QARAQAN - "A" Romanı ( Bölüm 3-4 )

27 Şubat 2015
1 667
0
QARAQAN - "A" Romanı ( Bölüm 3-4 )
QARAQAN - "A" Romanı ( Bölüm 3-4 )

3 Bölüm
Sadəcə yaşayırdı. Görəsən bütün qocalar belədir? Onlar nə fikirləşirlər? Mənim nənəm deyirdi ki, bircə sənin universitetə daxil olmağını görüm day heç nə istəmirəm. Universitetə daxil olandan sonra dedi ki, bircə toyunu görüm heç nə istəmirəm. Ondan sonra da yəqin deyəcəkdi ki, bircə oğlunu görüm daha heç nə istəmirəm. Bəs sonra nə deyəcəkdi? Bircə xoş gününüzü görüm, heç nə istəmirəm. Sonra da bircə oğlunun məktəbə getməyini görüm.. Lap nağıldakı kimi. Bir kişi günah etdiyinə görə mələklər onu cəzalandırırlar. Cəzası da ölümsüzlük olur. Kişi ölmür. Həmişə cavan qalır. Bu ilk baxışdan əla görünə bilər. Həmişə cavansan. Amma təsəvvür edin ki, kişinin sevgilisi olur. Sonra sevgilisinin qocalmağını görür. Gözünün qarşısında uşaqları ölür. Nəvələri qocalır. Sonra onlar da ölür. Kişi nəvəsinin nəvəsinə aşiq olur. Evlənir. Sonra o da qocalır. Bunu görəndə başqa şəhərə qaçır. Orada da ailə qurur. Dostlar tapır. Amma hamısı bir gün məhv olub gedir. Onda kişi dövlətinə, vətəninə xidmət eləməyə başlayır. Amma illər ötür, sərhədlər dəyişir, yeni millətlər əmələ gəlir, yeni dövlətlər qurulur. 300 il ərzində kişinin 15 vətəni olur. Günün birində kişi özünü öldürmək istəyir. Amma ölə bilmir. Başlayır özü kimi ölümsüzləri axtarmağa. 500 il, 1000 il keçir, heç kimi tapmır. Tək-tənha qalır. Bu illər ərzində o qədər bilik toplayır ki, artıq insanlarla da ünsiyyətə girə bilmir. Çünki 50 illik həyat təcrübəsi olan insanlar onun qarşısında 5 yaşlı uşağa bənzəyirlər. Kişi həyatın içini də çölünü də bilir. Bütün ölkələri gəzir. Dənizlərin qurumasını görür. Bəzi heyvanların nəslinin kəsilməsini şahidi olur. Çoxlu var-dövlətə sahib olur. Hərəmxana açır. Sərvət sahibi olur. Artıq içində heç kimə qarşı sevgi olmur. Bütün günlərini eyş –işrətlə keçirir. Ölüm qorxusu olmadığından, həm də ölüm onun üçün gizli qalan yeganə sirr olduğundan nökərlərinə əmr edir ki, onu edam etsinlər. Onun əl- ayagını doğrayıb, başını kəsirlər. Sonra bədənini yandırırlar. Amma səhəri gün o yenidən yeni bir cilddə peyda olur. Gah dənizin sahilində, gah mağarada, gah meşənin içində, gah küçələrin arasında. Vəziyyəti belə görüb başlayır ibadətə. Hər şeyi atıb günlərini məbədlərdə keçirir. Amma hər dəfə yeni dinlər yaranır, yeni peyğəmbərlər gəlir. O da hər dəfə yeni dinlərə qoşulur ki, bəlkə Allah onu bağışlayar. Amma ölüm gəlmir. Onda kişi başlayır insanları öldürməyə, fəlakətlər törətməyə, gəmiləri deşir, evlər yandırır, ordular qurub dünyanı idarə etməyə çalışır. Çox zaman da bu alınır. Kişi ən güclü sərkədə olur. Onu öldürürlər. O isə başqa cilddə peyda olur, başqa bir dövləti idarə edir. Bu işdən də bezəndə rəssam olur, sonra şair, sonra balıqçı, sonra müğənni və bir gün hər şeydən bezir. Onda dəli olur. Ağlını itirir. Başlayır hər kəsə bəyan eləməyə ki, hər dəfə yeni cilddə dünyaya gəlir. Amma insanlar ona inanmırlar. O keçmişdən danışır. Sirrlərdən danışır. Deyirlər ya falçıdır, ya cadugər. Və onu yenidən edama, ya da ki zindana aparırlar. Bu nağıl bitmir. Sonda heç nə deyilmir. Deyilənə görə bu nağılı elə həmin kişi özü yazıb. O indiyə qədər bizim aramızdadır. Sadəcə artıq yorulub. Çox yorulub. O bizə baxır və susub yanımızdan keçir. Onun baxışları dərinlərə, çox dərinlərə zillənib. Onun bu həyatda heç kəsi yoxdur. O təkdir.
