Qida əlavələri (vitaminlər və probiotiklər) » Feat.Az Sekiller, Xeberler, Yazili

Qida əlavələri (vitaminlər və probiotiklər)

12 June 2018
248
0
Qida əlavələri (vitaminlər və probiotiklər)
Vitaminlər

Vitaminlər – üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə - avitaminozla (sinqa, raxit, qanaxma, boyatmanın ləngiməsi) nəticələnir.

A vitamini

A vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyinə səbəb olur. A vitamini, həmçinin orqanizmdə normal boyatma üçün zəruridir. Ən çox qaraciyər, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur.

B vitamini

B qrupu vitaminlərinə B1, B2, B6, B12 vitaminləri daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur.

B1 vitamini maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. O, orqanizmdə sinir sistemi fəaliyyətinin normallığı üçün zəruridir. Orqanizmdə bu vitamin olmadıqda ağır avitaminoz "beri-beri" xəstəliyi yaranır. B1 vitamini qəbul etməmiş insanlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, buğdada, arpada, paxlada, düyü və vələmir yarmasında, qaraciyərdə, yumurta sarısında olur. Yaşlı insanın gündəlik norması 2-3 mq-dır. B12 vitamini daha çox istifadə edilir. Bu vitamin orqanizm üçün çox zəruri olan nuklein turşuları sintezində iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

C-vitamini

C-vitamini - askorbin turşusu vitaminlərin ən geniş yayılmış formasıdır. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin tərkibində daha çox olur: itburnu, kələm, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, mandarin, alma, moruq və.s. Həmçinin dalaq, qaraciyər, at südündə C vitamini vardır. C vitamininin çatışmazlığı zamanı sinqa xəstəliyi əmələ gəlir. Sinqa zamanı təngnəfəslik, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik, hətta, ölümlə nəticələnə bilir. Sinqa xəstəliyi C vitamini qəbul etməklə tez bir zamanda müalicə olunur. Yaşlı adamın C vitamininə gündəlik təlabatı: yüngül işlə məşğul olanlarda 75-100 mq, ağır işlə məşğul olanlarda 200-300 mq-dır. Bəzən C vitaminini «müqavimət vitamini» də adlandırırlar.

D vitamini

D vitamininin çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzlarının mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların ayaqları əyri olur, başı çox böyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur. Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur. Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır. D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir.

E vitamini

E vitamini hormonların, xüsusən cinsiyyət hormonunun sintezini gücləndirir. Bu vitamin ən çox dana ətində, kərə yağında və yumurta sarısında olur.

Probiotiklər

İnsan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən "canlı mikroorqanizmlər" ə probiotiklər deyilir. Normal bağırsaq florasını təşkil edən və patogen olmayan qram-mənfi və qram-müsbət bakteriyalar, habelə göbələklər probiotiklərə aid edilir. Probiotiklər qidaya əlavə hesab edilir və ümumiyyətlə təhlükəsiz hesab olunur. Lakin probiotiklər dərman olmadığından onların istehsalı və istifadəsinə nəzarət fərqlidir. Bu səbəbdən də həkimlər probiotiklərin istifadəsində ehtiyyatlı olmalıdır. Probiotik orqanizmlər əsasən fermentasiya olunmuş qida məhsullarında (məs., qatıq, xama, yoqurt və s.) rast gəlinən bakteriyalarla eynidir. Digər probiotik preparatlarda olan orqanizmlər bağırsaqda rast gəlinən bakteriyalarla eynidir. Düşünülür ki, probiotiklərin müsbət təsiri bağırsaq mikroflorasında balansın bərpa olunması ilə bağlıdır. Həmin faydalı mikroorqanizmlər zərərli mikroorqanizmlərlə qida elementləri uğrunda rəqabət aparır.
isim.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz