Katarakta və ya Mirvari suyu - Səbəblər, simptomlar, müalicə

27 Ocak 2019
1 161
0
Katarakta və ya Mirvari suyu - Səbəblər, simptomlar, müalicə
Feat.Az saglamolun.az-a istinadən cərrah oftalmoloq Nigar Kərimovanın yazısını təqdim edir.

El arasında "mirvari suyu" deyilən katarakta xəstəliyi gözün şəffaf billurunun bulanması nəticəsində yaranır.

Katarakta işıq şüasının gözə daxil olmasına maneəçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. Billur öz şəffaflığını qismən və ya bütövlükdə itirə bilər.

Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Bu düzgün təsəvvür deyil. Katarakta göz billurunun özündə əmələ gələn dəyişiklikdir.

Katarakta hər iki gözdə yarana bilər, lakin bir gözdən o birinə keçən xəstəlik deyil.

Kataraktanın yaranma səbəbləri müxtəlifdir:

- Anadangəlmə kataraktanın yaranma səbəbi qohum nigahları, bətindaxili dövrdə keçrilmiş infeksiyalardır.

- Travmatik katarakta: travma və kontuziya nəticəsində yaranır.

- Digər xəstəliklər nəticəsində ikincili olaraq yaranan katarakta: şəkərli diabet, "uveit" adlandırılan gözdaxili iltihabi proses nəticəsində.

- Qocalıq kataraktası.

Kataraktanın simptomları

Qeyd etmək lazımdır ki, kataraktanın kiliniki simptomlarının inkişafı billur bulanıqlarının harada yerləşməsi ilə əlaqədardır. Əgər katarakta billurun kənar hissəsində (periferiyada) yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz.

"Bulanma" billurun mərkəzinə nə qədər yaxındırsa , görmə qabiliyyətində bir o qədər problemlər yaranmış olacaq.

Siz hiss edə bilərsiniz ki, ətrafınızdakı əşyaları dəqiq seçmirsiniz, torlu görürsünüz, onların konturları silinmişdir, xüsusilə də parlaq işıqda. Hətta, bir şəkil gözünüzdə qoşa görünə bilər.

Çox vaxt işıqdan qorxma hissi yaranır.

Bir gözlə yaxşı görürsünüz, o biri gözlə zəif.

Normal halda qara görünən bəbək bu halda ağara, sarımtıl rəng ala bilər.

Bütün bunlar güclənə bilər və sizi eynəyi tez-tez dəyişməyə, daha güclüsü ilə əvəz etməyə vadar edər.

Bu nişanələr aşkar olunduqda, vaxt itirmədən göz həkiminə müraciət edin.Yalnız oftalmoloq dəqiq diaqnoz qoya bilər.

Kataraktanın müalicəsi

Kataraktanın müalicəsi yalnız cərrahi yolu ilə aparılır. Göz damcısı başlanğıc dövrdə təyin olunur.

Kataraktanın əməliyyatı fakoemulsifikasiya üsulu ilə aparılır və əməliyyatın gedişində intraokulyar linza implantasiya olunur. Əməliyyat 10-15 dəqiqə sürür. Reabiltasiya dövrü qısadır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.