Rusiya şirkətində kütləvi ixtisarlar
"AvtoVAZ” bu il 1,1 min əməkdaşını ixtisar edəcək
Neftin qiymətinin ucuzlaşması və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya istisadiyyatını çökdürməkdədir.
ANS PRESS-in məlumatına görə, Rusiyanın ən iri avtokonsernlərindən biri olan “AvtoVAZ” bu il 1,1 min əməkdaşını ixtisar edəcək. Bu barədə müəssisənin həmkarlar ittifaqının sədri Sergey Zaytsev açıqlama verib.
İxtisara yalnız menecerlər düşəcək. Hazırda zavodda 52 min nəfər, o cümlədən 10 min menecer işləyir. Kompaniya sonuncuların sayını 11 faizə qədər azaltmağı planlaşdırır.
Avtokonsernin rəhbərliyi yeni ixtisarların bazardakı vəziyyətlə bağlı olduğunu bildirib. Belə ki, Lada avtomobillərinin Rusiyadakı satışı 2014-cü ildə 15 faiz aşağı düşüb. Ümumilikdə isə kompaniyanın satışı 10,3 faizə qədər azalıb.
Xatırladaq ki, keçən ilin oktyabrında “AvtoVAZ” kompaniyasının prezidenti Bu Andersson 2015-ci ildə əməkdaşların ixtisar edilməyəcəyini demişdi.
S.Zaytsev həmkarlar ittifaqının hazırkı ixtisarın 2015-ci ildə sonuncu olacağı barədə avtokonsernin rəhbərliyi ilə razılaşdığını deyib.
2014-cü ildə kompaniyanın işçilərin sayını təxminən 20 faizə qədər, bilavasitə menecerlərin sayını isə 30 faizdən çox azaltdığı qeyd olunur.