Kərbəla türbətinin möcüzəsi..?
Bir çox mənbələrdə belə bir hədis nəql olunur:
Rəsuli-əkrəm (s) öz həyat yoldaşı Ümmu-Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Peyğəmbər Ümmu-Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ümmu-Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ümmu-Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir gün torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi mühərrəm ayının 10-na, yəni Aşura gününə təsadüf edibmiş.
(Deyilənə görə, bu xüsusiyyət əsil və qarışıqsız Kərbəla türbətinə aiddir. Müasir Kərbəla möhürləri bu xüsusiyyətə sahib deyil).
(Təbərani – "Əl-Möcəmül-kəbir”, cild 3, səh. 114.
İbn Əsir – "Əl-Kamil fit-tarix”, cild 3, səh. 443.
Heysəmi – "Məcməüz-zəvaid”, cild 9, səh. 189.
İbn Həcər Əsqəlani – "Təhzibüt-Təhzib”, cild 2, səh. 347.
İbn Həcər Heysəmi – "Əs-Səvaiqül-mühriqə”, XI bab, 30-cu hədis.
Mühibbüddin Təbəri – "Zəxairül-üqba”, səh. 251.
İbn Həmzə - "Əs-Saqib fil-mənaqib", hədis 272.
Şeyx Mufid - "Əl-İrşad", cild 2, VII bab, hədis 7.
Şeyx Səduq - "Əmali", məclis 29, hədis 1 və 4) və s.
Hədisdə qeyd olunan möcüzənin indi də baş verdiyi iddia olunur. Bildirilir ki, Kərbəlada, İmam Hüseyn (ə) hərəminin xəzinəsində saxlanılan türbət möcüzəvi xüsusiyyətə malikdir. Hər il Aşura günü zöhr vaxtı (İmamln qətlə yetirildiyi vaxt) bu torpaqdan qan damır.