QARAQAN - "A" Romanı ( Bölüm 9-10)

02 Mart 2015
2 604
0
QARAQAN - "A" Romanı ( Bölüm 9-10)
QARAQAN - "A" Romanı ( Bölüm 9-10)

BÖLÜM 9
Mən onun danışdıqlarına fikir vermirdim. Ona görə də tez mətbəxə qaçdım ki, anama dərman hazırlayım. Atam yataq otağına keçdi. Anamın dərmanları indiyə kimi yadımdadır. Belə kiçik qırmızı paketdə ağ məhlul idi. Onu suda qarışdırıb isti isti içmək lazım idi. Mən onu hazırlayana kimi yataq otağından atamın səsi gəldi.
"Mən səni sevirəm. Eşidirsən sevirəm. Gəl mənim yanıma, qayıdaq əvvəlki vaxtlara. Sən məni istədiyin vaxtlara. Gəl yanıma .bax belə ..sev məni..ah..”
Atamın səsi kəsilmirdi.Mən isə onda uşaq idim yataq otağında nəyin baş verdiyini tam dərk eləmirdim. Anamın da qışqırıqları başladı. O məni çağırırdı köməyə... Elə bilirdim ki , xəstəliyinə görə qışqırır. Dərmanı gətirəndə isə elə bir səhnə gördüm ki , onu görüb dəli olmamaq olmazdı. Atam xəstə anamı zorlayırdı. Əlimdəki stəkan yerə düşüb çilik-çilik olmuşdu. Anam qan qusurdu sərxoş atam isə sanki bunu görmürdü, dayanmaq bilmirdi. Anam qışqırırdı: "Alçağ , namussuz, ölürəm..rədd ol... ölürəm...”
Sonra o daha da bərk qusmağa başladı. Bütün bədəni əsirdi. Atam yastığı götürüb onun üzünə basdı..Mən isə donub qalmışdım. Mənə sadəcə qıraqdan bu iyrənc hadisəni izləmək qalmışdı.
Həmin gecə anam öldü. Səhəri gün həkimlər gələndə gecəki hadisələri onlara danışmaq istədim. Amma atam məni otaqda bağlamışdı. 3 gün o otaqda ac susuz qaldım. Qapı açılanda isə artıq anam yox idi. Onu basdırmışdılar. Mən hələ də bilmirəm onun qəbri hardadır. Anamın ölümü atama pis təsir etmişdi deyə içməyi azaltmışdı. Mənə daha çox vaxt ayırırdı. Ona nifrət edirdim amma başqa heç kimim yox idi. 7 il onunla qaldım. Hərdən məni döyürdü. Doğma atam oldugundan heç nə edə bilməzdim.
16 yaşım olardı. O, evin əşyalarını satmağa başlayırdı. Deyəsən kiməsə borcu vardı. Çünki hər dəfə iki-üç kişi evimizə gəlib onu hədələyirdilər. Atam onlara yaltaqlanırdı, çay təklif edirdi, onlar da oturub çay içirdilər. Bəziləri məni tərs-tərs süzürdü. Mən uşaq deyildim, onların nə istədiyini çox gözəl başa düşürdüm. Həmişə onlar gedəndə atam nəsə verirdi. Bir gün televizor, bir gün maqnitofon. İş ütüyə çatanda gördüm ki, artıq evdə heç nə qalmayıb. O gecə həmin kişilər bıçaqla gəldilər. Mən çay süzənə kimi atamı divara sıxıb hədələyirdilər:
- Sən bizi hələ yaxşı tanımırsan. Biz elə belə çıxıb gedən deyilik. Əgər bu gün verəsi heç nəyin yoxdursa onda balaca barmağını kəsib aparacayıq. Narahat olma, pulu qaytarsan kimi biz də barmağı qaytararıq.
Bu sözləri eşidən kişilər gülməyə başladılar. Mən otağa kecdim. Onlar atamın barmağını kəsmək istəyirdilər. Atam qışqırırdı:
- Yox, yox əl dəyməyin. Onu götürün, bu gün qızımı verirəm sizə. Onu götürün. Buraxın barmağımı.
Atam məni bir barmağına satdı. Mən donub qalmışdım. Amma o alçaqların da deyəsən bu fikir daha çox ağlına batmışdı. "Bax bu başqa məsələlə. Sən özünü belə aparanda bizim də xoşumuza gəlir. Bax bu tamam başqa məsələ. He-he-he”. Mənim tüklərim biz biz olmuşdu. Biri atamı tutmuşdu, o biri ikisi üstümə gəlirdi. Bir onu bildim ki, əlimdəki qaynar çayı onların üstünə tökdüm. Birinin üzü yandı. Mən də tez mətbəxə qaçdım. Bıçagı götürüb arxamca gələn kişinin böyrünə soxdum. Onu itələyib qapıya yaxınlaşdım. Elə qapını açmışdım ki, atamı tuan kişi üstümə yeridi. Onda ilk dəfə atamı köməyə çağırdım. O isə qorxaq pişik kimi küncə qısılıb qalmışdı. Bunu görüb məni tutmağa gələn yekəpərin qucağına atıldım. Dişlərimlə yanağından yapışdım. Bir dişləyə onun yanağını qopardım. Qan fışqırmağa başladı. İkinci dişləyim boğazına kecdi. Deyəsən qırtlağından yapışmışdım.Var gücümlə dişlərimi bir birinə yaxınlaşdırdım. O da saçımda tutub məni yerə çırpdı. Onu öskürək tutmuşdu, boğazı qan içindəydi. Iməkləyə-iməkləyə onun yanında qapıya doğru keçdim. Pilləkənlərdən üzüaşağı qaçmağa başladım. Nə qədər bərk qaçmağa çalışdımsa da həyətdən çıxanda o biri ikisi mənə çatdı. Həyətdə kimsə yox idi, zil qaranlıq idi. Onlar məni öldürəcəkdilər. Həmin anda A gəldi. O məni xilas etdi. İndi də mən buradayam. Çox sevinirəm ki, qısa vaxtda özümə bu qədər çox dost tapa bilmişəm. Keçmiş həyatımla vidalaşıb yeni həyata başlamağa hazıram.

