Sevginin təkamülü

13 Eylül 2018
2 211
0
Sevginin təkamülü
Sevgi nədir – Qərb ədəbiyyatının yaratdığı bir əfsanə, yoxsa ümumbəşəri möhtəşəm bir fenomen? İnsan niyə aşiq olur? İnsan necə sevir? Sevgi zəruridirmi? Sonunda elmin əldə etdiyi nəaliyyətlərlə bu suallara dolğun cavablar vermək mümkündür.

Dilimizdə sevgini ifadə edə bilən bir neçə söz var: eşq, məhəbbət, sevda. Bu sözlər bir çox halda eyniyüklü kimi qəbul edilsə də, əslində eyni mənaları ifadə etmirlər. Ona görə belə qərara gəldik ki, yazımız boyunca sevginin müxtəlif mərhələlərindən və növlərindən bəhs etdikcə bu anlayışlara da aydınlıq gətirək.

Əgər biz insanın təkamül yolu ilə yarandığını düşünürüksə, bəs necə oldu ki, sevgi yarandı? Sevginin insan təkamülündəki yeri haradır, hansı səbəblərdən qaynaqlanır? Şübhəsiz, təkamül boyunca dəyişikliklər mövcud hansısa zəruriyyətlərdən yaranır. Məhz sevgi də belə bir zəruriyyət idi.

Hər şey 4 milyon il əvvəl insanın “ayağa qalxması”la başladı. Bipedalizm (ikiayaqlılıq) insan bədənində ciddi dəyişikliklərin baş verməsinə səbəb oldu. Ön ayaqları ələ çevrilən insan bunlardan istifadə edərək yeni təcrübələr qazanırdı, müasir insanın beynində digər primatlardan fərqlənən frontal lob (beynin ön hissəsi) məhz bu dövrlərdə inkişaf etməyə başlayır. Həmçinin bu səbəblə insanın çanaq sümüyündə də kiçilmə baş verirdi. Bunu bilmək lazımdır ki, o zamanlar insanlarda da, indiki şimpanzelər kimi hamiləlik 2 il davam edirdi. Lakin məhz çanaq sümüyünün daralması və dünyaya gələcək körpənin başının daha böyük olması onun doğulmasını çətinləşdirirdi. Buna görə də hamiləlik dövrü tədricən hazırki 9 aya qədər azaldı. Bu isə dünyaya gələn körpənin öz inkişafını tamamlamadığını və daha çox qayğıya ehtiyacı olduğunu bildirirdi.

Habelə bu zamanlarda insan artıq ibtidai əmək vərdişləri formalaşdırırdı ki, bunların körpəyə öyrədilməsi uzun vaxt tələb edirdi. Nəticədə ata ana ilə birlikdə qalıb körpənin qayğısını çəkməli və onun inkişafının təmininə dəstək olmalı oldu. Artıq hər iki tərəfin də üzərində ciddi məsuliyyət var idi. Beynimiz bu cür biznes münasibətlərinə oxşayan yorucu və rasional məsuliyyətləri əsrarəngiz və xoş sevgi ilə əvəz etdi. Sevgi cari vəziyyətin necəliyindən və gələcəkdə hansı böyük zərərlərin ola biləcəyindən asılı olmayaraq insanların birlikdə olmasını mümkün edən bir irrasional gücdür.

Bəs beynimiz bunu necə edir?
Məlumdur ki, beynimiz bədənimizi, həmçinin özünü müxtəlif elektrik siqnalları göndərərək idarə edir. Bu elektrik siqnallarının nəqliyyatında nevrotransmitter adlanan xüsusi kimyəvi maddələrin-hormonların əhəmiyyətli yeri var. Beynimiz bu hormonların balansını tənzimləməklə bizim davranış və düşüncələrimizə yön verir. Sevgi də məhz elə bu cür nevrokimyəvi bir hadisədir.