Bu kişinin də heç kəsi yox idi. Niyəsə ona baxanda həmin nağıl yadıma düşürdü. Amma bu kişi artıq qocalmışdı. Ayaqları güclə tərpənirdi. O biləndə ki, mən elə belə gəzirəm, macəra axtarıram, 3 atından birini mənə verdi. Bu qapqara ata görə kişiyə minnətdarlıq bildirib yoluma davam etdim. Atın belində özümü lap qəhrəman kimi hiss edirdim. Ömrümün son bir ayı əvvəlki bir ilindən maraqlı idi. Mən inanırdım ki, bu səyahət məni sonda harasa çıxaracaq. İnanırdım ki, taleyimlə qarşılaşacam. Düzdü 21-ci əsrdə sehrli heç nə ola bilməzdi. 21-ci əsr "Hər şeyin bir rasional açıqlaması var” əsri idi. 21-ci əsr "Oğlum, ya pul qazan ya da pul qazan" əsri idi. Və bu cındır dövrdə heç nə baş verə bilməzdi. Ən qeyri adi hadisə də 100 % hansısa şou proqramın gizli çəkilişlər zamanı göstərdikləri priyomlardan başqa bir şey olmayacaqdı. Amma bu baş verdi. Möcüzə. Mən doğrudan da tale axtarmağın nəticəsini gördüm. Hər şey iyulun 27-si baş verdi. Bu günə qədər bu tarix yadımdadır. Atdan enib bulaqda əllərimi yuyurdum. Son 3 gün ümumiyyətlə bir nəfərə də rast gəlməmişdim. Bu dağlarda artıq heç kəs yox idi. Amma yol uzanırdı. Mən də getmək istəyirdim. Atımı sığalayıb yaş əski ilə belini sildim. Hava çox isti idi. İstəyirdim bir az sərinləsin. Sonra foto aparatla dağların şəklini çəkdim.Yol boyu çoxlu şəkil çəkmişdim. İstəyirdim bu günlərdən bir yadigar qalsın. Bir az da dincələndən sonra atı minib yoluma davam etdim. Günəş zeniti keçmişdi. İndi yavaş yavaş qərbə doğru əyilirdi. Atı yavaşca sürürdüm. Tələsəsi yerim yox idi. Elə növbəti təpəni aşmışdım ki, açılan məzərə məni valeh etdi. Belə gözəl çəmənlik görməmişdim.Yaşıl otların arasında əlvan çiçəklər. Çəmənliyin qırağı ilə qaçışan iki ceyran. Elə bil cənnətə düşmüşdüm. Əsasən də şahzadəyə görə. İstəyirsiz inanın, istəyirsiz inanmayın. Çəmənliyin ortasında ağ atın belində gözəl bir şahzadə yavaş-yavaş at sürürdü. Bu, kənd qızı deyildi. Əsl şahzadə idi. Qolları qızıl bilərzikli, ipək saçlı, bəyaz uzun donlu şahzadə. Mən də qara atımı sürə-sürə ona yaxınlaşdım. Artıq üz-üzə gəlmişdik. Donub qalmışdım. Elə həmin an bizim atlarımız bir-birinə yaxınlaşdı. Bunu nə mən etdim, nə də o. Elə bil ki, atlar bir-birinə vurulmuşdular. Mən gözlərimi şahzadənin mavi gözlərindən ayıra bilmirdim. Bilmirəm, bəlkə zaman geri çəkilmişdi, bəlkə mən nağıla düşmüşdüm, bəlkə o, nağıldan gəlmişdi. Amma həqiqi şahzadə mənim üzümə baxıb gülümsəyirdi. Biz bir-birimizə heç nə demirdik. İkimiz də donub qalmışdıq. Özümdən asılı olmayaraq atdan düşüb ona yaxınlaşdım. Əlimi uzatdım. Lap nağıllardakı kimi əlimdən tutub atdan düşdü. Artıq ondan gələn inanılmaz ətri də hiss edirdim. O hələ də mavi gözlərini məndən çəkmir, gülümsəyirdi. Mən də gözümü gözlərindən çəkə bilmirdim. Bir dəqiqə də sükut içində keçdi. Əlimi hələ də əlindən buraxmamışdım. Özümdən asılı olmayaraq ona bir az da yaxınlaşdım.Və yavaşca əyildim. İndi bizim dodaqlarımız bir-birinə toxunurdu. Mən onu öpürdüm, o də məni. Bu inanılmaz bir şey idi - ilk baxışdan məhəbbət idi. Biz sanki bir bütövün iki parçası idik. Mən inana bilmirdim. Bu sehr idi. Bu möcüzə idi. Amma uzaqdan gələn səs bu möcüzəni pozdu.
