Smartfon bazarında rekord

21 Kasım 2014
1 896
0
Smartfon bazarında rekord
Smartfon bazarında rekord

2014-cü ilin üçüncü rübündə dünya mobil telefonlar bazarının həcmi natural ifadədə təxminən yarım milyard qurğu təşkil edib. Bu haqqda “Counterpoint Technology Market Research” şirkəti məumat verib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bunun da 300 milyonu smartfonlar sinfinə aid olub.

Analitiklər güman edirlər ki, cari ilin yekunları üzrə smartfonların tədarükü 1,3 milyard ədəd təşkil edəcək, bazar mədaxili rekord 300 milyard dollar səviyyəsinə çatacaq.

Mütəxəssislər qeyd edirlər ki, sahənin liderləri "Apple” və “Samsung” şirkətləri olmadan belə nəticələrə nail olmaq qeyri-mümkün olardı, çünki məhz onlar qurğuların orta satış qiymətinin artırılmasına böyük töhfə verərək bunun üçün müasir, cəlbedici dizayn və nüfuzlu brend (iPhone, Galaxy Note və Galaxy S kimi) tətbiq edirlər.

2014-cü ildə smartfon sahəsinin bütün mədaxilinin təxminən üçdə bir hissəsi yalnız “Apple”ın payına düşəcək.

“Counterpoint” şirkətinin qiymətləndirməsinə görə, bu il ABŞ şirkəti “iPhone” satışından 100 milyard dollardan çox qazanc əldə edəcək ki, buna da indiyədək heç bir mobil telefon istehsalçısı nail olmayıb.

“Apple” və “Samsung”un töhfəsinin nə dərəcədə böyük olmasını göstərmək üçün analitiklər onların göstəricilərini digər istehsalçıların nəticələri ilə müqayisə edib.

Məlum olub ki, üçüncü rübdə yalnız “iPhone 5s” modelinin satışı “LG”, “Xiaomi”, “Sony” və “Huawei” şirkətlərinə məxsus mobil telefonların hamısının birlikdə əldə etdiyi qazancdan çox mənfəət gətirib.

Həmçinin “Apple”ın bazara cari ilin sentyabrında çıxarılan yeni nəsil qurğuları (iPhone 6 və 6 plus) satışa start verildikdən iki həftə sonra gətirdiyi qazanc ötən rübdə "Xiaomi” smartfonlarının gəlirindən üç dəfə çox olub.

Öz növbəsində “Samsung” şirkətinin qabaqcıl "Galaxy S5” modeli “Nokia”, “Lenovo”, “Motorola” və “HTC” istehsalçılarının bütün mobil telefonlarından daha çox mədaxil əldə edib.
Ekspertlərin hesablamasına görə, “Apple” və “Samsung”un miqyası və gücü onlara dünya smartfon bazarında ümumi mədaxilin 60 faizini generasiya etməyə imkan verib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, Çinin ucuz qurğuların istehsalında ixtisaslaşan “Xiaomi” şirkəti 2014-cü ilin iyul-sentyabrında bir il əvvələ nisbətdə iki dəfə çox mədaxil əldə edib.

Şirkət bu nəticəyə daxili bazarın genişmiqyaslı olması sayəsində nail olub. Ötən rübdə Çin dünya smartfon sənayesinin gəlirinin dörddə bir hissəsini, ABŞ beşdə bir hissəsini təmin edib.

Onu da qeyd ki, həcminə görə üçüncü ən böyük smartfon bazarı – Hindistan cari rübdə 2014-cü ildə ilk dəfə olaraq 10 milyardlıq mədaxil qazanacaq və smartfonların tədarükünə görə Yaponiyanı pul ifadəsində ötəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.