Yusif Peyğəmbər haqqinda

16 Kasım 2014
11 940
0
Yusif Peyğəmbər haqqinda
Yusif Peyğəmbər haqqinda


Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Balaca Yusif çox ağıllı və gözəl bir uşaq idi. Onun on bir qardaşı var idi. Atası Yaqub Yusifi oğlanlarının hamısından çox sevirdi. Bu isə Yusifin qardaşlarının xoşuna getmirdi.

Bir gün Yusif qəribə bir yuxu gördü. O yuxuda gördü ki, on bir ulduz, günəş və ay ona səcdə edirlər. Balaca Yusif yuxunun nə demək olduğunu başa düşmədi. On bir ulduzun, günəşin və ayın ona səcdə etməsi onu çox təəccübləndirdi. Yusif atası Yaqubun yanına gəlib ona dedi: – Atacan! Mən yuxuda on bir ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər. (Yusif 4) Yaqub peyğəmbər idi. Ona görə də yuxunun nə demək olduğunu başa düşdü. O, Yusifə belə dedi: – Allah sənə bərəkət versin ey Yusif! Bu yuxu sənin elmli bir peyğəmbər olacağına müjdədir. Səndən əvvəl Allah sənin babaların İshaqa və İbrahimə də Öz nemətini bəxş etmişdir. Artıq Allah sənə və Yaqubun ailəsinə nemət bəxş etdi. Yaqub dünya görmüş adam idi. O, insanları yaxşı tanıyırdı və şeytanın insanları necə yoldan çıxarıb onlara qalib gəldiyini bilirdi. Ona görə də Yusifə dedi: – Ey oğlum! Gördüyün yuxunu qardaşlarına danışma, ola bilsin ki, onlar həsəd aparıb, sənə bir pislik edərlər. Yusifin Bin Yamin adında bir qardaşı var idi. Ataları Yaqub onların hər ikisini digər oğlanlarından çox sevirdi. Yusifin qalan qardaşları onlara həsəd aparırdılar. Onlar deyirdilər: – Nə üçün biz gənc və qüvvətli olduğumuz halda atamız kiçik və zəif olan Yusif ilə Bin Yamini sevir? Bir gün balaca Yusif yuxusunu qardaşlarına danışdı. Bunu eşidən qardaşların həsədi daha da artdı və onlar bərk qəzəbləndilər. Xəlvəti bir yerə toplaşıb dedilər: – Gəlin Yusifi öldürək və ya uzaq bir yerə ataq. Bəlkə onda atamız ancaq bizi sevə. Onlardan biri dedi: – Xeyr onu yolda olan quyuya atın yoldan keçənlərdən biri götürüb aparsın. Bu fikri hamısı bəyəndi və belə etmək qərarına gəldilər.
Onlar Yusifi özləri ilə uzağa aparmağa izn almaq üçün ataları Yaqubun yanına gəldilər. Yaqub bilirdi ki, oğlanları ögey qardaşları Yusifə həsəd apardıqlarına görə onu sevmirlər. Ona görə də Yusif üçün çox qorxurdu və onu gözündən uzaq qoymurdu. Qardaşlar da bunu çox yaxşı başa düşürdülər, lakin onlar artıq Yusifə pislik etmək qərarına gəlmişdilər. Onlar dedilər: – Atacan! Nə üçün Yusifi bizimlə birgə gəzməyə buraxmırsan? Nədən qorxursan? Axı o bizim sevimli kiçik qardaşımızdı. Biz bir atanın övladlarıyıq. Qardaşlar daima bir yerdə oynamalıdır, nəyə görə biz bir yerdə oynamayaq? Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb-əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq! (Yusif 12) Yaqub ağıllı, lakin mülayim bir kişi idi. O, Yusifə bir şey ola biləcəyindən çox qorxurdu və istəmirdi ki, Yusif ondan uzaq düşsün. Ona görə də oğlanlarına dedi: – Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız! (Yusif 13) Onlar dedilər: – Bu əsla ola bilməz! Axı biz qüvvətli və gəncik. Biz orada ola-ola qurd onu necə yeyə bilər? Nəhayət Yaqub onlara Yusifi özləri ilə meşəyə götürmələrinə icazə verdi. Qardaşlar Yusifi özləri ilə meşəyə aparmaq üçün atalarından icazə aldıqlarına çox sevindilər.
Yusifi də özləri ilə götürüb meşəyə getdilər. Orada onlar balaca Yusifi dərin bir quyuya atdılar. Onların nə balaca Yusifə, nə də yaşlı atalarına yazıqları gəlmədi. Yusif çox kiçik və incə qəlbli bir uşaq idi. Quyu isə dərin və qaranliqdı. Yusif bərk qorxurdu, lakin Allah Yusifin qəlbinə bir rahatlıq verdi və ona dedi: – Qorxma və kədərlənmə! Allah səninlədir, O səni xilas edəcək! Qardaşlar Yusifi quyuya atdıqdan və meşədə işlərini görüb qurtardıqdan sonra bir yerə toplaşıb dedilər: – Atamıza nə deyəcəyik? Onlardan biri dedi: – Atamız deyirdi ki, qorxuram Yusifi qurd yeyə və sizin xəbəriniz olmaya. Biz də ona deyərik ki, sənin dediyin doğru oldu, onu qurd yedi. Onlar dedilər: – Doğrudur, atamıza elə bu cür deyərik. Deyərik ki, onu qurd yedi. Qardaşlardan biri dedi: – Bəs bunu nə ilə sübut edəcəyik? Onlar dedilər: – Bunu Yusifin qana bulaşmış köynəyi ilə sübut edəcəyik. Onlar bir quzu gətirib onu kəsdilər. Sonra isə Yusifin köynəyini quzunun