Azərbaycanda qanvermə aksiyasında neçə litr qan toplandı?
4043 nəfər qan verib.
Aşura günü ilə əlaqədar bu gün Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyalarında qan verənlərin sayı 4043 nəfər olub.
Feat.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, saat 15:00-a olan məlumata görə, ümumilikdə 1600 litr qan yığılıb.
Qeyd edək ki, bu gün ümumilikdə 15 dini ibadət ocağında qan veriləcək. Bakıda isə 9 məntəqə xidmət göstərir. Toplanan qan hemofiliyalı və talassemiya, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
ANS PRESS-in Təzə Pir Məscidindəki əməkdaşının verdiyi məlumata görə, qanvermə aksiyası səhər saat 07.00-dan başlayıb. Bakıda Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Hematologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva bu saata qədər 494 adamın qan verdiyini deyib. Beləliklə də, həmin məntəqədə 200 litr qan yığılıb.
Onun sözlərinə görə, bütün donorlar müayinə edilir.
“Müraciət edənlər arasında bütün qan qruplarına məxsus olanlar var. Ötən il Aşura günü 4437 nəfər qan vermişdi. Bu il donorların sayının daha çox olacağı gözlənilir”.
Qeyd edək ki, qanvermə aksiyaları aşağıdakı məntəqələrdə keçirilir.
- Yasamal rayonu Təzə Pir məscidi,
- Yasamal rayonu Hacı Soltanəli məscidi,
- Nəsimi rayon Əjdərbəy məscidi
- Səbail rayonu Bibi-Heybət məscidi,
- Səbail rayonu İçərişəhər Cümə məscidi,
- Suraxanı rayonu Qaraçuxur məscidi,
- Xəzər rayonu Mir Mövsüm ağa məscidi,
- Nizami rayon Keşlə qəsəbə məscidi,
- Sumqayıt şəhər cümə məscidi,
- Gəncə şəhər İmamzadə məscidi,
- Mingəçevir şəhər Heydər məscidi,
- Şəki şəhər məscidi,
- Lənkəran şəhər Böyükbazar məscidi,
- Bərdə şəhər cümə məscidi.