"EEEyyy, eeyyy. Neyləyirsən? Bu o deyil. Aysel, bu o deyil!” Bu sözləri eşidəndə şahzadə geri çəkilib təəccüblə mənə baxdı. Mən də donub qalmışdım. Sonra soldakı dağın başına baxdı. Orada dörd kişi vardı. Qabaqlarında da ştativ, kamera və s.
Onlardan biri yenə bağırdı.
-Aysel, neyləyirsən sən? Demədik ki, oğlan ağ atda gələcək? Sən nə edirsən?
Şahzadə bir də mənə baxdı, sonra atıma baxıb qışqırdı.
-Bəs hanı oğlan? Niyə gəlmir? Bu kimdi bəs?
Dörd kişidən ikisi bizə yaxınlaşdı. Mən heç nə başa düşə bilmirdim.
- Ay qız, nə bilim bu kimdi. Çobandı nədi. Hər halda bizim oğlan deyil. Hər gördüyünü öpməlisən?
Şahzadə dedi:
- Nə bilim eee, dediniz ki, oğlan gələcək mən də onu öpməliyəm. Nə bilim bu deyil? Heç qoydunuz ki, aktyorlarla tanış olum.
Kişi dedi:
- Vaxt yoxdu hamınızı tanış etməyə. Əhh. Bir klip çəkiriy. Başımıza oyun açılır. Əhh, axırncı işimdi mənim. Oğlan qalıb dee o təpənin başında. Atı sürə bilmir gic oğlu gic.
Bu sözləri deyib üzünü mənə tutdu.
- Bəs sən kimsən ?
Bilmədim heç nə deyim. Deyəsən çox pis vəziyyətdəydim.
- Mən Bakıdan gəlmişəm. Səyahət eləyirəm.
Kişi üzünü turşudub dedi:
-Bakıdan gəlib. Əhh. Bəyəm Bakıda hamı tanımadığı qızı basıb öpür? Xəstəsən nəsən? Görmürsən burda çəkiliş gedir? Bakıdan gəlib.. Buna bax..
-Mən.. ıı..- deyəsi sözüm yox idi. Onda qız dedi:...


4 Bölüm
-Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm. İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin.
Kişi ikimizə də baxıb dedi:
- Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa çıx meydançadan.
Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel, fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O gülümsəyib dedi:
- Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim saxlayır?
Mən fikirləşmədən cavab verdim:
-Hər kim saxlayır. Hər bir şahzadənin dizində yatan div olur.
Operator da qəhqəhə çəkib dedi :
- He-he-he, şahzadə, div. Bəs sən kimsən, Məlikməmməd? He-he ..Allah səni güldürsün.. Lap yerinə düşdü. Səhərdən bir zibili çəkə bilmirik bezmişəm lap.
Operatorun yanındakı daşda oturdum. Çəkiliş meydançasına uzaqdan bir ağ atlı gəldi. Qıza yaxınlaşdı və qucaqlaşdılar. Yenə də kök rejissor bağırmağa başladı:
-Aysel, nə olub sənə? Qucaqlamaq yox, öpmək lazımdır, öpmək.
Aysel rejissora yaxınlaşıb:
-Mən onu öpməyəcəyəm,- dedi.