Bu sözlərdən sonra Aynuru özümə elə yaxın hiss etdim ki. Istəyirdim bağrıma basıb onu necə çox istədiyimi deyim. Indi başa düşmüşdüm ki, işığı niyə söndürmüşdülər – Aynur cəkinməsin deyə. Qaranlıqda Aynurun danışdığı bütün səhnələr gözümün qarşısında canlanmışdı. Onun bütün ağrılarını hiss edirdim. İşıq yananda gördüm ki, Aynurun gözləri yaşla dolub. Ənənəvi olaraq hamı əl çalmağa başladı. Sonra Abbas dedi:
- Uşaqlar, bağışlayın mövzunu dəyişirəm. Bayaq A ilə görüşdüm. A dedi ki, bəzi dostlarımız artıq böyük planı həyata keçirməyə başlayıblar. Biz bilirik ki, A ilə olan söhbətləri hər kəs sirr saxlamalıdır. O özü dedi ki, bunu hamıya deyim. Hamı bilsin ki, artıq hazır olanlar işə başlayıb. Onları təbrik edirik. Yeni gələnlərə də uğurlar arzulayıram.

- Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.
Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: "Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi.
Hamınız bilirsiniz bizi burada birləşdirən nədir. İndi isə meydan açıqdır kim nə demək istəyirsə buyursun.
Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş paranoik. Belə bir söz var -
”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”.


BÖLÜM 10
Abbasdan sonra bir oğlan danışdı. O da qısaca öz fikirləini bildirdi. Azad mənə işarə etdi ki, çıxaq bayıra.
Biz o biri otağa keçdik:
- Anar, daha ünvanı tanıyırsan, nə vaxt istəsən gələ bilərsən. Mən indi uşaqlarla danışım, sənin qoşulmağını müzakirə edəcəklər. Yəqin başa düşdün, qəbul olunmaq üçün əvvəlcə öz həyatını danışırsan. Bunu bu gün də edə bilərsən. Amma məncə hər şeyi evdə danışsan daha yaxşı olar. Sən artıq Bakıdasan, evdəkilərsə narahatdır. Yaxşısı budur bu gün evə get.
- Hə, mən də elə onu deyəcəkdim. Evə gedim, görüm nə var nə yox.
- Mənim də bəzi işlərim var. İstəsən səni maşınla ötürə bilərəm. Elə mərkəzə gedirəm, yol üstüdür.
- Hə, gedək. Azad, bəlkə bu gün gəlmədim.
- Niyə?
- Yorulmuşam yaman. Həm də çimim, bir az dincəlim. Bir aydır evdə görünmürəm. Məni asmasalar yaxşıdır.
- He-he, asacaqlar, asacaqlar.

BAŞLANDI

Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən - "mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.

Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə müəlliməyə xüsusi diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç güzəşt etmirdi. Yox... İnsan kimi də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus ölçüsü vardı. Kim hörmətini qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və xoş sözlə qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər imtahan avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini müəyyənləşdirirdi. Amma bu gün Nanə müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift gələnə kimi arxadan iki nəfər bloka yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu. Qapı bağlanmamış qara geyimli oglanlar da liftə girdilər.
Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni basıb lifti yarıda saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski ilə onun ağzını tutdu ki, qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu oğlan onun piyli qarnına iki zərbə endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun boğazına tutdu. Nanə xanım bıçağı görüb sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı:
- Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı qonşular yatır.. Biz istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə qızım, mənə deyiblər ki, sən özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik eləməz. Sən imkansız, kasıb uşaqları universitetdən qovursan. Amma yaxşı qızlar belə şey eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son ümidi - bilikləri də onlara kömək edə bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb oğlanlar isə elə kasıb qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid edirəm ki, bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə olmaz...

Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi:
- Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış. Yoxsa mənim dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə doğramaqdan.
Oğlan Nanənin ağzını açdı.
Nanə ağlaya-ağlaya sakitcə dedi:
- Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de, istəsən sənə ən yaxşı qiyməti yazaram.
Oğlan əskini yerinə basdı və gülümsədi:
- Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən mənim kim olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm. Bəlkə mən birinci partada otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə mən sənin sinifinə təzə gələn oğlanam. Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram? Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax, ağıllı bala, əgər sən bir də mənə layiq olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan, səninlə bir də görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə nəsə demək istəyir.
Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra isə üz-gözü göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar sanki qeyb olmuşdular. Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma Nanə müəllimə sakit oturan, ya çox danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə bileti çəkən hər bir oğlanda onları görəcək. Və cəsarəti çatırsa verdiyi sözü tutmasın.

Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asıllıdır.

Evin qapısını döyməmiş qabaqcadan hazırlaşdım. Aha, deməli atam qapını açsa şillə gələcək. Anam açsa ürəyi gedəcək – tez onu tutmalıyam ki, yerə yıxılmasın. Bacım qapını açsa rahat evə girə bilərəm. Amma deyəsən ən dəhşətli variant oldu. Qapını NƏNƏM açmışdı.
- Ay köpəy oğlu. Küçüy balası! Ay səni anan doğan yerdə daş doğaydı. Gəl bəri, sənin belin qırılsın.
- Nənə.
- Kəs səsini, murdar adam. Gör nə günə düşmüsən. Bunun üz-gözünə bax. Başın batsın sənin, başın batsın. İt balası it. Haralardaydın? Hə, haralardaydın. Cavab ver.
- Mən getmiş...
- Kəs səsini cavab qaytarma, küçüy. De görüm hardaydın.
- Mən..
- Sus.. suss.. Səsin gəlməsin. Boyunu yerə soxum sənin.
Sözsüz ki, səs-küyə atam gəldi. Şillə qaçılmaz idi. Sonra da o biri otaqdan səs eşidildi. Deyəsən anam yıxılmışdı. Nə isə.
Bir saata hamı sakitləşəndən sonra başa saldım ki, həyatdan bezmişdim. Hər gün eyni işləri görməkdən yorulmuşdum. Özümü öldürmək istəyirdim. Ona görə də bir aylıq səyahətə çıxdım. (Əslində həmişəlik çıxmışdım). Yolda çoxlu insanlarla tanış oldum. İstirahət elədim. Gəzdim, dincəldim. (Nə Ayseldən, nə də türmədən bir kəlmə də danışmadım). Bu sözlərimdən sonra atam dərindən "ah” çəkib dedi:
- Ehh. Bala, niyə belə oldu ki, nəyin çatışmırdı ki? Şükür, evimizdə hər şey var.
Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm onların bütün ömürlərini mənasız bir şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, "çirkinlik pis şeydi”. Deyərik - "Əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan.
Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur. Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır...
Bir az da bu haqda söhbət etdik. Sonra nənəm gözəl bir nahar hazırladı. Mən də iştahla yeməyə başladım. Atam televizora baxırdı. Korifey sənətkarlar bizim muğamımızı dünyaya tanıtmaq haqda danışırdılar. Düz bir saat ancaq muğamın üstünlüklərini sadaladılar. Xalq mahnılarımızın dərin, kamil məğzindən söhbət açdılar. "Pəncərədən daş gəlir” i dünya şedevri etmişdilər. Bu bizim xalq mahnımız idi. Və onun əlində xüsusi bir vəsiqə vardı. Hər gələnə deyirdi: - "Ey brat, mən xalq mahnısıyam haaa, kişisənsə de ki, məndən xoşun gəlmir, gör sənə neyniyərlər? Başına oyun açarlar. Bildin? Məni sevməlisən. Başqa yolun yoxdu”.
Atam da inanırdı ki, nə vaxtsa bütün dünya muğamı tanıyacaq və qəbul edəcək. Ondan sonra sözsüz ki, MTV artıq Music TV yox, Mugam TV olacaq. Amma mən bu haqda heç düşünmək də istəmirdim. Nənəmin hazırladığı dadlı xörəyi iştahla qarnıma ötürürdüm. Yeməyin dörd ləzzəti var. Birincisi onun ətridir. İkincisi görünüşü. Üçüncüsü dadıdır. Amma mənə ən xoş olanı dördüncüsü idi. Yemək qarna dolanda gələn hiss. Bu bəlkə 6-cı qaşıqdan sonra gəlirdi. Hiss eləyirdim ki, ilıq bir məhlul sinəmdən qarnıma süzülür. Bu hiss mənə çox ləzzət eləyirdi. Yeməkdən sonra isti vannaya qəbul elədim. Sonra qurulanıb otağıma keçdim. Anam çay gətirmişdi. Çayımı içib yerimə uzandım. Anam yatağımın kənarında oturub dedi:
- Anar, söz ver ki, bir də belə eləməyəcəksən.
Onun əlindən öpüb dedim:


Ardı var...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.