Şəki xan sarayı haqqında - Video Çarx
Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray UNESCO-nun Ümumdünya irsi siyahısına namizəddir
Memar: Hacı Zeynalabdin Şirazi
Sifarişçi: Məhəmmədhəsən xan
Tikilmə tarixi: 1790-1797
Kateqoriya: Saray
Üslubu: Fars üslubu
Vəziyyəti: Muzey