2-ci HAQQ - Muhəmməd peyğəmbər(s.ə.s)-in Haqqı

31 Ocak 2015
1 723
0
2-ci HAQQ - Muhəmməd peyğəmbər(s.ə.s)-in Haqqı
2-ci HAQQ - Muhəmməd peyğəmbər(s.ə.s)-in Haqqı



Muhəmməd (s.ə.s) Fil ilində (miladi tarixlə 570 və ya 571-ci il) anadan olub, Allah-təala onu 40 yaşında bütün bəşəriyyət (insanlar və cinlər) üçün peyğəmbər seçmişdir:

«De ki: "Ey insanlar! Mən Allahın sizin hamınız üçün göndərilmiş elçisiyəm"» («əl-Ə‘raf» surəsi, 158).

«[Ya Peyğəmbər!] De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: – Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Qur‘an eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və heç kəsi Rəbbimizə şərik qoşmayacağıq"» («əl-Cinn» surəsi, 1-2).
On üç il Məkkədə və on il Mədinədə olan insanları Allahın dini olan İslama də‘vət etmişdir. Allah onu bir şahid kimi insanlara göndərib:

«Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan peyğəmbər kimi göndərdik» («əl-Fəth» surəsi, 8).

Belə olduğu halda:
1. Onun əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinməliyik ki, bu da ona olan haqqımızdır. Allah-təala Qur‘anda buyurur:

«Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) aşkar mö‘cüzələr və kitablarla göndərdik. Sənə (peyğəmbərə) də Qur‘anı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə onlar da düşünüb dərk edələr!»(«ən-Nəhl» surəsi, 44).

«Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, Allahdan qorxun!» («əl-Həşr» surəsi, 7).

«De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir» («Ali İmran» surəsi, 31).

Bu ayələrdən belə nəticə çıxır ki, Peyğəmbərin (s.ə.s) sünnəsini tətbiq etmək, onun haqqını ödəmək deməkdir. Sünnənin lüğəti mə‘nası yol deməkdir. Şəriətdə olan mənası isə – Peyğəmbərin (s.ə.s) dedikləri, etdikləri, səhabələrinin dediklərini, etdiklərini təsdiq etməsi və onun zahiri görünüşüdür.
Peyğəmbərin (s.ə.s) sünnəsi də Allah tərəfindən nazil olunub:

«O havadan (kefi istəyəni) danışmır, danışdığı ancaq nazil olan bir vəhydir» («ən-Nəcm» surəsi, 3-4). Hər bir müsəlmanın borcudur ki, şəriət hökmlərində Allahı və Onun rəsulunu (s.ə.s) hakim tə‘yin etsin:

«Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Onun elçisinə həvalə edin. Bu daha xeyirli və nəticə e‘tibarilə daha yaxşıdır» («ən-Nisa» surəsi, 59).

«Amma xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə‘yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar» («ən-Nisa» surəsi, 65).
Peyğəmbərin (s.ə.s) haqqını qəsdən inkar edənin yeri cəhənnəmdir:

«Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib (sünnəni inkar edib) mö‘minlərdən (səhabələrdən) qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» («ən-Nisa» surəsi, 115).

«Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər» («ən-Nur» surəsi, 63).

Ümumiyyətlə, Peyğəmbərin (s.ə.s) sünnəsi altı qismdir:
Birinci: səbəbi olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir səbəbə görə etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) asqırdıqdan sonra «əl-həmdu lilləh» deyərdi. Deməli, səbəbsiz yerə bunu etmək sünnəyə müxalifdir. Məsələn, əsnədikdə «əl-həmdu lilləh» demək olmaz.
İkinci: keyfiyyəti olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir keyfiyyətdə etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) namaz qıldıqda səcdəni rükudan sonra edərdi. Deməli, rükudan qabaq səcdə etmək sünnəyə müxalifdir.
Üçüncü: miqdarı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir miqdarda etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) zöhr namazını 4 rükət qılardı. Deməli, Zöhr namazını 4 rükətdən artıq və ya əskik qılmaq sünnəyə müxalifdir.
Dördüncü: cinsi olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir cinsdən etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) qurban bayramında (zi-l-hiccə ayının 10-u, 11-i, 12-i və 13-ü, yə‘ni qurban günləri) üç cinsdən qurban kəsməyi buyurmuşdur. Bu heyvanlar dəvə, öküz, qoçdur. Deməli, qurban bayramında bu heyvanlardan başqa ətinin yeyilməsi halal olan heyvanı (xoruz, at və s.) qurban kəsmək sünnəyə müxalifdir.
Beşinci: zamanı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir zamanda etdiyi ibadət.
Buna misal. Peyğəmbər (s.ə.s) məğrib namazını gün batdıqdan sonra qılardı. Deməli, gün batmamış məğrib namazını qılmaq sünnəyə müxalifdir.
Altıncı: məkanı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir məkanda etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) e‘tikafı (Ramazan ayının axır on gününü müəyyən olunmuş yerdə keçirmək) məsciddə edərdi. Deməli, e‘tikafı məsciddən başqa yerdə keçirmək sünnəyə müxalifdir.

Qeyd: Sünnəyə müxalif olan ibadət qəbul olunmur.
Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur» (Müslim, 4467).

2. Həmçinin onu bütün məxluqatdan çox sevmək onun haqlarındandır. Ənəs bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizdən biriniz məni valideynindən, övladından və cəmi insanlardan çox sevməyincə imanı (kamil) olmaz» (Müslim, 167)



2-ci HAQQ - Muhəmməd peyğəmbər(s.ə.s)-in Haqqı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.