Axirət gününə niyə inanırıq?

05 Ağustos 2015
1 625
0
Axirət gününə niyə inanırıq?
Axirət gününə niyə inanırıq?

Öldükdən sonra dirilib hesab verməyə inanmaq imanın bir şərtidir. Axirətə inanmayan kimsə müsəlman ola bilməz. Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər mütləqdirsə, öldükdən sonra diriliş də o qədər mütləqdir. Hər şey axirətin varlığını gərəkli edir. Allahın varlığını qəbul edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Çünki Allah insanları təkrar dirildib hesaba çəkəcəyinə söz vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs kitablar vasitəsilə bildirmişdir. Allahın sözündən dönməsi mümkündür mü?

Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Boş və anlamı olmayan bir iş görməsi düşünülə bilməz. Bu boyda kainatı və mükəmməl insanı yaradıb, sonunda da onları büs-bütün yox etməsi çox mənasız olardı.
Bir bağban böyük əmək və qayğı ilə yetişdirdiyi bağçasını yandırıb yox edərmi? Meyvələrini çuxurlara doldurub çürüməsinə yol verərmi? “Xeyr” deyəcəksiniz. Elə isə Allah da bu kainatı daha gözəl və əbədi olaraq yaşaması üçün Axirəti gətirəcək. Bir əkinçi çürüyüb yox olsun deyə toxumu torpağa səpməz. Kök atıb boy versin deyə tarlaya əkər. İnsan da ölüb torpağa basdırılar. Fəqət çürüyüb yox olmaq üçün deyil, Axirətə - yeni və sonsuz bir həyata gözünü açmaq üçün.

Ölüm bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay bəsləyib inkişaf etdirdi. Dünyada yaşamağımız üçün hər cur əzalarla – baş, əl, ayaq, orqanlarla və s. təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə ikinci dəfə bir də doğulacağıq. Ana bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək. Dünyadakı halımız yumurtadakı cücənin halına bənzəyər. Ölümlə yumurtanın qabığını çatladar, tamamilə ayrı və sonsuz bir həyata gözümüzü açarıq.

Hər ölkədə qanunlara əməl edən, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirən həqiqi vətəndaşlar seçilir və sevilir. Qanunları pozan, hər kəsi narahat edən pis insanlar isə cəzalandırılır. Heç qatillərin, oğruların, cinayətkarların sərbəst gəzdiyi bir ölkə ola bilər mi? Belə bir ölkədə ədalətdən danışmaq belə olmaz. Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq görünmür. Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük bir məhkəmədə baxılacaqdır.

İnsanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır. İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki birincisində bütün orqan, sistem və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək, yoxsa dağılan bir şeyi toplamaq daha asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də yaradacaqdır.

Axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır.
Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə Axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.
Əsgərliyini bitirən əsgərin sevincinin həddi olmaz. Çünki öz boynuna düşən vəzifəni yerinə yetirib öz yurduna dönər. Yüzlərcə qohum, yaxın əqrəba və dostlarına qovuşar.
Uzaq bir ölkəyə təhsil almağa gedən bir tələbə vətəninə dönərkən heç ağlayarmı? Ağlayarsa əgər o da sevincindən ola bilər.
Eləcə də dünya həyatı da insanlar üçün bir əsgərlikdir. Sanki bir oxumaq, dərk etmək, təhsil və elm almaq fürsətidir. Ölüm isə “buraxılış” əmridir. Gerçək vətənimiz olan Cənnətə dönüşdür. Axirətə köçmüş milyonlarca qohum, dost və yaxınlarımıza qovuşmaqdır.

Axirətə inanmaq fərd üçün dəyərli olduğu kimi cəmiyyət üçün də dinclik və rahatlıq qaynağıdır. Axirətdə hesab verəcəyinə inanan bir kəs heç vaxt şər əməl sahibi olmaq istəməz. Zülm eməkdən və haqsız olmaqdan özünü saxlayar. Davranışlarına diqqət edər. Bacardığı qədər yaxşılıqlar, xeyir əməllər etməyə çalışar. Çünki nə qədər çox başqalarına faydalı olarsa Axirətdə o qədər çox xoşbəxt olacağını düşünür. Beləcə həm özü, həm də yaşadığı cəmiyyət rahat və sakit yaşayır.

Həyatda yanğın, zəlzələ, xəztəlik kimi müsibətlər əskik olmaz. Hətta bəzən bu fəlakətlər insanın nəyi varsa silib-süpürür. Bu kimi vəziyyətlərdə Allaha və Axirətə inanan insan təsəlli tapar və səbr edər. Özünü məhv etməz, stresə girməz. Çünki itirdiyi şeylərin ona savab qazandırdığını dərk edər.

İnsan bu dünyada hər istədiyini əldə edə bilməz. Axirətə inanan insan Cənnətdə bunlara qovuşa biləcəyinə əmin olar. Təsəlli və rahatlıq tapar. Xeyirli və saleh bir insan olmağa çalışar. Başqalarının mənsub olduqları üstünlükləri qisqanmaz. Ruhi və psixi depresiyaya düçar olmaz.
Axirətə inanan insanlara xas olan iki xüsusiyyət vardır:


1. Bolluqda verdiyi nemətlərə görə Allaha şükr etmək.
2. Sıxıntı və darlıqda isə səbr etmək və Rəbbinə üsyan etməmək.


Fəsillərə qayıt...


Azerislam.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.