“Evdə deyirlər ki, heç dünya ulduzları da sənin kimi deyil” – Samir
ATV-nin aparıcısı Samir Bayramlı “Toydan əvvəl” verilişinin gecikmə səbəblərini açıqlayıb.
“Veriliş prodakşn tərəfindən hazırlanırdı. İndi isə telekanalın öz nəzdinə keçib. Hələ ki, danışıqlar gedir, vaxt seçimi edirik. Efirdə yoxam, heç bir verilişə aparıcılıq etmirəm. Bir vaxtlar məşhur olan İlkin Həsəni, Kamilə Babayeva, Tural Əsədov da bu gün efirdən uzaqdırlar. Aparıcı kimi fəaliyyətlərini efirdə davam etdirmirlər. Əsasən tədbirlərdə, məclislərdə aparıcılıq edirlər. Düşünürəm ki, hər birimiz özəl, daha böyük, maraqlı layihə ilə görünməyə can atırıq. Gərək, hansısa bir verilişi qəbul etsən, onun maddi tərəflərini də düşünəsən”.
S.Bayramlı “Əlavə biznesiniz var” sualına belə cavab verib:
“Əvvəl var idi. Sonra bağlandı. İndi gəlirim ancaq tədbirlərdən, toylardandır. Xaricdə aparıcılar daha çox açılışlardan qazanırlar. Bizdə isə 100-200 manata tədbirə gedən aparıcılar var. Tədbiri təşkil edən də deyir ki, elə bu cür ucuz aparıcı gətirim. Onsuz da, nə fərqi?.. Mən özümü bahalı aparıcı adlandırmıram. Sadəcə, özümə qiymət qoyuram. Heç kimlə pul söhbəti etmirəm, konkret qiymət deyirəm. Gücü çatan ödəsin, tədbirinə dəvət etsin, çatmayan isə yox. Elə vaxt olub ki, cibimdə bir manatım olmayıb, amma yüz manata tədbirə getməmişəm. Çoxları mənim toya getdiyimi eşidəndə təəccüblənir. Əslində mənim haqqımda ətrafda hərdən belə sözlər gəzir: o, kaprizlidir, bahaçıldır... Əsla belə deyil, mən danışığa getməyi sevirəm. Düzdür, kaprizliyəm. Amma işdə yox. Real həyatda “onu yemirəm, bunu geyinmirəm” kimi narazılıqlar edirəm. Hərdən evdə deyirlər ki, heç dünya ulduzları da sənin kimi deyil. Hətta etiraf edim ki, aparıcılıq edəndən sonra bir az kaprizlərimi unutmuşam”.