Taksi və vaxt BöLüm 1

14 Nisan 2015
2 065
0
Taksi və vaxt BöLüm 1
Taksi və vaxt BöLüm 1


Küçənin tinində dayanmışdıq. İstiydi.
O, maşın gözləyirdi.
Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim.
Maşınlar bir–bir ötürdu. Hər dəfə evin yanından maşın
burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama
naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar
içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər
gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı.
Mən tərəddüd içindəydim: deyim, deməyim?
O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra
hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız
küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə
yaxşıdır.
Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən
sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu
məndən aparacaqdı.
Hələ vaxt vardı. Evin tinindən sıçrayacaq – yaşıl işığını qara
görəcəyim bir taksi özünü ona yetirənəcən bu soyuq neylon
altında xəbərsiz, biganə, başqa həvəslə, özgə intizarla çırpınan
ürəyi özümə tərəf çevirimmi, ürəyimə söykəyimmi?
Yaşıl işıqlı bir taksi döngəni buruldu. Əlimizi qaldırdıq.
Saxlamadı. Görünür, qoca dindar anam dualarının hansındasa
bu sürücünü yad etmişdir.
Deyimmi? Etirafım bomba partlayışı təsirini buraxacaqdı.
Əlbəttə, təşbeh çeynənmişdir. Bütün hisslərim çeynənəndə
təşbeh haqqında düşünməyə dəyərmi?
Deyimmi? Cavab əvvəlcədən məlumdur. İki, bəlkə üç,
bəlkə, hətta beş xoşbəxt dəqiqəni onun heyrətdən lal olaçağına,
donub qalacağına ayırıram. Bəs altıncı dəqiqə? Qəzəb? 51
İstehza? Laqeydlik? Bəlkə yumşaq bir tənbeh, bəlkə ağır bir
təhqir? Fəqət hər necə olur-olsun rədd cavabı. Məni ağrıdacaq,
incidəcək, kədərləndirəcək bir cavab. Amma məni bu
qorxutmurdu.
Ən dəhşətlisi o idi ki, bu rədd cavabı məni bir ay, beş ay, ən
çoxu bir il, iki il, lap elə ən uzağı bir insan ömrü incidəcəkdi.
Sonra hər şey keçib gedəcəkdi. Xatirələr solacaq, ehtiraslar
yatacaq, hisslər boyatlaşacaqdı. Ən axırda isə ölüm bütün hisshəyəcan bəzəklərini öz qara rəngiylə malalayacaqdı.
Bəs birdən… Birdən… Bəlkə bu beş dəqiqəlik heyrətdən
sonra o, balaca sarı çantasını açacaq, yol biletini cıracaq: –
Mən sənsiz hara gedə bilərəm, – deyəcək, – ayrılıqda da
yaşamaq olarmı, sənsizliyə necə dözüm? – deyəcəkdi.
Bəs onda?
Mən sevincimdən atılıb-düşəcəkdim. Onun gecə rəngli
gözlərinə gündüz işığında doyunca baxacaqdım. Onun səhər
rəngli üzünü gecənin gizlinində doyunca öpəcəkdim. Bəxtiyar
olacaqdım. Bir ay. Bir il. Yaxşı, iki il. Lap elə bir insan ömrü.
Bəs sonra?
Sonra xatirələr solacaq, ehtiraslar yatacaq, hisslər
boyatlaşacaqdı. Axırda da ölüm hər şeyi qaralayacaqdı.
Mənim 20 yaşım vardı və mən belə düşünürdüm. Mənə elə
gəlirdi ki, insana səadət verilməmişdir; ona yalnız səadət
arzulamaq, xoşbəxtlik ümidində, bəxtiyarlıq gümanında
yaşamaq, sevincin kölgəsində daldalanmaq haqqı verilmişdir.
Səadətə çatdığın an o öz təravətini, ətrini, gözəlliyini,
cazibəsini itirir. Səadət üfüq kimidir: görünən və çatılmaz,
yaxınlaşdıqca uzaqlaşan.
Ya da bəlkə səadət – sevinc ümidiylə, xoşbəxtlik intizarında,
gələcək həsrətində yaşamaq və nəyisə hey gözləmək,
gözləmək, gözləməkdir.
Eh! İndi ki, belədir, onda qoy dama-dama naxışlı, qabağı
yaşıl işıqlı taksi tez gəlsin. Deyilməmiş sözlərin yarası həmişə
qəlbimizdə qövr eləsin. 52
Bir an mən bütün qəlbimlə taksinin tez gəlməsini arzuladım.
Elə bil bu istəyimi yerinə yetirmək üçün döngədən taksi
buruldu. Elə həmin an bu istəyin də dadı qaçdığını duydum.
