Allah gözəldir, gözəlliyi də sevir

31 Ocak 2015
5 983
0
Allah gözəldir, gözəlliyi də sevir
Allah gözəldir, gözəlliyi də sevir


Dünyada elə bir insan tapmaq olmaz ki, gözəlliyi sevməsin. Hər bir insan gözəl bir şey görəndə, yaxud eşidəndə mütləq qəlbində ona sevgi duyur, həmin gözəllik qəlbində həyəcan yaradır. Gözəl mənzərə, gözəl insan, gözəl uşaq və s. Bu gözəllikləri görmək və sevmək təsadüfi deyil, bu gözəllikləri xəlq edən və qəlbimizdə onlara qarşı sevgi yaradan Allah`dır. Allah o gözəllikləri sevir, biz də Rəbbimizin ruhunu daşıdığımız üçün həmişə o gözəllikləri axtarırıq və onları çox sevirik.

Əslində, bütün gözəlliklər aləmlərin Rəbbi Allah`a məxsusdur. Görüb-sevdiyimiz hər gözəllik Rəbbimizin bizə olan sevgisinin təzahürüdür. Allah bizə dünyanı, uşaqları, insanları, çiçəkləri, quşları belə bəzəməklə sevgisini göstərir. Bir düşünək, dünyada rənglər olmasaydı, dünya yalnız bir rəngdə, yaxud ağ-qara olsaydı, necə olardı. Belə dünyada yaşamağa nə qədər tab gətirərdik, necə dözərdik?! Bir dəqiqə xəyalını qurmaq belə insana cansıxıcı gəlir. Halbuki Allah dünyanı necə gözəl rənglərlə bəzəyib, özü də bir-iki rəngdə deyil, cürbəcür rəngdə və rəng çalarlarında. İnsan necə zövq alır bu rəng çeşidlərindən. Göy üzü necə gözəl mavi tonda olur, heç insanın gözünü yormur; çiçəklər necə rəngbərəngdir, qımızı, çəhrayı, sarı... Hələ qoxularını demirəm; rənglərini görmək və onlara baxmaq belə, insana Cənnəti xatırladır. Yaxud da gəlin dadları da düşünək. Acı, şirin, cürbəcür ləziz yeməklər, şirniyyatlar, şirələr və s. İnsan sayıb bitirə bilmir bütün bunları. Allah bizi aciz yaradıb, bir müddət sonra acmağa ehtiyac duyuruq. Rəbbimiz istəsəydi, ancaq bir dadda yemək yaradardı. Heç düşündünüzmü, bir həftə durmadan şirniyyat yesəydiniz, bu, sizdə necə təəssürat yaradardı? Sözsüz ki, bir neçə günə şirniyyatdan diksinərdiniz. Amma Rəbbimiz bizi aciz yaratsa da, acizliyimizi təmin etmək üçün bizi nemətlərlə təmin edir. Bir insan Allah`ın bu qədər neməti qarşısında necə naşükürlük edə bilər? Bütün bu nemətlərə necə təsadüf kimi baxa bilər, Allah`ı necə unuda bilər?!

Allah gözəldir, gözəlliyi də sevir

Rəbbimiz gözəldir, hər zaman bizim də gözəl yaşamağımızı istəyir. Təmiz şeyləri yeməyimizi, təmiz geyinməyimizi, sevgi dolu olmağımızı, gözəl əxlaq göstərməyimizi, elmli olmağımızı istəyir. Çünki Allah bütün bunları sevir, Cənnəti təsvir edərkən Quranda oranı ən gözəl yer kimi təsvir edir. Sözsüz ki, möminlər də dünyanı Cənnətə çevirmək istəyər, Allah`ın Cənnətdə təsvir etdiyi gözəllikləri bu dünyadan yaşamağımızı istəyərlər. Bu da bizim fitrətimizdir, biz də fitrətimizə uyğun yaşamaqla xoşbəxt ola bilərik. Yoxsa Allah`ın bizə lütf etdiyi bütün bu nemətləri görməzlikdən gəlib insanların razılığını axtarmaq insana heç vaxt xoşbəxtlik və hüzur gətirməz. Bizim fitrətimiz dindir, Allah`ın Quranda bizim üçün bildirdiyi əxlaqı yaşamaqdır. Bu, heç də çətin deyil; bizə düşən səmimi olmaq, bizi yaradan Rəbbimizi sevmək, Onun bizi necə çox sevdiyini anlamaqdır, Rəbbimizi tanımaqdır. Din də sevgidir, Allah da sevgidir. Allah`ın əmrləri də bizim üçün gözəllikdir, Sevgilimiz olan Allah`ın buyurduqlarını sevə-sevə yerinə yetirməkdir.

Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.