Bu iki həqiqəti unutma: İntihardan qoruyur

10 Haziran 2016
1 416
0
Bu iki həqiqəti unutma: İntihardan qoruyur
Hər gün intihar xəbərləri ilə sarsılırıq. İnsanımız adi məişət problemi üzündən canına qıyır. Nə qədər yazılsa, danışılsa da, cəhalətin önünə keçmək mümkün olmur.

Bu intiharın tək səbəbi var: cahillik. Başqa nə deyirsiniz deyin, hamısı əfsanədir.

Anadoluda çox gözəl bir məsələ var. Deyərlər ki, ilandan qorxub, əjdahanın ağzına girmək. Yəni ilan səni sancacaq-sancmayacaq, zəhərli ilandır, ya zəhərsiz, sancsa belə, o zəhər sənin üçün ölümcül olacaq, ya olmayacaq, bütün bunlar sual altında olan məsələlərdir, amma əjdahanın ağzından qurtuluş yoxdur, yüzfaizli ölümə gedirsən. İndi bizim insanımızın bu intihar xəbərlərini oxuyanda həmişə o məsəl ağlıma gəlir. Kimdir problemsiz adam? Kimi dindirsən, bir yerdən bir yarası ortaya çıxacaq. Şair demişkən, hər qara telin altında bir "ah" yeri, hər sinədə bir "ox" yeri var. Amma hər şey üçün insan özünə əl qaldırmaz, canına qıymaz ki! Bu nə acizlik, bu nə cəsarətdir insanımızda, anlaya bilmirəm. Guya canına qıymaqla hər şey düzələcəkmi? Ay-hay... Bir az əvvəl dediyimiz kimi, daha betərinə gedirsən. Həm də bu intihar elə ağır bir günahdır ki, silinməsi mümkün deyil. Doğrudur, Allah-Taala üçün mümkün olmayan bir şey yoxdur, istədiyini bağışlayar. Amma Allah-Taala bizim üçün göndərdiyi Quranında yazır ki, canınıza qıymayın. Buna nə deyirsən? Onun elçisi, sevimli Peyğəmbərimiz də intiharı yasaqlayan çox sayda hədislər söyləyib və bildirib ki, kim özünü necə öldürərsə, axirətə qədər o halı ilə qalacaq. Hətta cihadda aldığı yaranın ağrısına dözməyib canına qıyan səhabəni belə od içində gördüyünü bildirir sevimli Peyğəmbərimiz. Sən heç o səhabə də deyilsən, nədir səni bu ağır, ağır olduğundan çox zərərli qərara sürükləyən?

Özünə gəl, ağlını başına topla. Düşün və bu qərarın sənin üçün ən zərərli seçim olduğunu başa düş. Əmin ol ki, zaman gələcək, bu qərardan, yəni intihardan vaz keçdiyin üçün şükür edəcəksən. Bunun üçün indi səninlə iki mühüm həqiqəti paylaşacağıq. Ən güclü dərmandan daha təsirli olan bu həqiqətlər Allah-Taalanın bildirdikləridir. Biz o həqiqətləri, sadəcə, açıqlamağa, sənin düşüncələrinə sızdırmağa çalışacağıq.
Birinci həqiqət odur ki, Allah-Taala heç bir quluna o qulun qaldıra bilməyəcəyi yükü yükləməz. Bu söylədiyimiz Quran mənşəli həqiqətdir. Əgər belə olmasaydı, yəni insana onun qaldıra bilməyəcəyi yük yüklənsəydi, ədalət olmazdı, zülm olardı. Əgər bəşər tarixinə diqqət yetirsəniz, görərsiniz ki, ən böyük müsibətlər ən böyük insanlara, yəni Peyğəmbərlərə gəlib. Açın baxın. Ölkəmizdə çox bilinən və sevilən Həzrəti-İbrahimin həyatına baxın: malı ilə, canı ilə, namusu ilə, övladı ilə imtahan olundu. Övlad başına bıçaq çəkmək nədir, heç bu haqda düşünürsünüzmü? Düşünmək belə insana dəhşət verir, amma o bıçağı övladının başına çəkdi. Çünki əmrin Allahdan gəldiyinə inanmışdı. Allah-Taala öz dostlarını imtahan edir, ağır sınaqlardan keçirir, Allah dostları də sınaqdan-sınağa bişir, bərkiyir, daha əzmli, daha əmin olurlar.

İndi sən də əmin ol ki, başına gələnlər sənin çəkə bilməyəcəyin yük deyil. Ona görə də rahat ol, düşdüyün durumu soyuq ağılla analiz elə və qarşıdakı imkanlardan ən doğru olanı seçməyə çalış.
İkinci həqiqət odur ki, sənin günahın yer ilə göyün arasını dolduracaq qədər olsa belə, yenə Allah-Taalanın mərhəmətindən ümidini çəkməməlisən. Bunu da bizə Quran öyrədir. Bəli, biz günahkar qullarıq, bilərək, ya bilməyərəkdən günah əməllər işləyirik, amma günahımızı anladığımız anda tövbə yolunu tutmalı, kimin haqqını tapdamışıqsa, onunla halallaşmaq üçün boynumuza düşəni yerinə yetirməli, Allahdan əfv diləməliyik. Sən Allahını tanı, Ona boyun əy, insanların haqqını tapdama və Allahın mərhəmətindən də ümidini kəsmə. Əlini qaldır, istədiyini Ondan istə, dərdini Ona aç, çarəni Ondan istə. Əmin ol ki, sahibsiz deyilsən, əmin ol ki, O, səni görür, niyyətini, hər halını bilir, dualarını eşidir. Həm də çox istəyir ki, sən Ona yönələsən, istədiyini Ondan istəyəsən. Buna inan. İnan və ümidini kəsmə. Əmin ol ki, hər ağır durumda ən xeyirli olan bir yol var, o yolu tapmağa çalış. Seçimin elə olsun ki, sonradan peşman olmayasan.

Allah Özü köməyimiz olsun!

zaman.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.