...Gözümün nuru..

27 Aralık 2014
1 607
0
...Gözümün nuru..
...Gözümün nuru..


O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir; O, Allahın Elçisi, Sevimlisi; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfi;

O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibi;

O, Bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşid;

O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nur;

O, Allah-Təalanın Qurani-Kərimdə “Allaha iman etdim deyənlər Ona itaət etsinlər”- buyurduğu Böyük Vəkil, Xəlifə;

O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçi;

O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.
O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq bizi qurtuluşa çıxarar, bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki, Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir. Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

Milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım fəda olsun...” Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.


Məhəmməddən oldu məhəbbət hasil
Məhəmmədsiz məhəbbətdən nə hasil?

Ya Rəsulullah! Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət? Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə. Adın dodaqlarda gül kimi açar, könüllərə, duyğulara bərəkət qaynağı olar. Səninlə eyni tarixi paylaşıb, eyni havanı ciyərimizə çəkə bilməməyin üzüntüsü sarmış ruhumuzu. Sənin ayağının tozunu məlhəm kimi gözümüzə, üzümüzə, ürəyimizin başına sürə bilməməyin yanğısı içindəyik. Amma təsəllisiz də deyilik: Özün buyurmusan ki, Qiyamət günü hər kəs öz sevdiklərinin yanında olacaq və onu da buyurmusan ki, Səndən sonra gəlib, üzünü görmədən Səni sevənlər Sənin qardaşlarındır. Biz də bu müjdənin coşqusuilə qollarımızı da, könlümüzü də açıla bildiyi qədər açaraq Allaha yalvarırıq:

- Ya ərhəmərrahimin, bizim könlümüzü Allah sevgisi və Rəsulullah sevgisi ilə elə doldur ki, orada dünyaya zərrə qədər yer qalmasın. Bilirik ki, bir bəndənin Allahı sevə bilməsi Allahın o bəndəyə ən böyük lütfüdür. Bu lüftü əta buyur bizə, ey mərhəməti sonsuz olan uca Rəbbim.


http://i1331.photobucket.com/albums/w598/Assad_253/Islamic%20Animations/1914345sa9joapyl2_zps0f153514.gif

R.T.ZemichkA
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.