Merkellə Olland Putindən sükutla ayrıldı: “Zəngləşərik...”

08 Şubat 2015
1 070
0
Merkellə Olland Putindən sükutla ayrıldı: “Zəngləşərik...”
Merkellə Olland Putindən sükutla ayrıldı: “Zəngləşərik...”

Fransa prezidenti Fransua Ollandın və Almaniya kansleri Angela Merkelin Ukraynanın şərqində gedən müharibəni dayandırmaq üçün gözlənilmədən başlatdıqları vasitəçilik missiyası Kremldə sükutla yekunlaşıb.

Virtualaz.org saytı xəbər verir ki, fevralın 6-da Merkel və Olland prezident Vladimir Putinlə saatlarla bağlı qapılar arxasında danışıqlar aparıblar.

Danışıqların yekunu olaraq heç bir bəyanat verilməyib. Olland, Merkel və Putin jurnalistlərin qarşısına çıxaraq 1-2 dəqiqəlik protokol çəkilişinə imkan yaradıblar. Ancaq onların heç biri bir kəlmə də olsun açıqlama verməyib.

Daha sonra Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçıları müzakirələri telefonla davam etdirəcəklər.

Xəbər verildiyi kimi, Olland və Merkel fevralın 5-də Kiyevdə olub. Onların sülh planı ilə gəldikləri bildirilir. Prezident Pyotr Poroşenko ilə danışıqlardan sonra iki Avropa ölkəsinin lideri heç bir bəyanat vermədən Moskvaya yollanıblar.

Olland və Merkelin Kiyevdə danışıqlar apardığı saatlarda ABŞ dövlət katibi Con Kerri də orada olub. Lakin Ukraynaya dair sülh planının müəllifləri arasında ABŞ yer almır.

Moskvadakı danışıqlardan sonra Almaniya XİN-in rəsmi nümayəndəsi Ştefen Zaybert “Alman dalğası”ına bildirib ki, tərəflər razılıq əldə ediblər və sülh razılaşmasının yerinə yetirilməsinə dair birgə sənədi işləyib hazırlayacaqlar. Bu plan Olland və Merkelin təkliflərinə əsaslanacaq, ancaq onu Putinin və Poroşenkonun irəli sürdüyü təkliflərlə tamamlayacaqlar.

Bu təkliflər arasında Ukraynaya beynəlxalq sülhməramlı kontingentin yeridilməsi, separatçılarla yeni təmas xəttinin tanınması da daxildir.

Almaniya hökumətinin nümayəndəsi isə deyib ki, sabah - fevralın 8-də Merkel, Olland, Poroşenko və Putinin iştirakı ilə telefon konfransı planlaşdırılır. Bu konfrans zamanı tərəflər sülh planının son variantını müzakirə edəcəklər.

Birləşmiş Ştatlar rəsmiləri isə deyiblər ki, Berlin və Parisin sülh təşəbbüsünün detalları onlara məlumdur. Lakin bu detallar açıqlanmır.

Qeyd edək ki, Olland və Merkelin sülh təşəbbüsü Ukrayna silahlı qüvvələrinin Donbasda gedən döyüşlərdə yeni ərazilər itirməsinin ardınca baş verib. Qərbdə bir çoxları Ukrayna ordusunun məğlubiyyətinin qarşısını almaq üçün Kiyevə silah verilməsinə çağırıblar. Ancaq Avropa İttifaqı buna qarşı çıxır və bildirir ki, Ukraynaya silah verilməsi Donbasda qüvvələr balansını radikal şəkildə Kiyevin xeyrinə dəyişə bilməz. Bu səbəbdən ən münasib çıxış yolu sülh razılaşmasıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.