Sevgi nədir? Onu bizdə başqasımı yaradır yoxsa o zatən var?
Bu kimi fikirlər, sevgini fantastik və mistik bir şey hesab etməkdən qaynaqlanır. Bu düşüncəyə görə, insanın həyatda xoşbəxt ola biləcəyi yalnız 1 adam vardır və o adam, möcüzəvi şəkildə gəlib səni tapmalıdır ya da tale sizi qovuşdurmalıdır. Əgər həmin adamı tapmadınsa və ya ona qovuşmadınsa vəssəlam, daha səninçün sevginin kitabı bağlandı...
Əslində isə sevgi dediyimiz şey, heç də qeyri-adi və insan iradəsindən kənar bir şey deyildir! Kimisə sevdiyimiz zaman onu sevməyimizin səbəbi heç də sırf həmin insanın özü deyil! Çünki bizdə, insanlarda bir çox qabiliyyətlər zatən doğuşdan vardır, yəni insan, dünyaya ağ kağız kimi gəlmir; ondakı qabiliyyətlər və hisslər, əvvəlcədən var, ilahidən gəlir, sadəcə əvvəllər kövrək halda olur. Yəni məsələn aclıq hissi, insanda doğuşdan mövcud olduğu kimi, eynilə sevgi hissi də doğuşdan var, sonradan yaranmır. Biz tutaq ki hansısa xörəyi yeyərkən xörəkdən zövq almağımızın səbəbi, heç də sadəcə xörəyin özü deyil; həm də bizim aclıq hissimizdir. Məsələn doyduğumuz zaman, ac olmadığımız zaman artıq xörək bizə o qədər də maraqlı gəlmir. Sevgi də belədir. Biz kiməsə sevgi hissi duyuruqsa, aclıq hissi kimi, bunun da səbəbi ən əvvəl bizim içimizdədir, daxilimizdədir; fitrətimiz və yaranışımız belədir; mütləq kimi isə tapıb sevməliyik. Afrikada dünyaya gəlsəydik bir neqri sevərdik. Ya da Avstraliyada aborigenlərin qəbiləsində yaşasaydıq, bir qəbilə adamını sevərdik. Yəni kimisə tapıb mütləq sevərdik. Zatən sevmiriksə demək bizdə problem vardır. Necə ki bəzən iştahasızlıq olur və insan, yemək istəmirsə və bu normal olmayan bir haldırsa eləcə də sevgiyə qarşı mənfi münasibət bəsləyənlər də belədir; onlarda sevgi iştahasızlığı, psixoloji problem var.
Bəli, sevgini bizdə kimsə yoxdan yaratmır, sevgi zatən öncədən Tanrı tərəfindən yaradılıb bizim içimizə qoyulub. Dünyaya gəldiyimiz zaman, içimizə, başqa hisslər kimi, bu hiss də qoyulur. Sadəcə insan böyüdükcə və şüuru formalaşdıqca onun başqa hissləri kimi sevgi hissi də inkişaf edir və dolğunlaşır. Beləliklə də böyük, yetişkin bir insan formalaşır və onun zövqünə və səviyyəsinə uyğun da zehnində, qarşı cins tipi formalaşır. Və o, bu obraza uyğun olan, yəni zövqünə uyğun hər hansı bir kəsi bəyənə bilər. Hətta bəyəndiyi insanların sayı, 1 deyil bir neçə nəfər hətta onlarca adam ola bilər. Amma onlardan hansı biri haqqında düşünməyə başlayarsa bax bu halda həmin şəxs, onun zehnində yer tutmağa başlayır. Zehində yer tutmağa başladıqca artıq həmin şey səni öz təsiri altına almağa başlayır.
Yəni sən öncə beyninə məlumatlar yükləyirsən sonra da o məlumatlar səni yönləndirir, sənə «filan şeyi et» deyir. Sən məsələn Culianı öz zehninə yazsan beynin də Culianı sevdiyini sənə bildirəcək. Sən Nataşanı beyninə yazsan, beynin də Nataşanı sevdiyini sənə deyəcək. Sən bir zənci qızını beyninə yazsan beynin də sənə o qızı sevdiyini deyəcək. Sən heç kimi beyninə yazmasan beynin də sənə kimisə sevdiyini bildiriş etməyəcək. (Sadəcə hansısa bir məqam olur ki həmin adam, sənin diqqətini cəlb edir(məsələn onunla iş yoldaşı olursan ya da sadəcə hardasa üz-üzə gəlirsən) və onun barədə düşünürsən. Yəni hansısa bir hadisə sadəcə qığılcım rolunu oynayır).
Bax bütün məsələ budur; insanda doğuşdan mövcud olan bir boşluğa, kimisə yerləşdirirsən. Düzdür o boşluğa hər kəs yerləşməz amma bir çoxları yerləşə bilər. O boşluq, konkret filankəs üçün nəzərdə tutulmayıb, sadəcə doldurulmaq üçün nəzərdə tutulub.
Əsas odur ki bunu biləsən! Bu boşluğun, yalnız və yalnız filankəs üçün nəzərdə tutulmadığını, o boşluğa uya biləcək 1-dən artıq insanın, hər zaman mövcud olduğunu və «yalnız onu sevə bilərəm» kimi şeylərin ancaq filmlərdə və romanlarda olduğunu qəbul edəsən!...
Psixoloq Yunis Dürüst