QARAQAN - "A" Romanı ( Bölüm 5-6 )

28 Şubat 2015
1 964
0
QARAQAN - "A" Romanı ( Bölüm 5-6 )
QARAQAN - "A" Romanı ( Bölüm 5-6 )


BÖLÜM 5
Göydən üç alma düşmədi
Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.
Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim:
- Soyuq deyil?
-Yox , soyuq deyil. Olar bir sual verim?
-Ver.
- Sən yaxşı insansan?
Mən bir az duruxdum:
-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan?
Aysel gözlərini qaçırtdı:
- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım.
- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? Niyə bu qədər qorxursan?
- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə qorxu. Bir müddət sonra onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm.
Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil itirilmiş bir dostunu tapırsan və xəbər tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən bilməmisən. Bəlkə mən əvvəllər Ayseli görsəydim heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim.
Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq.

BÖLÜM 6

Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: "Sən artıq azadsan.Qaç , ürəyin hara istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim:
-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan sənə hər şey edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla.
Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim:
- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam.
O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi.

Türmə və "A” nın dostu
Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü. Hər halda dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında çox rahat hiss edirdim.
Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin etdiyi cinayətə görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına inanırlar, polislərdən də zəhlələri gedir.
Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş vaxtımdan səmərəli istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər verib. Elə Adolf Hitleri götürək. O ən məhşur əsərlərdən biri olan "Mayn Kampf"ı türmədə yazıb. Bundan sonra demək olar ki, bütün dünyanı dəyişib. Bəlkə mən də burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da vardı. Üz-gözündən heç cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada qəhqəhə çəkib gülür, arada isə deyirdi - "bilirdim ki , belə olacaq. He-he”.
Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da bura birinci dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə düşən bir sərxoşu döydüyünə görə bura düşmüşdü. O mənim problemimi soruşanda mən də öz hekayəmi danışdım.
Azad soruşdu:
- Sən də bezmisən hər şeydən?
Başımla təsdiqlədim.O sakitcə danışmağa başladı:
- Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır.
Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü.
Bir gün soruşdum:
- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır?
Azad cavab verdi:
-Mən tək deyiləm. Mənə bunları "A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla danışarsan. O mənim dostumdur.
- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq.
- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz qılan oğlanı görürsən?
- Hə, nədir ki?
- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki, namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır.
Mən başa düşmədim:
- Nə olsun ki namaz qılır? Burdan çıxmağa nə dəxli var?
- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə isə bir iş var.
Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək istəyərəm.
Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm.

Ardı var...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.