Salam... Tanış olaq?

05 Ağustos 2022
3 037
3
Salam... Tanış olaq?
Aysel Abdullazadə yazır:

- Salam. Çox mənalı gözləriniz var.
- O dərin baxışlarda itməkdən qorxuram.
- Xanım, adınızın mənası nədir?
- Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.
- Çox gözəlsiniz, tanış olaqmı?
- Söhbət edək, peşman olmazsan.
- Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.
- İdmançıyam, tanış olaq?

Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da...

Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir.

Texnologiya əsrində inkişafın günü-gündən yenilənməsi və insanların bu yenilənmədən istifadəsi qaçınılmazdır. Nəsillər dəyişdikcə, inkişaf da sürətlə irəliləməkdədir. 70-80-ci illərə nisbətdə 1990 və 2000-ci illər tərəqqi anlamında geniş addımlar atmışdır.

Biz 90-ların insanıyıq. O zamanlar tanışlıqlar telefonlarda başlayardı. İnternet və sosial şəbəkələrin aktivliyi indiki qədər yüksək deyildi. Mobil telefonda səhv yığılmış nömrələr, yaxud elə qəsdli şəkildə səhv düşmələr tanışlıqlara vəsilə olurdu. Uğurlu olanı da vardı, uğursuzluqla nəticələnəni də...

Bu gün ən aktiv sosial şəbəkə facebookdur. Elə məsələni də bununüzərində quracağam. Öncəliklə qeyd edim ki, istənilən sosial şəbəkədən istifadə tamamilə individual xarakter daşıyır, birbaşa şəxsin kimliyi və kimlikdən doğan istəklər formatında idarə olunur.

Altı ildir facebook sosial şəbəkəsinin istifadəçisiyəm. Həm şəxsi profilim (sevincimi, kədərimi, istəklərimi, arzularımı, hisslərimi ifadə edən paylaşımlarla), həm də işgüzar müzakirələr məqsədilə istifadə edirəm. Bu gün oxu və inkişaf etmə meyillərini qabardan ilklərdən ən başlıcası elə facebookdur. Kitab oxumayan biri monitor qarşısında əyləşən zaman qarşısına çıxan bir şeiri və ya hər hansı məqaləni oxumağa müvəffəqdir. Bu facebookun üstünlüyü və belə desək, insanlar üzərində hökmranlığıdır. Kitab bu hökmranlığı bacarmır.

Yazarlıq, işgüzarlıq fəaliyyətini qoyaq kənara. Şəxsi yönümlü mesajlar qutusuna diqqət edək. Xüsusən də, dostluğumuzda olmayanların "digərləri" qutusuna gələn mesajları. Bunlar önəmli olmadığı üçün ayda bir dəfə boş vaxtımda diqqət yetirirəm. Və budur, yüzlərlə əhəmiyyəti sıfırın altında olan mesajlar dolub-daşır.

Bu mesajların 99%-i tanışlıq, ünsiyyət qurmaq mahiyyətlidir. Çoxdandır müşahidə edirəm, bu müşahidəm əsasında nəhayət, bu gün bunu yazmağa qərar verdim.

Tanışlıq gözəldir, çevrə artımı, insanlarla ünsiyyət, dost əhatəsinin genişliyi və lap elə iki əks cinsin tanışlığından sevgiyə doğru addımlar... Bunlarda pis heç nə yoxdur. Tanışlığın məkanı, zamanı və yeri də yoxdur. Həmişə deyirəm, yolda, kinoteatr zalında, universitetdə, toyda, doğum günü şənliyində, kitabxanada, kitab təqdimatında və ya facebookda - hamısı normaldır. Tək bir şey - yanaşma tərzi önəmlidir.

Yuxarıda qeyd etdiyim mesajlar facebook istifadəçisi olan istənilən qızın (qadın) mesaj qutusunun təzahürüdür. Bir az da aktiv istifadəçisənsə, bu daha da "artımlı" olur.
Yanaşma tərzi gəncliyimizin əksəriyyətində inkişafdan qalıb. Öncəliklə, bəylərə demək istəyirəm ki, hər qarşınıza çıxan qız profilinə yazmaq sizin acizliyinizi göstərir. İnsan kimliyinə görə hərəkət edir. Bu mesajların nə vaxtsa, alicənab, ağıllı, mədəni, dürüst bir adamdan gəldiyini görməmişəm. Maraqlı burasıdır ki, mesajla profil sahibi qəribə bir eynilik - vəhdət təşkil edir. Mesajı oxuyanda adam canlanır gözündə və adamın profilinə baxanda bu mesajı yazacağı bəlli olur. Qəribə tendensiyadır, deyilmi?

Tanışlıq bir məqsəd güdür. Bəli, tamamilə bir məqsəd güdməlidir. Məqsədsiz bir şey, çox anlamsız və banal görünür, eyni zamanda da müvəqqəti. Bir bəyin bir xanımla və ya əksi olmaqla tanışlıq məqsədi çox normaldır. Yetər ki, bunu məqsədinizlə açıq, dürüst və ən önəmlisi mədəni şəkildə icra edə biləsiniz.

Uğurlu və mədəni tanışlığın düzgün icrasını sizə təqdim edirəm. Qeyd edim ki, yazdıqlarım hər iki cins üçün keçərlidir. Kültür insana aiddir, qadın və ya kişi ayrımcılığı ehtiva etmir.


