oldum. Süfrə arxasında əyləşmişdik. Abbasi hakiminin dostlarının hüzurunda həzrətə dedim: "Sənə fəda olum, bizim hakim və valimiz sizin vilayətinizə sadiq və dost bir şəxsdir. Mənim ona VERGIborcum var. Sənə fəda olum, əgər məsləhət bilsəniz ona bir məktub yazın mənə güzəşt etsin.” Həzrət buyurdu: "Onu tanımıram!” Dedim: "Sənə fəda olum, həmin şəxs siz Əhli-beytin dostlarındandır və yazacağınız məktub çox faydalı olar.” Nəhayət, həzrət kağız götürüb yazdı: "Bismillahir-Rəhmanir-Rəhim. Bu məktubu gətirən sizi yaxşılıqla xatırlayır. Əməllərindən sənə qalan yalnız yaxşılıq olacaq. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala zərrəcə əməlini də sorğuya çəkəcək.”
Məktubu aparan deyir: Məktubun xəbəri valiyə məndən qabaq çatmışdı. Məntəqəmizin valisi Hüseyn ibn Abdullah Nişapurinin göstərişi ilə məni şəhərdən iki fərsəx aralıda qarşıladılar. Məktubu ona təqdim etdim. Öpüb gözlərinin üstünə qoydu. Mənə dedi: "İstəyin nədir?” Dedim: "Dəftərxananıza borcum var. Onu ödəməkdə acizəm.” Göstəriş verdi ki, mənim VERGI borcumu silsinlər. Sonra dedi: "Nə qədər ki, mən valiyəm vergi vermə.” Sonra məndən ailəm haqqında soruşdu. Göstəriş verdi ki, ehtiyacımızı ödəsinlər. Nə qədər ki, həmin vali sağ idi, vergi ödəmədim və ehtiyacımız lazımınca ödəndi. Məzluma himayədarlıq
Əli ibn Cüreyr deyir: İmam Cavadın (ə) xidmətində əyləşmişdim. İmama məxsus bir qoyun itmişdi. Qonşulardan birini oğurluqda ittiham edib həzrətin yanına gətirdilər.
İmam buyurdu: "Vay olsun sizə, tez onu buraxın. O oğurluq etməyib. Qoyun filankəsin evindədir, gedin gətirin!” Deyilən ünvana gedib qoyunu gətirdilər. Ev sahibi oğru kimi yaxalandı. Onu lazımınca kötəklədilər. Həmin şəxs and içdi ki, qoyunu oğurlamayıb. Onu imamın hüzuruna gətirdilər. Həzrət buyurdu: "Nə üçün ona zülm etmisiniz? Axı qoyun özü ondan xəbərsiz həyətinə daxil olub. Sonra imam onun könlünü alıb dəymiş ziyanı artıqlaması ilə ödədi.

