Mialgiya-əzələ ağrısı ən çox nədən yaranır?
Feat.Az bildirir ki, bunu uzman fizioterapevt Sənan Cəfərov açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, mialgiya kəskin və xroniki infeksion xəstəliklərin çoxunda rast gəlinən bir simptomdur. Bu simptom özünü əzələlərdə ağrılarla biruzə verir. Mialgiyaya ən çox leptospiroz və brüselloz xəstəliklərində rast gəlinir. Xəstəlik zamanı bəzən əzələlərdə anatomik dəyişikliklər baş verdiyindən ağrının şiddəti daha da artır.
Mialgiya intoksikasiya, mikrosirkulyasiyanın pozulması zamanı da baş verir. İnfeksion xəstəliklərdən leptospiroz, brüselloz, toksoplazmoz, qarın yatalağı, paratiflər zamanı mialgiya yaranır.
Xəstəliyə diaqnoz qoymaq o qədər də çətinlik törətmir. Əzələlərə toxunmaq kifayət edər ki, mialgiya diaqnozu təsdiqlənsin.
Müalicə əzələlərdə ağrının əmələ gəlməsinə səbəb olan xəstəliyi aradan qaldırmaqdan ibarətdir. Xəstəyə ağrıkəsicilər və fizioterapevtik müalicə təyin edilir.