Taksinin gəlib-gəlmədiyinin, bu tində bu qadınla durubdurmadığımın, ona deyib-deməməyimin, onun cavabının
mənimçün tam bir laqeydliyini duydum…
…Bu yazımı dostuma oxuyanda dedi ki, əgər sən belə
düşünürsənsə yaşamağa dəyməz. Doğrudur. Amma məsələ
ondadır ki, ölməyə də dəyməz. Dostum dedi:
–Sən dəli olacaqsan.
Ola bilər. Bəlkə də… Bilmirəm. Yalnız bilirəm ki, o vaxt
mənim iyirmi yaşım vardı və o vaxt mən belə düşünürdüm. O
vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda qadın nazik, zərif,
aylı gecədə kaman iniltisinə oxşayan əlini qaldırdı.
O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda, boz, nimdaş,
rəngi getmiş taksi dayandı. Sürücüsü də lap qəssaba oxşayırdı.
Maşının nömrəsinə baxdım. 20-24. Mən balaca çamadanı
yük yerinə qoydum.
–Çox sağ ol!
–Dəyməz.
O, əlini uzatdı.
Əlimi uzatdım.
Daldan başqa maşınların səsi gəldi. Taksi küçənin işlək
yerində dayanıb yolu kəsmişdi. Sürücü ayağını qaza basdı.
Taksi tərpəndi. Qapı bağlandı.
Əlini tuta bilmədim.
Əlimdə barmaqlarının təri belə qalmadı,
Bir neçə saniyədən sonra maşın döngəni burularaq gözdən
itdi. Ağrıdım. Nədənsə anam yadıma düşdü, qardaşım öləndə
mənə elə gəlirdi ki, anam da dərddən öləcək. O, dəli kimi
olmuşdu. O gündən on il keçir. İndi anam gülür, danışır, zarafat
eləyir… Nə isə…
Hər şeydən – qardaşım ölərkən anamın göz yaşlarından belə
mənə əziz olan qadın, bu beş dəqiqədə heç kəsi, heç vaxt, heç 53
yerdə sevmədiyim qədər sevdiyim insan, ilk eşqim, son eşqim,
dama–dama naxışlı, qabağı bayaq yaşıl, indi isə qırmızı işıqlı
taksidə əbədi getdi. Qol saatıma baxdım. Vaxt hey axır, axır,
axırdı.
Vaxt hər yaranı sağaldır. Vaxt hər gecə yarısı on iki
zərbəylə günləri güllələdikcə mənim də ağrılarımı ovudacaq,
həsrətimi aparacaqdır. Vaxt bizi məğlub edir – vaxt bizi xilas
edir. Mən hər şeyi, bu tini, bu qadını, bu taksini unudacağam.
Unudacam, unudacam…
O vaxt, o gün, saat üçə on beş dəqiqə qalanda…
2
Şəmsi deyinirdi:
–Əşi, bir yerin ki, böyüyü Murtuz ola ordan nə gözləyirsən.
Bu adam ömründə bir müstəqil layihə verməyib. Hırnan–zırı
qanmır, ən adi şeyləri bilmir, amma di gəl hamının başına ağıl
qoyur, hamıya dərs deyir. Nə oldun, acından qarnımız qırıldı
ki…
Axırıncı cümlə Şəmsinin arvadı Şövkət xanıma aid idi.
–Bu saat, bu saat.
Şövkət xanım sanki gətirdiyi böyük nimçənin ağırlığı
altında balacalanmış, yerə keçmişdi. O, aşı masanın üstünə
qoydu. Sonra xuruşunu gətirdi.
Şəmsi mənim boşqabımı götürüb yenə də əvvəlki kimi
danışa–danışa aş çəkməyə başladı.
–Əşi o gün Əsgərin müdafiəsidir…
–Hansı Əsgərin…
–Kərimovun.
Mən bilirdim ki, “hansı Əsgərin”. Amma hər hansı bir
şəkildə olursa-olsun söhbətdə iştirak etməkçün bu tamamilə
yersiz sualı verdim. Daha doğrusu, mən heç söhbətdə iştirak
etmək də istəmirdim. Lakin Şəmsinin dediklərinə maraq
göstərmək lazım idi. Yoxsa, yaxşı düşməzdi. Mən Şəmsinin
dediklərinə qulaq asmırdım.
Mən balkona baxırdım. 54
Mən sinni kişiyəm. Gəncliyim çoxdan ötüb keçmişdir. Bəs
neçin balkon döşəməsindəki rəqs hələ də məni
həyəcanlandırır?
O biri otaqda Nərgiz geyinirdi. Şəmsinin qızı. Soyunurdu,
geyinirdi. Mən heç bir şey görmürdüm. Nə onun bədənini, nə
paltarlarını, nə hərəkətlərini. Mən yalnız hərəkətlərin kölgəsini
görürdüm. Kölgələrin balkon döşəməsində oynadıqları qəribə
rəqsi. O biri otaqdan balkonun döşəməsinə cəpəki işıq düşürdü.
İşığın üstündə kölgə vardı. O biri otaqda Nərgiz geyinirdi.
Hərdənbir o, güzgünün yanından ayrılıb şkafa yaxınlaşırdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.