Ağıllı qadınla evlənən kişi daha uzunömürlü olur
Aberdeen Universitetində aparılan bir tədqiqat işində eyni yumurta əkizləri üzərində aparılan müşahidə bu fikri daha aydın şəkildə təsdiq etmişdir. Belə ki, ağıllı qadınlarla evlənənlər daha xoşbəxt, maraqlı və ən əsası da uzun ömür sürürlər. Öz intellekt səviyyələrinə uyğun və daha aşağı intellektual səviyyədən olan insanlarla evlənələr isə, bir müddət sonra darıxmağa məhkum kimi görünürlər. İntellektual söhbətlər və oyunlar Alzeymer kimi bir çoxlarının qaçılmaz hesab etdiyi xəstəliyin də qarşısını ala bilər. Nə qədər təəccüblü olsa da, intellekt səviyyəsi yüksək olan qadınlarla evlənən kişilərin sağlamlıqları hətta yaş göstəriciləri yüksək olduqda da digərlərindən qat-qat yaxşı olub.
Həm qadınların özünü, həm də kişiləri qadınlarda daha çox intellekt, ağıl kimi vacib xüsusiyyətlərə əhəmiyyət verməyə yönləndirmək heç də asan məsələ deyil. Mövcud gözəllik standartlarının arxasınca qaçan hər iki cins əsas məqamı unudaraq, tamam fərqli dəyərlər formalaşdırır. Bu dəyərlər isə onların daxili xoşbəxtliyinə heç bir halda təsir etmir, əksinə bir müddət sonra yaşadıqları həyat onlara darıxdırıcı və yorucu gəlməyə başlayır. Lakin ağıl və intellekt müvəqqəti bir şey deyil, ömrü boyu araşdırmağa və öyrənməyə meylli olan insanlar sizi də xoşbəxt edir, bir növ qocalmağa imkan vermirlər. Bu kimi tədqiqatlar da bir daha sübut edir ki, ağıllı insanla ailə qurmaq təkcə zehni deyil, fiziki baxımdan da sizi gümrah saxlayır.