Rejissorun gözləri kəlləsinə çıxdı:
- Necə yəni öpməyəcəksən?
- Görmürsən nə gündədi? Necə öpüm ee onu..Sifəti gör nə iyrəncdi.
- Ay qız, sən onun sifətini nəyləyirsən. Kameraya düşmür sifəti. Heç kəs görməyəcək.
- Nə olsun ki, heç kəs görməyəcək. Mən ki görürəm. Sonra hər klipə baxanda bu sifət yadıma düşəcək.
Şahzadənin bu danışıqlarından niyəsə xoşum gəlirdi. Həm də məni öpmüşdü axı. Deməli məndən xoşu gəlmişdi. Mənə tərəf işarə edib sakitcə rejissora nə isə dedi. Sonra çəkilib kölgəlikdə oturdu. Rejissor ona baxdı, mənə baxdı, dərindən "fufff " eləyib atlı oğlana yaxınlaşdı. Sonra məni çağırdı.
- Oğlum, sənin adın nə oldu?
- Anar.
- Anar, hmmm...Anar sən klipə çəkilmək istəmirsən? Bu qız deyir ki, səninlə çəkilmək istəyir. Əlavə heç nə eləmək lazım deyil. Elə bayaqkı kimi gəlib öpəcəksən.
Sözsüz ki, mən də razılaşdım. Kim razılaşmaz ki? Bu dəfə mənə təmiz paltar və ağ at verdilər. Artıq şahzadə ilə şahzadə görüşürdü. Yenə də eyni şey təkrar olundu. Mən atla yaxınlaşdım. Sonra onu öpdüm. Bu dəfə daha möhkəm və uzun öpüş oldu. Elə bil hiss etmişdim ki, onunla çox uzun müddətə ayrılacağıq. Öpüşümüz bitmişdi. Amma gözlərimiz ayrıla bilmirdi. Mən dəqiq bilirdim ki, o oynamır. İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub. Ola bilməz? Ola bilərdi. Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq. Amma bu ola bilərdi, olmuşdu. Rejissor uzaqdan əli ilə işarə etdi ki, əl-ələ tutub çəmənlikdə gəzişək. Onun incə, yumşaq, isti əllərindən yapışdım. Bu mənim şahzadəm idi. Mən 21-ci əsrin ortasında şəhzadə axtardım, nağıl axtardım. Allah da mənim arzularımı ürəyimdə qoymadı. Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti – heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim - mənim Ayselimin, mənim şahzadəmin.
Çəmənliyin qırağında mənim qara atımın yanında dayandıq. Çəkiliş qurtardı. Rejissor gəlməyimizi işarə etdi. Amma Aysel gözünü məndən ayırmırdı. Nə isə soruşmaq istəyirdi. Yəqin ki, adımı soruşacaqdı. Mən də hazırlaşdım. Gözlərini gözlərimə zilləyib soruşdu:
-Sən məni sevirsən?
Bunu heç gözləmirdim. Amma çox da fikirləşməyə dəyməzdi. Cavabım qəti idi.
-Hə. Bəs sən?
-Mən də.
Onda vəziyyətin çətinliyini başa düşdüm. Bu baş vermişdi. İlk baxışdan məhəbbət.
Amma bayaqkı operatorun sözü də ağlımdan çıxmırdı. Onu kimsə saxlayır. Kim ola bilərdi? Bəlkə hansısa varlı bir kişi? Bəlkə hansısa vəzifəli adam? Bəlkə hansısa cinayətkar, bankir, ya narkobaron? Mən xoşbəxtliyimin əlindən tutmuşdum. Onu buraxmaq istəmirdim. Sağ tərəfə baxdım. Rejissorun başı operatorla söhbətə qarışmışdı. Sonra sola baxdım. Mənim qara atım məni gözləyirdi. Sonra düz baxdım. Uzun bir yol vardı. Cığır dağların arasından keçib gözdən itirdi. Bu mənim yolumun davamı idi. Ayselə baxıb dedim:
-Gəl gedək.
- Hara?
Dedim:
-Düz.
Sonra atın belinə qalxdım. Əlimi uzatdım, o da oyan-buyana baxıb əlimdən yapışdı. Rejissor hələ də söhbət edirdi. Biz isə atın belində yaşıl təpələrin arasıyla get-gedə gözdən itirdik.

Ardı var
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.