Ən gözəl sərvəti olan qadını seçin.

16 Ocak 2015
9 358
0
Ən gözəl sərvəti olan qadını seçin.
Ən gözəl sərvəti olan qadını seçin.


Görəsən, heç düşünmüsünüz ki, Həzrət Məhəmməd peyğəmbərin (s) və İslam dininin insanlara bağışladığı ən gözəl, ən qiymətli hədiyyə hansıdır?

İslam Peyğəmbərinin (s) insanlara ən qiymətli hədiyyəsi mənəvi, əmin-amanlı, cənnət ab-həvalı, ilahi bir həyatdır. O, Allah-Taala tərfindən peyğəmbərliyə seçildi ki, insanlara dünya və axirətdə pak, mənəvi bir həyata qovuşmağı öyrədib, qaranlıq, solğun, sönmüş, qəmli ev və qəlbləri işıqlandırsın. İnsanlara şad və sevincli bir həyat bağışlasın. O Həzrət (s) insana öz həqiqi dəyər və mahiyyətini anlatmaq üçün buyurur: "İnsanın əsl mahiyyəti onun ağıl və təfəkkürüdür". ("Biharul-ənvar", Əllamə Məclisi, 103/235)

Amma sən, ey insan! Əgər kəramət, ucalıq, ləyaqət, şərəf zirvəsinə yüksəlmək və əzab, zülmət, uçurum və kin-küdurət bataqlıqlarından nicat tapmaq istəyirsənsə, ağıl və dərrakə işığında yol getməli və ağlın, elmin işığında doğru yol, xoşbəxtlik və işıqlı həyat axtarmalısan.

Allahın elçisi, əziz İslam Peyğəmbəri (s) insan dərrakəsi və ağlının qüdrətini belə vəsf edir: "Ağıl və düşüncə ilə dünya və axirətin bütün xeyir və xoşbəxtliyinə çatmaq olar. Ağıl və düşüncədən məhrum olan şəxs dünya və axirətin xeyrindən məhrumdur". (Biharul-ənvar, 1/86, 94 və 78/111).

İslam Peyğəmbərinin nəzərində insanların qiyməti onların zəhmət, iş və ibadətlərinin dərəcəsi, ağılları ilə ölçülür. ("Məcməul-bəyan", Təbərsi, 10/324).

Peyğəmbərimizin (s) yanında kiminsə barəsində söz düşərdisə, buyurardı: "Ağıl və düşüncəsinin gözəlliyinə baxın ki, insan ağlına görə mükafat alır". ("Əl-Kafi", Şeyx Kuleyni, 1/12).

O Həzrət (s) başqa bir hədisdə buyurur: "Adəm övladının dözümlü, sabit və möhkəm olması onun ağıl və düşüncəsinə görədir və ağlı, düşüncəsi olmayan kəsin dini də yoxdur". ("Biharul-ənvar", Əllamə Məclisi, 1/86, 94 və 78/111).

Elə buna görə də, insana lazımdır ki, əbədi, pak və xoşbəxt həyata qovuşmaq üçün, ağıl və düşüncə əsasında hərəkət etsin. Həmçinin, özünün həyatdakı seçimlərində, xüsusilə də ailə qurmaq, elçilik etmək və evlənmək istədiyi vaxt ağıl və düşüncəsini işə salsın ki, seçimində yanılmasın.

Eləcə də diqqət etməlidir ki, özünə ömür-gün və sirr yoldaşı seçdiyi qadında hər şeydən öncə bu misilsiz nemət, ağıl və dərrakə olsun. Çünki ağıl və dərrakəsi olan kəs ən yaxşı nemət və ən üstün gözəlliyə malikdir. Ondan məhrum olan kəs isə, həyatda əzab, bədbəxtlik və müsibətdən başqa bir şeyə malik deyildir. Belə şəxs heç vaxt əməl və rəftarlarında özünü doğrultmayacaq, həyat və yaşayışını nizama salıb möhkəmlədə bilməyəcəkdir. Diqqətinizə bir məktubu çatdırıram:

