Xoşbəxt sevgi münasibətinin kiçik sirləri - FOTO

Xoşbəxt sevgi münasibətinin kiçik sirləri - FOTO
Feat.Az Psixoloq Təhminə Yaqubovanın məqaləsini təqdim edir.

Hər birimiz sevmək, sevilmək, qayğı görmək istəyirik. Xoşbəxt sevgi münasibəti qurmaq hər gəncin xəyalıdır. Heç kim boş səbəbdən münasibətini bitirmək, zaman ayırmaq istəməz, lakin bütün münasibətlər əbədi olacaq deyə bir qanun yoxdur.

İnsan daima “daha mükəmməlini yaşaya bilərdim”, “daha mükəmməl insanı tapa bilərəm” kimi xəyallar quraraq qarşısına çıxan doğru seçimləri, doğru insanları görməzlər, bəzən isə görmək istəməzlər.

Məhşur psixoloq və yazıçı David Niven “The 100 Simple Secrets of Great Relationships” (İnsan münasibətlərinin 100 sirri) kitabında mükəmməl bir münasibətin sirlərini açıqladı. O sirlərdən bəziləri ilə gəlin tanış olaq:

Mükəmməl insanı axtarmağı dayandırın.
Keçmiş acılarınızı unudun.
Evə iş gətirməyin.
Müqayisə etməyin
Sehrli nağıllara inanmayın
Ortaq maraq dairəsi tapın və ya düzəldin
Sizin fikirlərinizi oxumasını gözləməyin
Tələsik qərarlar verməyin
Keyfiyyətli zaman keçirin
Səmimi olun
Xoşbəxtliyi ilk öncə özünüzdə axtarın
Onun qeydinə qalın
Özünüzə inanın


Oxuduqca çoxunuz “Mən bunları edirəm, bunlar mənə tanışdır. Amma məndə niyə alınmadı ?” deyə düşünə bilərsiniz. Əsas məsələ hamsına həqiqətən əməl edirdinizmi? Bu əməlləri arada bir görməməzlikdən gəlirdinizmi? Əgər hər iki suala əminliklə “bəli” cavabını verdinizsə, deməli sevdiyiniz şəxs bunları etməyib və ya başqa səbəblər var.

İndi isə gəlin digər kiçik sirlərlə tanış olaq:


Xoşbəxt sevgi münasibətinin kiçik sirləri - FOTO

Kiçik şeyləri təqdir edin: Onun etdiyi ən kiçik hərəkəti belə qiymətləndirin. Onun bacarıqlarını görməzdən gəlməyin. Onu qiymətləndirərək özgüvənini artırmış olarsız və o da sizin üçün necə önəmli yer tutduğunu görmüş olar.



Problemlərinizi dürüst şəkildə paylaşın:
Sevgi yalnız gözəl, özəl anlarınızı paylaşmaq deyil. Bunu hər kəs edər. Əsl sevgi odur ki, ən pis anını onunla rahat paylaşasan, dərdləşib rahatlayasan. Sizi həqiqətən sevən insan hər anınızda yanınızda olacaq.



Ona hər zaman güvənin:
Atdığımız hər addımda arxamızda birinin durması ən gözəl hisslərdən biridir. Sevdiyiniz insana güvənin, ona daima “sənə güvənirəm, inanıram” deyin.



Birgə gülün:
gülüş, həqiqətən də gülüş gətirir. Həm zamanınızı xoş keçirmiş, həm də onun beynində pozitiv insan modeli cızmış olacaqsız. Unutmayın bütün insanlar şən insanları sevər.



Bir-birinizə dəstək olun:
onun etdiyi hər işdə onun yanında olacağınızı ona bildirin, hiss etdirin.



Mühakimə etməyin:
istər ailə üzvlərimiz, istər dost və qohumlarımız bəzi situasiyada bizi mühakimə edərlər. Hər insan etdiyi səhvin fərqindədir və məhz belə zamanlarda güvən dolu sözlər eşitmək istəyər. Sevdiyiniz şəxsin hərəkətlərini mühakimə etməyin. Onun sakit olduğu zaman bu məsələni sakit şəkildə həll etməyə çalışın.



Birlikdə yeniliklər edin:
hət gün eyni etməkdənsə maraqlı yeniliklər edin. Nəticədə birgə keçirəcəyiniz zaman daha fərqli və yadda qalan olacaq. Kino, restorana getməkdən bezmisinizsə birgə velosiped sürməyi, gəmi səyahətino, kitab oxumağı, sərgi və ya muzeylərə getməyi, piknikə çıxmağı, stolüstü oyunlar oynamağı, idman etməyi siyahınıza əlavə edə bilərsiniz.



Anlayışlı olun: Razıyam hər zaman anlayışlı olmaq mümkün olmur, amma ən azından bunun səbəbini ona izah edə bilərsiniz. Çalışın nitqinizdə “səni anlayıram”, “səni çox gözəl başa düşürəm” kimi ifadələr olsun. Belə cümlələri eşitmək belə bizə rahatladıcı təsir göstərir.



Bağışlayın və unudun
: əgər onun etdiyi səhvi bağışlaya bilirsinizsə o zaman bağışlayın və unudun. Hər dəfə o səhvi ona xatırlatmayın. Münasibətinizi müsbət anlarla zənginləşdirin.



Ona sevginizi bəlli edən kiçik qeydlər yazın:
bəzi günlər ona kiçik qeydlər göndərərək sevginizi bəlli edin. Belə davranışlar edərək onu daha da sevindirə bilərsiniz. Belə qeydləri yalnız oğlanlar qızlara yox, qızlar da oğlanlara etməlidir.



Hər günə birgə başlayıb, birgə bitirin:
hər nə qədər bunu etmək çətin olsa da çalışın ayda bir dəfə də olsa bir-birinizə çox zaman ayırın.



Nə olursa olsun hər zaman bir-birinizə dəstək olun :
insanlar ona dəstək olanlarla dost olar, özünə və qəlbinə yoldaş edər. Sevdiyiniz şəxsin hər addımında ona dəstək olmağı bacarın. Siz onun üçün həm yaxşı, həm də pis gün yoldaşısınız.



Əsla bir-birinizə küs və əsəbi yatmayın:
bu qaydanı bilirəm ki, hər biriniz bilirsiniz. Sadəcə xatırlatma kimi bunu deyə bilərəm ki, yuxu insanın ən rahat olduğu, dincəldiyi andır. Bu anı çalışın nə siz, nə də o narahat yaşasın. Yuxu öncəsi deyilən və ya yazılan sevgi sözləri belə aranızdakı münasibəti daha da möhkəmləndirəcəkdir. Əgər sevgilisinizsə çalışın yatmazdan öncə 5 dəqiqə belə olsa söhbət edəsiniz.



Bir-birinizə hörmət edin:
sevgi elə qəribə bir hissdir ki, onun tərkibi belə mürəkkəbdir. Tərkibindəki elementlərdən biri olmasa tam və uzunmüddətli olmur. Bu elementlərdən biri hörmətdir. Unutmayın bir-birinizə hörmət etməyi bacarırsınızsa deməli güzəştə getməyi də gözəl bacarmış olacaqsınız.



[right]instagram.com/tahmina_yagubova
Psixoloq Təhminə Yaqubova
[/right]
Əvvəlki Xəbər