Sözünü dinləmirəm

18 Ekim 2014
1 163
0
Sözünü dinləmirəm
Sözünü dinləmirəm

Sözünü dinləmirəm. Bağışla... Bağışla, dost, bağışla məni.

Verdiyim sözü tuta bilmirəm. Bağışla... Bağışla, dost, sən yenə bağışla məni.

Ürəyimin, düşüncəmin tərsinə gedə bilmirəm. Bağışla...Bağışla, dost, bacardığın qədər bağışla məni.

Bilirəm... Bilirəm ki, qırdım səni, bilirəm. Bilirəm ki, üzdüm səni. Bunu üzə vurmasan belə, dilə gətirməsən belə, bilirəm... duyuram səsinin titrəməsindən, üzündəki cizgilərdən, gözlərindəki suallardan...

Sən özünü anlaya bilmədiyin kimi məni də anlaya bilmirsən, gözəl dost. Sən özünə bəraət tapa bilmədiyin kimi mənə də bəraət verə bilməyəcəksən günün birində. İndi nəzərində ikimiz də haqlıyıq, ikimiz də adi insanıq, ikimiz də mərhəmətli, xeyirxah, həssas dostlarıq. İkimiz də...

Sən necə ki, ailənə məsuliyyətlisən, mən də eləcə sənə və sənin ailənə məsuliyyətli olmaq borcundayam. Çünkü gerçəkdən gizlinlərin aşkar olması var bir gün. Gerçəkdən dik gəzən başların aşağı dikildiyi gün var. Gerçəkdən bu gün riya donuna girib bir-birimizə bəraət qazandırdığımız əməllərin üzümüzə duracağı gün var. Gerçəkdən də var. Sən buna inanmırsan, inanmaq istəmirsən. Çünkü sən xeyirxahlıq edirsən həmişə, mərhəmətli davranırsan hər kəsə və elə zənn edirsən ki, bu yetərlidir kölgədə qoyduğun əməllərə bəraət qazandırmaq üçün. Çünkü sən inanırsan ki, xeyirxahlıq etdiyin üçün hər bir əməlin seviləndir, hətta o gizlində olmuş olsa belə, tək özündən savayı kimsəyə zərər verməsə belə. Bilmirsən ki, özünə zülm etmək də günahlar sırasındadır, dost, bilmirsən. Mən səni də, özümü də bu zülmdən qurtarmaq xatirinə verdiyim sözü tutmadım. İndi anlamasan da, indi incisən də, bir gün məni anlayacağına inanıram. O zaman indikindən daha böyük hörmətlə, rəğbət və sevgi ilə anacayıq, xatırlayacağıq bir-birimizi.

Az qala bağırmaq, qəzəblə üzünə şillə kimi hayqırmaq istəyirəm bütün düşündüklərimi. Amma bacarmıram. Bacarsam da bunun bir faydası olmayacağını bilirəm, anlayıram. Zor gücünə, yüksək təzyiq altında qəbul olunan fikir sabun köpüyü kimi tez partlyır, yox olur, o tam, mütləq həqiqət olsa belə. Odur ki, səbirlə, zamanla anlatmaq istəyirəm sənə yanlışlarımızı...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.