qanı ilə boyadılar. «İndi atamız bizə inanar!» – deyə sevindilər. Onlar axşam üstü ağlaya-ağlaya atalarının yanına gəldilər. Və dedilər: «Ata! Biz qaçıb bir-birimizlə ötüşürdük (və ya ox atıb yarışırdıq), Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir.» (Yusif 16,17) Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər (Yusif 18). Və dedilər ki, bu Yusifin qanıdır. Yaqub ağıllı və müdrik bir peyğəmbər idi. O bilirdi ki, qurd insanı yeyəndə onu parçalayır və paltarını cırır. O başa düşdü ki, qurd hadisəsi uydurmadır və köynəyin üstündəki qan da Yusifin qanı deyil. Çünki Yusifin köynəyi salamat idi. O oğlanlarına dedi: – Bu sizin uydurduğunuz bir hekayədir. Mənə yalnız tükənməz, dözümlü səbr gərəkdir. (Yusif 18) Yaqub sevimli oğlu balaca Yusif üçün çox kədərləndi, lakin o, bu itkiyə gözəl bir tərzdə səbr edib dözdü. Qardaşlar axşam yeməklərini yeyib, quyuya atdıqları Yusifi unudaraq öz rahat yataqlarında yatmağa getdilər. Yusif isə quyuda tək-tənha qalmışdı. Onun nə bir yeməyi, nə də yatmağa bir yeri var idi. Qaranlıq gecədə meşənin ortasındakı dərin quyuda tək qalan Yusif sabaha qədər atası Yaqubu və qardaşlarını düşündü. Yaqub da Yusifi bir an belə unuda bilmədi. Səhəri gün meşənin içindən keçib gedən bir dəstə camaat su içmək üçün quyunun yanında dayandılar. Bir kişi quyudan su çıxartmaq üçün quyunun içərisinə bir qab sallayıb, sonra da onu yuxarı dartmağa başladı. Qab çox ağır idi. O qabı quyudan çıxardanda Yusifi görüb heyrətə gəldi və camaatı ora səsləyib: «Şad xəbər, şad xəbər! Bu bir oğlandır!» (Yusif 19) – dedi. İnsanlar çox sevindilər və balaca Yusifi bir paltara büküb özləri ilə götürdülər. Onlar gəlib Misirə çatdıqda
Yusifi bazara çıxardıb ucadan dedilər: – Cavan bir oğlan satılır! Kim bu oğlanı almaq istəyir?! Əziz adlı bir nəfər Yusifi satan tacirə bir neçə dirhəm verib onu satın aldı. O Yusifi evinə gətirib arvadına dedi: – Yusifə yaxşı bax, o çox doğru danışan bir gəncdir. Əzizin arvadının Yusifdən çox xoşu gəldi. O Yusifi xəyanətə təhrik etməyə çalışırdı. Yusif isə buna əsla razı olmurdu və deyirdi: – Xeyr! Mən ağama xəyanət etmərəm, o mənə çox yaxşılıqlar edib. Mən Allahdan qorxuram. Qəzəbli qadın Yusifə şər atıb, ondan ərinə şikayət etdi. Əziz Yusifin ona sadiq olduğunu bilirdi və arvadının haqsız olduğunu görüb ona dedi: – Sən həqiqətən, günah edənlərdənsən. (Yusif 29) Yusif öz gözəlliyi ilə bütün Misirdə məşhur olmuşdu. Onu görən hər kəs: – Bu, bəşər deyildir! Bu ancaq Allah yanında əziz olan bir mələkdir! (Yusif 31) – deyirdi. Əzizin arvadının Yusifə olan qəzəbi isə günü-gündən artırdı. Bir gün o Yusifə dedi: – Mən səni zindana saldıracağam. Yusif isə ona: – Zindan mənim üçün daha yaxşıdır. (Yusif 33) – deyə cavab verdi. Beləliklə xəyanətkar qadın Yusifi zindana salmağa nail oldu. Lakin Əziz Yusifin günahsız olduğunu bilirdi. Zindana atılan Yusif tez bir vaxtda zindan əhli arasında böyük rəğbət qazandı. Onlar Yusifin çox elmli, geniş ürəkli və mərhəmətli bir gənc olduğunu gördülər. Zindan əhli Yusifə hörmət və ehtiramla yanaşırdı. Yusiflə bərabər zindana iki gənc də girmişdi. Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdə ona öz yuxularını danışdılar. Onlardan biri dedi:«Mən (yuxuda) gördüm ki, şərab üçün üzüm sıxıram». Digəri isə belə dedi:«Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir.» (Yusif 36) Onlar Yusifdən bu yuxunu yozmalarını istədilər. Yusif yuxu yozma elmindən xəbərdar olan bir peyğəmbər idi. Lakin onun zamanında insanlar Allahdan qeyri, özlərinin düzəltdikləri bütlərə ibadət edirdilər. Onlar deyirdilər:«Bu yer ilahıdır, bu dəniz ilahıdır, bu ruzi ilahıdır, bu yağış ilahıdır… ». Yusif isə bunları görüb gülürdü, lakin o, ağıllı insan olduğundan camaatın halına acıyırdı. O istəyirdi ki, insanları Allahın dininə dəvət etsin. Yusif özü-özünə dedi:«Ehtiyac bu insanları mənim yanıma gətirib. Ehtiyacı olan insan isə mülayim, itaətkar və öyüd-nəsihət dinləyən olur. Mən indi onlara nə desəm onlar mənim söhbətimi dinləyib, mənə qulaq asacaqlar». Lakin Yusif tələsmirdi. O dedi: – Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. (Yusif 37)


Edit_ Deli QıZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.