Monitorlardan düzgün istifadə etməsəniz...

15 Haziran 2018
1 283
0
Monitorlardan düzgün istifadə etməsəniz...
Gözlər orqanizmin ən təsirli və cazibədar hissələrindən biridir, onu bəzən "qəlbin aynası" da adlandırırlar. Aristotelin təbirincə, göz təbiətin mahiyyətini saxlamağa imkan verən və bizə daha çox məmnunluq gətirən hiss orqanıdır.

İnsan gözündə 107 milyona yaxın hüceyrə var. Gözlər saniyədə 50 əşyaya fokuslana bilirlər. Gözdə əmələ gələn görüntünün ən kiçik hissəsini-ən kiçik vahidini piksellə ifadə edirlər. Piksellərin sayı nə qədər çoxdursa, əsl görüntü barəsində informasiya da o qədər dəqiq olur.

Feat.Az bildirir ki, mövcud göz xəstəlikləri, bu orqanın qorunması və görmə qabiliyyətinin saxlanılması haqqında AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vəfa Məmmədova məlumat verib.



- Son vaxtlar eynəkdən istifadə edənlərin sayı xeyli artıb. Sizcə bunun səbəbi nədir?


-Əvvəla onu qeyd edim ki, aydın görmənin uzaq nöqtəsi sonsuzluqda yerləşir. Yəni sağlam gözün görmə potensialı yüksək olmalıdır. Hətta belə bir tarixi fakt var ki, Çində yaşayan elə qəbilələr olub ki, Yupiterin peyklərini saya biləcək fenomenal görmə qabiliyyətinə malik olublar.

Müxtəlif dövrlərə görə göz xəstəliklərinin aktuallığı da dəyişib. Son illərdə məktəbli, yeniyetmə, gənclər və uşaqlar arasında kliniki refraksiya pozuntularına - ametropiyanın növlərinə, yəni miopiya, hipermetropiya, astiqmatizm kimi xəstəliklərə daha çox rast gəlinir. Həmin görmə qüsurlarının aradan qaldırılmasının bir üsulu da optik eynəklərdir. Son vaxtlar bağça, məktəb, ali təhsil ocaqlarında eynəkdən istifadə edən uşaqlara tez-tez rast gəlirik.

- Əlbəttə ki, bunların xeyli bir qismi dövrün, zamanın həyatımıza gətirdiyi məsələlərdir...

- Monitorlar, mobil telefonlar, planşetlər, smartfonlar həyat və məişətimizə texniki üstünlüklər qazandırmaqla yanaşı insan sağlamlığına, başlıca olaraq görmə orqanına təsirsiz ötüşmür. Belə ki, kompüterdən mütəmadi və uzun zaman istifadə etdikdə oradan düşən infraqırmızı, yumşaq rentgen şüaları təxminən 55-60 faiz hallarda gözdə problemlər yaradır. Belə ki, görmənin astenopiyası (yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərdə yorğunluq) dediyimiz hal öz növbəsində miopiyaya (uzaqgörmə itiliyinin zəifləməsi) gətirib çıxarır.

Uzun zaman kompüter arxasında işləmə orqanizm tərəfindən yuxusuzluq, başgicəllənmə, əzginlik, ümumi iş qabiliyyətinin azalması, hipodinamiya kimi hallara və gözlər tərəfindən qızartı, yorğunluq- görmənin astenopatiyası , göz quruluğu sindromuna səbəb ola bilər.

Kompüter arxasında uzun zaman işləmək məcburiyyətində qalanlara hər 20 dəqiqədən bir 20 dəqiqəlik, yaxud 40 dəqiqə işləyib 20 dəqiqə fasilə vermək tövsiyə olunur. Təəssüf ki, bu qaydaya əməl edənlər ya heç yoxdur, ya da çox azdır.

Bəzən valideynlər öz işlərini rahat icra etmək xatirinə kiçik yaşlı uşaqlara başlarının qarışması üçün telefon verirlər. Bu isə azyaşlı uşaqlarda görmə problemləri yaradır və zəif görməyə səbəb olur. İnsan gözü həm yaxına, həm də uzağa baxmalıdır. Lakin biz gündəlik iş rejimində uzağa və yaxına baxmanı növbələşdirə bilmirik. Həmçinin ətrafda hündürmərtəbəli binaların çoxluğu da uzağa baxmağımızı məhdudlaşdırır.

- Hazırda göz xəstəlikləri içərisində ən geniş yayılanları hansılardır?

- Hazırda dünyada el arasında qarasu adı ilə tanınan qlaukoma xəstəliyindən 2.5 milyona yaxın əziyyət çəkən insan var. Həmin xəstəlik göz patologiyaları arasında korluqla nəticələnən problemlər arasında birinci yeri tutur. Qlaukoma göz kökündə olan görmə sinirinin məhv olması ilə nəticələnir və onun bərpası xeyli çətindir. Lakin xəstəliyin müalicəsi hansı mərhələdə həkimə müraciət edildiyindən çox asılıdır. Xəstə nə qədər erkən mütəxəssisə müraciət edərsə, görmə qabiliyyəti də bir o qədər daha yüksək saxlanıla bilər. Diabetik retinopatiyalar görmə qabiliyyətinin bu və ya digər şəkildə itməsinin əsas səbəbləri sırasındadır. Onların müalicəsində son vaxtlar irəliyə doğru xeyli addımlar atılıb.

Katarakta geniş yayılmış xəstəliklər sırasındadır. İnsanların orta ömür həddinin uzanması nəticəsində qocalıq kataraktasına daha tez-tez rast gəlinir. Həmin xəstəlik yaşı 65-dən yuxarı olanlar arasında daha çox izlənilir.

- Təbii ki, ətrafı rəngli görürük. Bəs rənglərin təsiri haqqında nə deyə bilərsiniz?

- Vaxtilə məşhur alman şairi və alimi V.Höte deyirdi ki, qırmızı rənglər qrupu insanın ruhunu canlandırır, sevinc hissi yaradır, yaşıl rəngin çalarları sinir sistemini sakitləşdirir. Göy və bənövşəyi rənglər isə insanı kədərləndirir, narıncı rəng aclıq hissi oyadır və s. Təsadüfi deyil ki, yaşıl rəngdə olan meşə, düz və çəmənlərdə insanın ruhu dincəlir. Ona görə də yaşıl rəngə baxmaq insanın sinir sistemini sakitləşdirir.

- Görmə qabiliyyətinin yaxşılaşması üçün həkim məsləhəti olmadan hansı sadə üsullardan istifadə etmək olar?

- Min illərin sınağından çıxmış bal təbii vasitə kimi gözün bir sıra xəstəlikləri zamanı olduqca müsbət təsir göstərir . Yaşla əlaqədar kataraktalarda təmiz balı göz qapaqlarına çəkmək olar. Lakin gözün daxili qişalarında heç bir qızartı olmamalıdır. Təəssüf ki, ekoloji dəyişikliklər, ətrafda olan infeksiyalar bəzən bu faydalı üsulun da təsirini azaldır. A vitamini ilə zəngin olduğuna görə kərə yağını xırda hissələrə bölüb dondurduqdan sonra həb kimi qəbul etmək də gözün qidalanmasına xidmət edir. Gözə itdirsəyi çıxanda bişmiş, pörtlədilmiş kələm yarpağı, hətta adi bağayarpağının yuyulub gözün üzərinə qoyulması da onun tez sağalmasına səbəb olur. Milli mətbəximizdə çox istifadə olunan zəfərandan bol -bol istifadə etmək də xeyirlidir, onun tərkibində gözün torlu qişasına faydalı olan selen mikro elementi var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.