Sevgi nədir? - Psixoloq Rəyi

13 Aralık 2016
3 310
0
Sevgi nədir? - Psixoloq Rəyi
Ailə məsələləri üzrə 40 ildən çox praktikası olan rus psixoloq və psixoterapevt L.M.Yefimoviç suallara cavab verir.

– Həqiqətən xoşbəxt ailələr varmı?

– Var. Amma çox az. Mən tədqiq etdiyim 11 min ailədən cəmi 3 ailənin həqiqətən xoşbəxt olmasını deyə bilərəm. Məsələ bu ki, yalnız xoşbəxt ailələr normal ailə sayıla bilər. Qalanları patologiyadır. İki bədbəxt adamın birgə yaşayışı.

– Bu məhz rus ailələrinə xas olan məsələdir?

– Yox. Patologiyalar fərqli dərəcələrdə hər yerdə var.

– Boşanmalar niyə belə çoxalıb? İnsanlar özlərinə həyat yoldaşı seçərkən yanılıblar demək?

– Ona görə belə olur ki, insanlar pis tərbiyə alırlar. Onlara ər ya arvad seçimində düşünüb-daşınmaq bacarığı aşılanmayıb. Biz ailə birgəliyinin necə başa düşüldüyünü yoxlamaq üçün belə bir sorğu apardıq. Üç variant təklif olunmuşdu:

1) Mən onsuz yaşaya bilmərəm;
2) Mən onu heç vaxt incitmərəm;
3) Gəl həyatın yükünü birlikdə çəkək.

Sorğu olunan qadınların 75 faizi 1-ci variantı seçdilər. Bu isə, bildiyiniz kimi, narkoman və alkoqoliklərin də dediyi bir sözdür. Yəni, patologiyadır. Amma bax ki, ailənin möhkəm olması üçün tələb olunan 3-cü şərti demək olar heç kim bəyənmədi (seçmədi).

Sevgi nədir?


– Sevgi – sevilən obyektin varlıq və sağlığına, daha yaxşı, daha məsud olmasına fəal maraq göstərmək, bunun üçün tələb olunanları etməyə hazır olmaq deməkdir. İndi kimdən soruşursan belə deyir: sevməyə layiq adam yoxdur. Bəs sən özün necə, sevməyi bacarırsanmı? Əgər sənin ailə anlayışın “mən onsuz yaşaya bilmərəm” deməkdən ibarətdisə, bilməlisən ki, bu sadəcə patologiyadır, çox vaxt keçici olur və keçdiyi halda, ailəni ayaqda tutan yeganə bağın qırılması demək olacaq.

– Yaxşı, bəs niyə zaman keçdikcə sevgi tükənir?

– Əgər əzəldən sevgi gerçək olmuşsa, zaman keçdikcə tükənə bilməz, əksinə, daha güclü olacaq. Sevgi kimi anlaşlmış bağlılıq zaman keçdikcə tükənirsə, deməli gerçək sevgi deyil, patologiya olmuşdur.

– Kişilər və qadınlar üçün ailəyə baxışda nə kimi fərqlər var?

– Demək olar ki, eyni baxırlar. Müəyyən yaşa çatmısansa, demək evlənmək olar, yaxud evlənmək lazımdı. Hərçənd ailə qurmaq üçün insanlar bioloji yaşdan əlavə, yetərli mənəvi inkişaf həddinə çatmalı, ailəni saxlamağa yetərli maddi durumu olmalıdır.

– Ailənin qurulma səbəbi seks həvəsi olmuşsa, bu ailəni gələcəkdə nə gözləyir?

– Seks qaçmır. Əvvəlcə yetərli dünyagörüşü olmalıdı. Sevgi – iki adamın bir-birinə baxması deyil, bir nöqtəyə baxmasıdı. Kanadalı araşdırmaçılar ailənin möhkəmliyini təmin edən dörd faktor müəyyən etmişlər. Birinci – ümumi dünyagörüşüdür. İkincisi – ortaq məişət zövqü. Üçüncü – seks. Dördüncü – bir-birini oxşamaq (əzizləmək) istəyi. Birinci və ikinci şərtlər olmadan, yalnızca üçüncü və dördüncüyə əsaslanan ailənin davamlılığı sual altına düşür.

– Kişilər tez-tez özlərinin erkək olduğunu əsas gətirərək xəyanətin qaçılmaz olduğunu deyirlər…

– Xəyanət ilk növbədə ona görə baş verir ki, insanlar həyat yoldaşı seçimini düz etməmişlər. Əgər sən özünə uyğun biri ilə evlənməmisənsə, təbii ki, özünə uyğun birini gördükdə suyulmağa başlayacaqsan.

– Hansı qadınlara xəyanət olunmur?