İlk mərhələ – Vurulmaq və ya İlk baxışda sevgi
1976-ci ildə Nyu-Yorkda laboratoriya siçanları üzərində bir araşdırma aparıldı. Bu araşdırmanın əsas tədqiqat obyekti MHC (Major Histocompataibility Complex-Əsas Histouyğunlaşma Kompleksi) genlərinin siçanların digər hansı siçanla cütləşəcəyinə nə kimi təsirinin olduğunu araşdırmaq idi. Aparılan təcrübənin sonunda belə bir nəticə əldə olundu ki, siçanlar immun sisteminin düzgün fəaliyyətində mühüm rol oynayan MHC genləri özünkündən fərqli olan siçanlarla cütləşməyə meyllidir. Fərqli MHC genlərinə sahib olmaqları isə onların dünyaya gətirəcəyi övladlarının xəstəliklərə qarşı daha dözümlü olması deməkdir. Eyni hal ABŞ-ın Cənubi Dakota və Montana ştatlarında yaşayan qapalı Qutterit cəmiyyətlərində də müşahidə edilmişdir.

Bəs bir digər insanın hansı MHC genlərinə sahib olduğunu necə bilirik? Burada isə bizə köməyə feromonlar adlanan xüsusi gizli qoxu ifraz edən kimyəvi maddələr gəlir. Sırf bu qoxuların vasitəsil0ə bizə ən uyğun olan şəxsi digərlərindən fərqləndirə və sevə bilirik.

Bəs biz vurulduqda nə baş verir? Sevginin yaranmasının ilk mərhələsi feniletilaminin ifrazı ilə başlayır. Feniletilamin insanın və digər məməlilərin mərkəzi sinir sistemində nevrotransmitter kimi fəaliyyət göstərir. Bu maddə həmçinin şokaladın tərkibində də var olduğundan, şokalad “xoşbəxtlik qidası” sayılır. Onun təsiri nəticəsində iki yeni kimyəvi maddə ifraz edilir: dopamin və epinefrin. Bilindiyi kimi dopamin sevərkən bizim özümüzü xoşbəxt hiss etməyimizə səbəb olan hormondur. Dopamin təbiətən asılılıq yaradan və həmçinin beynin özünü müfakatlandırma üçün ifraz etdiyi kimyəvi maddədir. Bu maddə eyni zamanda narkotik vasitələrin də təsirilə ifraz olunur. Efinefrin isə digər bir adı ilə, adrenalin adı ilə daha çox tanınır. Bu hormon bizim ürək döyüntülərimizin sürətlənməsinə, dizlərimizin əsməsinə, ani aclıq hissi yaşamağımıza və nəticə etibarı ilə bizi “qaç və ya döyüş” vəziyyətinə gətirir.

Sevgidə digər bir böyük rola sahib olan hormon isə çox zaman mədəmizdə kəpənəklərin uçuşduğunu bizə zənn etdirən, saatlarla iştahsızlığa səbəb olan serotonindir. Serotonin “xoşbəxtlik” hormonu kimi bilinir. Serotonin səviyyəsinin yüksək olması özümüzü yaxşı, rahat hiss etməyimizə səbəb olur və əgər normadan aşağı olarsa, depresiyaya düşürük. Serotoninin yüksək səviyyədə olması həmçinin yaraların tez sağalmasına səbəb olduğu bilinir.

Həmçinin son kəşflərdən də biri NGF (sinir inkişaf faktoru-nerve growth factor) adlanan proteinin ilk vurulma zamanı həddən artıq yüksək səviyyələrə qalxması olmuşdur. Belə ki, bu protein sağqalma ilə yanaşı beyin hüceyrələri də daxil olmaq üzrə bütün hüceyrələr arası əlaqənin yaradılması, inkişaf etdirilməsindən məsuliyyət daşıyır. Beləliklə, artıq ilk mərhələ başa çatmış olur.

Qeyd etmək olar ki, beynin vurulma zamanı verdiyi reaksiya narkotik maddə qəbulu zamanı verdiyi reaksiyalarla örtüşür. Bu o deməkdir ki, aşiq artıq vurulduğu şəxsin ardınca getmək məcburiyyətindədir, çünki artıq asılılıq yaranmışdır.

İkinci mərhələ — Eşq
Bəli, ikinci mərhələdə artıq vəziyyət bir az dəyişir. İkinci mərhələnin eşq adlandırmağımızın xüsusi səbəbi var. Çünki eşq sözünün ərəbcədən “aşeka” adlanan sarmaşıqdan gəldiyi güman edilir. Bu sarmaşıq ağaca dolanaraq onu zamanla məhv edir. Klassik “şam və pərvanə” mənzərəsinə bənzəsə də, əslində biz vəziyyətin dramatikliyini göstərmək üçün yox, iki şəxsin uzun müddət birlikdə olacağını qeyd etməyə çalışmışıq. Nəzərə almaq lazımdır ki, orta əsr ərəb cəmiyyətlərində kiməsə aşiq olmağın məyusluqla nəticələnəcəyi zənn edilirdi.

