Orhan Pamuk’un “Məsumiyyət muzeyi” e-kitab + haqqında
“Məsumiyyət muzeyi” romanı dünya şöhrətli Türkiyə yazıçısı Orhan Pamuk’un ən sevilən əsərlərindən biridir. Azərbaycanda da bu əsərin kifayət qədər oxucu rəğbəti qazandığını nəzərə alaraq, əsər haqqında bəzi maraqlı məqamları sizinlə bölüşmək qərarına gəldik.
Orxan Pamuk “Məsumiyyət muzeyi” romanını 2001-ci ildə – “Qar” romanını nəşr etdirdikdən qısa müddət sonra yazmağa başlayıb. Əsər üzərində bir il işlədikdən sonra yarımçıq saxlayıb “İstanbul” romanını yazır. 2003-cü ildə “İstanbul”u oxuculara təqdim edir və yenidən “Məsumiyyət muzeyi”ni yazmağa davam edir. Roman üzərində fasiləsiz 6 il işləyir. Məşhur romanı bu sözlərlə başlayır:“Məsumiyyət muzeyi”ni oxuyarkən tək eşq haqqında deyil, evlilik, dostluq, intim münasibətlər,ailə və xoşbəxtlik haqqındakı bütün düşüncələrinizin dərindən dəyişdiyini və kitabın cazibəsindən ayrılmaq istəmədiyinizi görəcəksiniz.
“Məsumiyyət muzeyi” sevgi romanıdır. Necə ki, “Qar” əsəri siyasətə, “Mənim adım Qırmızı” rəsmə və incəsənətə həsr edildiyi kimi, bu roman da mövzusunu sevgidən götürür. Amma bütün romanları kimi, bu əsərində də Pamuk insan həyatının hər bir sahəsinə, gündəlik həyatın incəliklərinə və sənət, təklik, xoşbəxtlik, qəzet və televiziya, ailə kimi – yazıçının sevdiyi bir çox məsələlərə toxunur. Bundan əlavə, bu bir roman olmaqla bərabər, həm də yazıçının Çuxurçumada qurduğu muzeyin adıdır. Bu muzeydə roman qəhrəmanı Kamalın və sevgilisi Füsunun toxunduğu əşyalar və romana bağlı bir şox şeylər nümayiş etdirir.Yazıçı bu əşyaları toplamağa çoxdan başlayıb. Eksponatları xaricdə nümayiş etdirmək təklifinə isə yazıçı hələ də müsbət cavab verməyib.
Yazıçı roman üzərində çalışdığı 7 ildə – Nobel mükafatı qarışıq, 9 beynəlxalq ədəbi mükafata sahib olub. Bu yeddi ildə yazıçı, Türkiyədə Boğaziçi, Hollandiyada Tilburq, Almaniyada Berlin Frei, Amerikada Georgetovn, İspaniyada Madrid, Livanda Beyrut Amerika universitetləri tərəfindən fəxri doktor adına layiq görülüb. Bütün bu mükafatları almaq üçün çıxdığı səfərlər zamanı Pamuk hər bir yerdə – təyyarədə, hotel otaqlarında fasilə vermədən “Məsumiyyət muzeyi” üzərində işini davam etdirib. Əsər 592 səhifə, 140 366 sözdən ibarətdir. “Cövdət Bəy və oğulları” romanından sonra yazıçının ən uzun romanı sayılır. “Cövdət Bəy və oğulları”, “Qara kitab” əsərlərində olduğu kimi Pamukun doğulub böyüdüyü Nişantaşı bölgəsi bu romandakı hadisələrdə mərkəzini təşkil edir. Bu əsəri Pamukun sıx izdihamlı romanı adlandırmaq olar. Oxucu 83 hissədə 150-yə qədər obraz və xarakterlə dəfələrlə qarşılaşır. Romanda 1975-ci ildə «Hilton» hotelində qeyd edilən və bütün detallarıyla izah olunan 50 səhifəlik bir nişan səhnəsinin təsviri var.
Romanın bir çox səhnələri bir «Şevrolet» markalı 56 model maşında cərəyan edir. Pamukun digər əsərlərindən tanıdığımız bəzi obrazlar bu romanda da təsvir olunur. Məsələn, “Qara kitab”dan tanıdığımız köşə yazarı Cəlal Salik, “Cövdət bəy və oğulları”dan əsas obrazlar, o cümlədən Pamukun ailə üzvləri bu romanın iştirakçılarındandır. Romanın təqdimatı belədir:“Həyatımın ən xoşbəxt anıymış, bilmirdim..”
Əsərdə eşq, əşyalara və insanlara bağlanma, kolleksiyaçılıq, muzeylər kimi mövzular haqqındakı ənənəvi baxışlar da mübahisə və müzakirə predmetinə çevrilir. Belə müxtəlif mövzuları peşəkarlıqla birləşdirə bilən Pamukun romanları dünyada 7 milyon nüsxədən çox satılıb və 58 dilə tərcümə edilib . “Məsumiyyət muzeyi” hələ yazılıb başa çatmamışdan əvvəl 30 ölkədən tərcümə sifarişi edilib. İlk sifarişçi isə Almaniya nəşriyyatı olub.