(Məktub) - "...Mənim fikrimi özünə məşğul edən şeylərdən biri də övladlarımı tərbiyə etmək məsələsidir. Bu məsələyə çoxları ciddi yanaşmır və uşaqlar küçə tərbiyəsi ilə böyüyürlər. Bu da sonradan həm valideynlər və həm də ictimaiyyət üçün problemlər yaradır. Belə ailələrin bir nümunəsi bizim qonşuluqda yaşayır. Cavan bir anadır, ancaq kiçik uşaqları ilə qətiyyən maraqlanmır. Uşaqlarının duyğularını başa düşmür, uşaq psixologiyasını bilmir, uşağının gələcəkdə necə və nəçi olacağı onu maraqlandırmır. O, uşaqlarını səhv və yanlış tərbiyə edir..... Dörd yaşlı uşağını isti qaşıqla dağlayır. Uşağını söyür, üstünə qışqırır, qaranlıq otaqda həbs edir, çubuqla elə döyür ki, uşağın çığırtısı, fəryadı adamın ürəyini dağlayır..... Biz ona nə qədər nəsihət versək də, təsir etmir. Elə bil, sözü ona yox, daşa deyirsən, sanki heç ağıl və şüuru yoxdur və söz başa düşmür.

Nə üçün əxlaq alimləri və ailə məsləhətçiləri kitab, məqalə, mətbuat və televiziya verlişlərində oğlanları başa salmırlar ki, evlənmək istədikləri qızın ağıl və zəkasına diqqət edib önəm versinlər, qızın üzünün göyçəkliyinə yox?! Nə üçün oğlanlar yalnız gözəl-göyçək qızların haqqında düşünürlər? Nə üçün ancaq bu fikirdədirlər ki, aldıqları qız filan şəxsin qızı olsun?...Belə olduğu halda, aldıqları qızın necə yüngülağıl, anlamaz, inadkar, tərs, ruhi xəstə və ya başqa bir xəstəliyinin olduğunu evləndikdən sonra başa düşürlər... Sizin fikrinizcə, belə bir ananın tərbiyə etdiyi uşağın öz ailəsinə və ictimaiyyətə nə xeyiri ola bilər?

Sizdən xahiş edirəm ki, analara övladlarına gözəl tərbiyə vermək üçün, ilahi vəhydən qaynaqlanan məsləhətləriniz ilə köməkçi olasınız və onlara öz analıq vəzifələrini xatırladıb başa salasınız ki, övladlarımız həyat bağımızın meyvələridirlər və onları bu cür heyf etmək olmaz...!"
İmza: Sizin bacınız...

(Cavab) - Bəli. Elə bu cür problem və əzablardan qurtarmaq üçündür ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Heç vaxt! Heç vaxt! Ağılsız və axmaq bir qadınla evlənməyin ki, onunla yaşamaq əzab-əziyyət, narahatçılıq və ondan dünyaya gələn övladlar isə fəlakət və uçurumlara yuvarlanacaqlar".
Bu cür əzablardan qurtarmaq və uçurumlara düşməmək üçün əziz Peyğəmbərimizin (s) və Məsum İmamların (ə) kəlamlarını oxuyub əməl etmək və onların həyat tərzini, öz gündəlik həyatımızda icra etmək lazımdır. Belə olduqda, gözəl, pak, sakit bir həyata malik olub dünya və axirət xoşbəxtliyini əldə etmək olar.
Qurani-kərim buyurur: "Peyğəmbər sizə nə verirsə (nəyi əmr edirsə), onu götürün (ona əməl edin); nəyi qadağan edirsə, ondan əl çəkin". ("Həşr" surəsi, ayə:7).Mənbə: "Əxlaq dər xanevade" (Ailədə əxlaq), Ustad Seyid Əliəkbər Hüseyni Mütərcim: Mirməhəmməd Bəşir

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.