İmam Cavadın (ə) vüqar və mətanəti

Deyirlər ki, imam Rizanın (ə) şəhadətindən sonra Məmun özünü paka çıxarmaq üçün imam Məhəmməd Təqiyə (ə) məktub yazıb ehtiram göstərərək yanına dəvət etdi. İmam Bağdada gəldi. İmam onunla görüşməmiş ova çıxdı. Yolda bir dəstə uşaqla rastlaşdı. Onlar yolun ortasında dayanmışdılar, imam Cavad (ə) da onlarla idi. Uşaqlar Məmunun dəstəsini görüb pərən-pərən düşdülər. İmam isə hərəkətsiz dayanmışdı. Nəhayət Məmun gəlib çatdı. O qarşısında dayanmış uşağın mətanətinə heyran qalıb soruşdu: "Nə üçün o birilər kimi yoldan çəkilmirsən?” İmam buyurdu: "Ey xəlifə! Yol dar deyil ki, kənara çəkilim! Günahım da yoxdur ki, səndən qaçım. Güman etmirəm ki, günahsızı cəzalandırasınız!” Uşağın sözləri Məmunu təəccübləndirdi. Uşağın hüsn-cəmalı onu özünə cəzb etdi. Soruşdu: "Adın nədir?” Həzrət buyurdu: "Adım Məhəmməddir!” Məmun soruşdu: "Kimin oğlusan?” Həzrət buyurdu: "Əli ibn Musa Rizanın oğlu!” İmamın adını eşidən Məmunun təəccübü bir anda aradan götürüldü. Öz əməlinə görə xəcalət çəkdi. İmamın pak ruhuna salam göndərib yoluna davam etdi. Səhraya çatanda bir quş görüb onun ardınca qızılquş uçurdular. Qızılquş bir müddət gözə dəymədi. O geri qayıdanda caynağında hələ də diri olan kiçik bir balıq vardı. Məmun gördüyü səhnədən təəccübləndi. Balığı əlinə alıb geri döndü. İmam Cavadla rastlaşdığı yerə çatdıqda yenə uşaqların pərən-pərən düşdüyünü gördü. İmam isə əvvəlki kimi yerində dayanmışdı. Məmun dedi: "Məhəmməd, əlimdəki nədir?” Həzrət buyurdu: "Allah bir çox dənizlər yaradıb. Buludlar həmin dəryalardan qalxır və özü ilə kiçik balıqları qaldırır. Padşahların qızılquşları onları ovlayır. Onlar həmin balığı əllərində tutub peyğəmbər ailəsini imtahana çəkirlər!” İmamın cavabından heyrətə gəlmiş Məmun dedi: "Həqiqətən sən Rizanın oğlusan! Onlardan bu sayaq qeyri-adi işlər görmək təəccüblü deyil!”

Batil əhlinin hiyləsi

Məmun hər cür hiylə işlədirdi ki, imam Cavadı (ə) özü kimi dünyapərəst etsin, nəfs istəklərinə yönəltsin. Amma onun hiylələri heç bir səmərə vermirdi. Nəhayət Məmun qərara gəldi ki, öz qızını imama ərə versin. Məmun göstəriş verdi ki, gözəlliyi ilə seçilən yüz kəniz əllərində cəvahir dolu sini tutub bəy otağında həzrəti qarşılasınlar.
Amma imam Cavad həmin kənizlərə zərrəcə diqqət yetirmədi. Məmun xoş avazlı bir müğənni çağırdı. Müğənni dedi: "Ey Əmirəl-möminin! Əgər mənim işim imam Cavadı dünyaya rəğbətləndirməkdirsə, bunu bacararam.” Sonra müğənni imamın qarşısında oturub oxumağa başladı. Belə ki, bütün ev əhli onun səsinə yığışdı. Müğənni rübab çalıb məlahətli səslə oxuyurdu. Amma imam bir saat davam edən musiqiyə zərrəcə diqqət yetirmədi. Musiqi başa çatdıqdan sonra həzrət buyurdu: "Allahdan qorx, ey uzunsaqqal kişi!” İmamın buyuruğundan sonra rübab müğənninin əlindən düşdü. Məmun ondan soruşdu: "Sənə nə oldu?” Dedi: "İmam mənə səsini qaldırdığı vaxt elə titrədim ki, bir daha özümə gəlmərəm!”

İmam Cavad (ə) haqqında Şafeinin nəzəri

Kəmaləddin Şafei böyük sünni alimlərindəndir. O imam Cavad haqqında yazır: "O (imam Məhəmməd Cavad) ikinci Əbu Cəfər Məhəmməddir. (Birinci Məhəmməd Baqir, ikinci Məhəmməd Təqi) O uca məqama malikdir. Adı dildən-dilə gəzir. Onun geniş qəlbi, iti baxışı və şirin bəyanı hamını özünə cəlb etmişdi. Az yaşasa da uca məqama çatmışdı, onu görən özündən ixtiyarsız baş əyirdi. Onunla görüşən elmindən faydalanırdı. O ətrafdakıların bəhrələndiyi nur çeşməsi idi. Ağıl və zehn onun elm və mərifətindən faydalanırdı.”

Mənbə: "Əhli-beyt (ə)" kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.