1. Sizə nə lazımdır, bunu bəlirləyin:
a) dostluq
b) qısa, müəyyən bir zaman kəsiyi və ya həmin an üçün həmsöhbət
c) maraqlı və ya tanınmış bir adamdırsa, sadəcə daimi ünsiyyət
d) tanışlıqdan doğan daha ciddi addımlar

Bunları özlüyünüzdə aşkar edin, dəqiqləşdirin, daha sonra koseptə uyğun davranışla icrasına keçə bilərsiniz.

2. "Salam" yazın və gözləyin! Qarşı tərəfdən qarşılıq gəlmədiyi sürəcə digər mesajlarla rahatsızlıq vermiş olursunuz. Yaxud ilk mesajınız oxunub və cavab yazılmayıbsa, yenidən cəhdi unudun.

3. Qarşınızdakı insanın sizin haqqınızda ilk təəssüratı bir mesajdan asılı olduğundan yazdığınız sözlərə və ifadələrə diqqət edin! Gərəksiz sözlər kiməsə lazım deyil. Qısa, aydın və lakonik şəkildə fikrinizi ifadə etsəniz, yetərlidir.

4. Tanışlığınız olmadığına görə qarşıdakı insana ikinci şəxsin təki ilə deyil, ikinci şəxsin cəmində müraciət etməlisiniz! Yəni, "necəsən?" yox, "necəsiniz?" olacaq. Bu həm bir mədəniyyət göstərgəsi, həm də sizin qarşıdakına sayğınızın ifadəsidir.

5. Gül-çiçək, böcək, günəş, yağış şəkilləri ilə mesaj qutusunu doldurmayın!

6. Salam'dan sonra iltifat etməyə gərək yox! Tanımırsınız, nə iltifat edən olmusunuz? Çox səmimiyyətsiz bir görünüş sərgiləmiş olacaqsınız.

7. Özünüzün "kriteriyalarınızı" gözə soxmağa çalışmayın! Ağlı başında bir insan bundan sadəcə iyrənər. (idmançıyam, cudoistəm, rəqqasəyəm, gözələm və. s)
Diqqət etsəniz, bir həkim heç vaxt "stomatoloqam, pediatram - həkiməm" deyib, bu tipli mesaj yazmaz, yaxud "müəlliməyəm, jurnalistəm, vəkiləm" kimi də həmçinin.

8. Tanışlıq formatına görə uyğunlaşmağı bacarın! Situasiyadan asılı olaraq sual və təkliflərinizi qarşı tərəfə ünvanlayın.
Bir saatlıq söhbətdə qarşınızdakının adı, yaşı, harda yaşamağı, valideynlərinin hansı sahədə çalışmağı, ailədə neçə nəfərdən ibarət olmağı sizə gərək deyil, məğzi anlamağı bacarın. Həmsöhbət olmaq tanışlığın lap xırda bir elementidir, tanışlığın xaricinə çıxarmaq da olar. Bunu anlamaq sizi daha alicənab və olduğunuz kimi göstərəcək.


9. Bizim toplumda əksəriyyət gəncliyin "həmsöhbət" olduqlarını zənn etdikləri anda verdikləri suallar bunlardır:
- salam
- və ikinci sual - neçə yaşın var?
- harada yaşayırsan?
- sirr deyilsə, Bakının harasında?
- Binəqədidə, nə yaxşı, bəs hansı tərəfində?


Gərək, elə ilk sualdan tam ünvanını yazıb göndərəsən ki, əl çəksin.

Əzizlərim, insanla ünsiyyətdə olmaq və ya onu tanımaq istəyirsinizsə, ilk öncə düşüncələrini tanıyın. Fikirlərinin özülündən agah olun, mədəniyyət göstəricilərinə baxın, həyat fəlsəfəsini öyrənin. Daha dərindən sadəliyə doğru gəlin ki, yolunuzun doğru olduğundan əmin olasınız.
Bir insanla ünsiyyət sizə sadəcə onun yaşını, adını və Binəqədidə hansı marketin yaxınlığında yaşamağını bilməyinizi qazandırırsa, demək, siz elə o "bilgilərə" layiqsiniz, beyninizin informasiya alma kapasitəsi o qədərdir, daha genişini qapsaya bilməz.


Əhəmiyyətli və özəl tanışlıqlar yaratmaq özünüzdən və necə biri olmağınızdan asılıdır. Bir salam'la bir evdə yaşamağa (evlənməyə) qədər irəliləmək mümkündür, belə insanlar ətrafımda çoxdur. Nə xoş mənə ki, tanışlığın yerini və gözəlliyini bilən bacarıqlı insanların çevrəsindəyəm.

Xoş tanışlıqlar və maraqlı ünsiyyətlər diləyilə - əsən qalın!
müəllif: Aysel Abdullazadə
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Tina
    • Tina
    • 20 Aralık 2015 11:40
    maraqli xebere gore coxsagolun boyuk xebredir oxuyub catdirdim
  2. Bella
    • Bella
    • 10 Aralık 2015 21:14
    Çox , olduqca düzgün vurğulanıb. Xanım o qədər ətrafl izah etdi ki, şərh yazmağa ehtiyac duymadım. Sağ olun)))
  3. sevgi^_^
    cox maraqli xeberd oxudum ve bir weyler anlamaga caliwdim twk paylawdigin ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.