– Fiziki sağlam, mənəvi yetkin və maddi müstəqil. Bizim qadınların üç cür seksual pozğunluğu var: pedofiliya, zoofiliya, mazoxizm. Birincisi, onlar kişiylə ər kimi deyil, tərbiyəyə götürülmüş uşaq kimi davranırlar. İkincisi, alkoqoliklərlə yaşayırlar. Alkoqolik kimdir? Heyvan kimi bir şey. Və üçüncüsü, mazoxizm – kişilərin onlara qarşı zorakılığına təbii bir şey kimi baxırlar, sanki belə də olmalıdır.

– İlk görüşlərdə necə müəyyən etmək olar ki, bu adam “mənlikdir” ya yox?

– Sokrat deyirdi: “danış ki, səni görüm”. Məsələ əslində çox sadədir. Adamın danışığına, geyiminə, hərəkətlərinə diqqət yetirmək lazımdı. İstənilən adamla davamlı ünsiyyət sayəsində onun necə biri olması, sənə uyğun olub-olmaması barədə nəticə çıxarmaq olar. Təbii ki soyuq başla düşünsən, götür-qoy etsən, hislərə qapılmasan.

– Sevgilillərin seksual konstitusiyası üst-üstə düşməlidirmi?

– Əlbəttə. Əgər kişinin təlabatı gündə üç dəfə, qadının təlabatı üç gündə bir dəfə sekslə məşğul olmaqdırsa, onların izdivacı çətin olacaq.

– Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşmağa və ya kişini dəyişməyə, yenidən tərbiyə etməyə çalışmalıdırmı?

– Yox. Ailə məsələsində xammal deyil, hazır məhsul seçmək lazımdı. Evlilik yetkin adamların işi olmalıdı. İnsan yalnız özü-özünü yenidən tərbiyə edə bilər. Uyğunsuzluq varsa, ayrıl. Başqasını axtar.

– Uyğun adamı harda axtarmaq daha yaxşı olar?

– İşdə. İşdə adamı müşahidə etmək, onun kimliyi barədə daha dolğun məlumat əldə etmək mümkündür. Məclislər, gecə klubları – bunlar hamısı yalançılar yığnağıdır.

– Son illərdə qadınların təlabatlarında dəyişiklik varmı?

– Son yüz min ildə heç bir dəyişiklik yoxdur.

– İndiki qızlar daha çox statuslu kişilər axtarır. Buna necə baxırsız?

– Düz edirlər. Deməli, məsələyə ağıllı-başlı yanaşırlar. Lakin özləri də status qazanmaq barədə fikirləşməlidilər. Bizdə isə, təəssüf ki, bir çox qadınlar latent fahişə psixologiyasna sahibdilər: varlı kişiyə ərə gedim, məni bəsləsin. Əvəzində yataq xidmətləri. Şeyləri öz adı ilə çağırmaq lazımdı. Bunun adı fahişəlikdi. İndi alfonsluq arzusunda olan kişilərin də sayı artmaqdadı. Varlı qadınlar axtarırlar, özləri isə inkişaf etmək barədə düşünmürlər.

– Amma belə görüşlər sistemi hakimdir ki, qadının vəzifəsi kişini ruhlandırmaq, ona rahat şərtlər yaratmaq və bu zaman kişinin kölgəsində qalmaqdır…

– Siz kişi anlayışını uşaq-muşaqla qarışdırmayın. Kişi özü-özünü ruhlandırır, öz işi ilə, işinin nəticələri ilə. İnsan həyatını kiməsə həsr etməməlidir, kişi olsun ya qadın.

– Bəs uşaqlara?


– O da olmaz. Uşaqlar ailənin yan nəticəsidi. 18-20 yaşa çatıb öz həyat yolunu gedəcəklər. Valideynin vəzifəsi bu müddət ərzində onları şəxsiyyət kimi yetişdirib yola salmaqdır. Kişi və qadınsa sonadək bir yerdə olacaqlar.

– İndi belə bir söhbət gəzir ki, rəsmi nikah institutu ölür. Gələcəkdə alternativ birgəyaşayış institutları üstünlük təşkil edəcək. Buna münasibətiniz?

– Mülki nikahlar heç də pis forma deyil. Çox olub ki, adamlar mülki nikahda normal yaşayıblar, rəsmi nikaha keçəndən sonra münasibətlər pozulub.

– Bu təmayülün səbəbi nədir?


– Səbəbi odur ki, insanlar asudə olmaq istəyirlər. Rəsmi nikah asudəliyi buxovlayır. Möhürlü kağızın olub-olmaması ağıllı adamlar üçün heç nəyi dəyişmir. Axmaqlar üçünsə dəyişir.

Ruslan Köçərli
alberteyniseydi.com

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.