Santa-klausun vətəni
Hamımız yaxşı bilirik ki, Santa-Klausun vətəni Laplandiyadır. Məhz burada, Rovaniemi şəhərinin yaxınlığında qədim Santa-Klaus kəndi yerləşir. Statistikaya görə, bu kənd dünyada ən çox ziyarət olunan turistik yerlərdən biridir.
Laplandiya həqiqətən də qış səyahəti üçün ideal sehrli yerdir. Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Relyefi, infrastrukturu və xeyli sayda mədəni görməli yerləri bu regionu universal qış kurortu edir. Burada istənilən əyləncə və məşğuliyyət növləri fəal istirahət həvəskarlarının ürəyincə olacaq. Hər halda xizək qış turizminin əsas istiqamətləri sayılır.
Yeni İl və Milad Bayramı ərəfəsində Santa-Klausun vətəninə minlərlə turist axışır və həqiqətən də bayram burada çox fərqli keçirilir. Hər tərəf bayram atributları ilə bəzədilir və hər evdən Yeni il musiqiləri eşidilir. Laplandiyada böyük, dəbdəbəli, beşulduzlu otellər yoxdur. Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəz edir. Ən möhtəşəm mehmanxana elə Santa Klaus otelidir.
Yeni İl ayinləri
31 dekabr günü Yeni ili qarşılama mərasimi saat 21.00-dan başlayır. Onların bu mərasim üçün öz qanun-qaydaları var. Dünyanın ən professional şamanları, cadugərləri, falçıları burada yaşayırlar. Saat 22.00-dan sonra küçələrdə şamanlar çox olur. Ümumiyyətlə, şaxta babanın vətəni həm də şamanlar ölkəsi kimi tanınır. İnsanlar hovuzun kənarına qoyulan vedrələrə su töküb, donmasını gözləyir. Alınan fiquru götürüb şamana yaxınlaşırlar. Şamanlar qarşıdan gələn ildə sizi nələrin gözlədiyini deyir. Bu ayin xüsusi ilə turistləri cəlb edir.