Nəzarət və Stimul
Kollecdə tələbə yeməkxanasında yeməyi bitirdikdən sonra qabları bufetə vermək lazımdı. Ancaq əksər tələbələr bunu etmirdilər. Sınaq üçün bir üsul fikirəşdilər. Divralardan böyüdülmüş göz fotoları elə asıldı ki, masada oturan tələbə başını qaldırıb düz baxanda həmin fotodakı gözün ona dikildiyini görürdü. Bu fakt ona səbəb oldu ki, tələbələrin indi daha böyük çoxluğu qabları bufetə təhvil verməyə başladılar. Bir neçə gündən sonra divarlardan göz fotoları çıxarıldı, amma tələbələr qabları indi göz fotosu olmadan da təhvil verirdilər, çünki artıq belə vərdiş etmişdilər.
Başqa bir eksperiment qalmaqallı işlərə baxan dövlət idarəsinin qəbul şöbəsində güzgülər asmaq olmuşdu. Güzgünü elə yerdən asırlar ki, qəbul zamanı oturub şikayətini çatdıran adam özünü güzgüdə görür. Məhz buna görə də onlar bacardıq qədər nəzakətli, təmkinli davranırlar. Çünki adamın özünü güzgüdə görməsi özünə nəzarət üçün əhəmiyyətli faktdır.
İdman stadionlarının tualetində müşahidələr göstərdi ki, bir çox tamaşaçılar təbii ehtiyaclarını ödədikdən sonra əlini yumadan tualeti tərk edirlər. Sınaq üçün tualetdə xüsusi avadanlıq quraşdırıldı. Su kranını açanda, yaxud sabun qabının düyməsini basanda populyar musiqilər səslənirdi. Bu, stimuldur (həvəsləndirmə) və gözlənidiyindən də artıq müsbət nəticə verdi.
Başqa bir eksperiment eskalator və yanaşı pilləkən olan yerlərdə aparılıb. Əvvəl müşahidə olundu ki, çox nadir hallarda adamlar eskalatorla deyil, pilləkənlə qalxıb-düşürlər. Pilləkənlərə piano klavişləri kimi səs çıxaran təbəqə quraşdırıldı. Hər pilləyə ayaq qoyanda bir not səslənir, pilləkənləri qalxdıqca xaotik, amma xoşagəlimli melodiya yaranırdı. Bu, stimuldur. Bundan sonra daha çox adamın pilləkəndən istifadə etdiyi müşahidə olundu. Ancaq məsələ melodiya ilə bitmir. Melodiya sadəcə vərdişə yönəltmə məsələsidi. Adamlar bir çox dəfə eskalatordan deyil, pilləkəndən istifadə edirlərsə, bu onlarda vərdişə çevrilir. Növbəti dəfə melodiya olmadan da pilləkəndən istifadə edirlər. Vərdiş - avtmatlaşmış davranış proqramıdır. Vərdiş necədirsə, adam məhz həmin proqramla davranır. Xüsusən də, fikri başqa yerdə olanda.
--İndi bizdə metroda “sonuncu vaqon” söhbəti çıxıb. Qadınaları sonuncu vaqona yerləşdirmək lazımdı bu adamların fikrincə. Əvvəla, niyə sonuncu vaqona, niyə birinciyə yox? Bu təklif bu adamların əslində qadına ikinci dərəcəli məxluq kimi baxmasını təsdiq edir. İkincisi də ki, bu arxaik bir üsuldu. Metroda qadınların narahıtlığına yol verməmək üçün birincisi, pik saatlarda reyslərin zaman intervalını azaltmaq ki sıxlıq azalsın, ikincisi, vaqonları kameralarla təchiz etmək, bunlar kifayətdir. Kameranın izlədiyini görən əksər adamlar əclaf hərəkətlərə yol verməyəcək. Yollardan bilirik ki, müşahidə kamerları, radarlar sürücülərə necə təsir edir.
İnsanların təlim olunması onların şüurundan daha çox şüuraltısına müraciət etməklə, yəni vərdiş yaratamaqla səmərə verir. Xırda fərdi davranışlardan tutmuş, ümumxalq işlərinəcən bütün səviyyələrdə keçərlidir. Xalqlar bir-birindən ilk növbədə tarixən məhz hansı vərdişlərə yiyələndiklərinə görə fərqlənirlər. Bu isə dəyişməz bir şey deyildir. Zamanla dəyişir. Hökumətlərin istəyi olanda daha sürətlə dəyişir, olmayanda isə əngəllənir.