Lakin hər zaman ikinci mərhələyə keçmək mümkün olmur. Çünki tərəflərdən biri əgər bu münasibəti dəstəkləməsə, artıq aşiq olmuş şəxs sevdaya düşmüş olur. Sevda sözü Qərbdəki melanxoliya sözünün adekvatıdır. Hippokratın fikrincə insanın bədənində dörd öd (vəzi, maye) olur və bunlar bədəni idarə edir. Bunlar insan temperamentini təşkil edən əsas elementlərdir. Balansın pozulması insanın ruhi və (ya) fiziki vəzyyətinin dəyişməsinə səbəb olur və sevda (ərəbcə qara deməkdir) insanın artıq olduğu zaman insan çox zaman bədbin, kədərli və əsəbi olur. Qarşılıqsız qalan sevginin qara sevda adlandırılmasının səbəbi də budur. Sevdalı şəxsin bu vəziyyəti bəzən bir müddət sonra özlüyündən keçsə də, bəzən də ağır kliniki depresiya ilə müşahidə olunur.

Belə ki, ilk vurulma anından, hormonların öz pik səviyyələrinə çatmasından sonra eşq başlayır və eşq 1.5-3.5 il davam edə bilər. Bu dövrdə bədəndə mövcud olan dopamin, serotonin kimi hormonlar özümüzü xoşbəxt hiss etməyimizə səbəb olduğundan, münasibətə davam etməyə çalışırıq. Eşqin sonlarına yaxınlaşdıqca isə hormonlar, demək olar ki, vurulmadan öncəki vəziyyətlərinə qayıtmağa nail olurlar və bu artıq münasibətdə olan cütlüyün özünü əvvəlki tək xoşbəxt hiss etməməsinə, aradakı həyəcanın itdiyini düşünməklərinə səbəb olur.

Üçüncü mərhələ — Məhəbbət
Bu mərhələdə cütlüklər iki yolla üz-üzə qalırlar. Birinci yol məhəbbət adlanır. Məhəbbət on illərlə davam edə bilir. Məhəbbətin sevginin ən pik və şüurlu nöqtəsini olduğunu demək olar. Məsələn, biz Vətən məhəbbəti, dostlar arası məhəbbət, insanın cəmiyyətə məhəbbəti kimi vəziyyətlərə şahid oluruq. Bu təsadüfi deyil, çünki məhəbbət sözünün mənalarından biri də məhz “dostluq, söhbət”dir.

Yəni belə deyə bilərik ki, ilkin ibtidai ehtirasları soyuduqdan, eşq korluğu keçdikdən sonra tərəflərin bir-birilə münasibətinin davamının təmini üçün arada hörmətin, dostluğun, həmsöhbətliyin, qarşılıqlı anlaşmanın, ortaq maraqların olması vacibdir. Buna görə bir çox hallarda ənənəvi nigah formalarının (partnyorların valideynlər, qohumlar tərəfindən seçildiyi) romantik nigahlardan daha uğurlu alındığı aşkar edilir, çünki burada tərəflərin sosial-iqtisadi və mədəni-mənəvi uyğunluğu diqqətlə seçilmiş olur. Digər bir yol isə ayrılıqdır. Əgər tərəflər artıq bir-birlərinə olan maraqlarını itirir və yeni insanlarla tanış olmağın onlar üçün daha mənfəətli olduğunu düşünürlərsə, artıq ayrılıq zamanı gəlib çatmışdır.

Sonda bunu deyək ki, ilk zamanlar sevgi körpələrin həyatda qalma şansını artırmaq üçün yaranmış olsa da, hazırda partnyorların bir-birini tanımasından həyatlarının sonuna qədər davam edə bilən bir prosesə çevrilmişdir.

Mənbələr:
1. The Chemistry of Love
2. On Love
3. The Seven Year Itch: Theories of Marriage, Divorce, and Love
4. Aşk… Beyinde mi kalpte mi?
kay
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.