Azərbaycanda çölə atılan uşağın barmaqları qopdu - VİDEO
Azyaşlının valideynləri sərxoş halda cəmi bir dəfə xəstəxanaya gəlib.
Sosial şəbəkələrdə yayılan bilgiyə əsasən 10 yaşlı oğlan rayonların birində valideynləri tərəfindən çölə atılıb. Uşaq soyuq qış aylarını küçələrdə qarın üzərində keçirdiyindən onun barmaqları amputasiya edilib.
FeaT.Az ANS TV-yə istinadən xəbər verir ki, buna görə də azyaşlı Bakıda yerləşən 5 saylı şəhər klinik xəstəxanasına gətirilib.
Xəstəxananın şöbə müdiri Şöhrət Məmmədov bildirdi ki, 2005-ci ildə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində doğulan İvanişin Mixalil Andrey oğlu bu ilin fevral ayında xəstəxanaya ağır vəziyyətdə gətirilib. Onun ayaq barmaqları donvurmadan öz-özünə amputasiya olunub. Hazırda isə uşaq əməliyyata hazırlanır:
“Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qalır. Müalicə və müayinə işləri isə davam etdirilir. Hər iki ayağında III və IV dərəcəli donvurma halı qeydə alınıb. Artıq uşaq əməliyyata hazırlanır. Tezliklə uşaq sağalacaq”.
Bundan başqa, həkim onu da dedi ki, azyaşlının valideynləri cəmi bir dəfə xəstəxanaya gəlib, özü də hər ikisi sərxoş halda olub. Amma uşağın aparılmasına valideynləri tərəfindən səy göstərilməyib.
“Uşağın anası xəstəxanaya iki, atası isə bir dəfə gəlib. Valideynlər buna çox səhlənkar yanaşırlar. Onlar uşağın yanında da bir neçə dəqiqə oturub sonra da çıxıb gediblər. Bu cür valideynlərə uşaq vermək düzgün deyil. Onlar uşağı aparmaq istəmədikləri kimi, uşaq da onlarla getmək istəmir”, – deyə, Şöhrət Məmmədov qeyd edib.
Məlum oldu ki, valideynləri tərəfindən naməlum səbəbdən atılan Mixayıl 6 gün qarın üzərində gecələməli olub. Və bu müddətdə kimsəsiz qalan azyaşlı oğlan fiziki zorakılığa da məruz qalıb.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları da məsələyə qarışmalı olub. Buna görə də polis əməkdaşları bu hadisənin səbəblərini araşdırmağa başlayıb.
Artıq xəstəxana rəhbərliyi uşağın valideynlərə təhvil verilməsini düzgün saymır. Uşağın dövlətin himayəsinə verilməsi istiqamətində işlər aparılacaq. Buna görə də Mixayıl ayaq barmaqlarını itirsə də, yalnız dövlətin himayəsi altında öz ayaqları üzərində dayana biləcək.