Dostumsan, yoxsa sevgilim?

21 Nisan 2022
3 198
0
Dostumsan, yoxsa sevgilim?
Kişi yumaq kimidir: əlindən buraxan kimi açılıb, dağılır, ovcuna alan kimi yığılır. Onun sirlərini öyrənmək üçün dost kimi davranmağa başlamalısan. Bunun səhv və ya doğru olduğunu heç düşünmürsən də. Bəzi məsələləri dostlarına asanlıqla bağışlaya bilirsən, amma sevgilinə… Dostları çox istəmək - bu, başa düşülən haldır. Bəs sevgilinlə dost olmaq necə? İlk baxışdan qulağa xoş gəlir. Amma… Münasibətlər dostluğa çevrildikcə baş verən dəyişikliklər səni narahat etməyə başlayır. Bax, bu heç də xoş hal deyil.

Feat.Az
xarici KİV-ə istinadən xəbər verir ki, gənclərin çoxu sevgi ilə dostluq münasibətlərini aydınlaşdıra bilməməkdən əziyyət çəkir. Tanış oldunuz, ünsiyyət qurdunuz… və sevdiniz. Yoxsa dost oldunuz? Deyəsən, sevgiyə və dostluğa gedən yol eynidir. Əgər dərindən nəzər salsaq, aradakı fərqi öyrənə bilərik. Sevgidə hisslər olur: nəfəs almağımız güclənir, tez-tez həyəcanlanırıq, həyatda hər şey bizim gözümüzdə gözəlləşməyə başlayır. Amma dost münasibətlərində hər şey bir az fərqli olur: o, tez-tez görüşmək istəyir, başqa insanlar haqqında danışır, maraqlarını səninlə bölüşür. Hətta hərdən bəyəndiyi qızlardan da söz açır. Bəs onda kim deyir ki, sevgi ilə dostluq bir arada ola bilər? Dost - bir-birinə güvənən, etibar edən və sirrini bölüşən hər bir insan ola bilər. İtalyan psixoloqu Françesko Albero deyir: «Dost dosta azadlıq verməlidir, onu qısqanmamalıdır. Əgər tərəflərdən biri etiraz edirsə, bax, onda problemlər də başlayır və əsl dostluq bitir. Amma sevgidə azadlıq olmaz». Buna görə də əgər sən sevgilinlə dost olmaq istəyirsənsə, onda gərək qısqanclığı və qadağaları unudasan.

Sevgi… Dostluq…
Kişilərlə qadınlar dostluğa fərqli münasibət bəsləyirlər. Qadın dostluq edərkən, daha emosional olur. Qadınlar hər şeyi rəfiqələri ilə bölüşməyi sevirlər. Kişilərsə, tamam başqa xarakterdə olurlar. Onlar sevgililəri barədə başqalarına danışmağı yaxşı qəbul etmirlər.
Kişilər incəliklərini, zəifliklərini həmişə gizlədirlər. Kişilər qadınlarla daha gözəl dostluq edirlər. Oğlan dostları ilə danışa bilmədiklərini qadınla bölüşə bilirlər. Buna görə də qadın sevgilisinin asanlıqla dostu ola bilər. Amma bu zaman aranızda yaranacaq soyuqluqlara hazır olmalısan.


Ortaq cəhətləri tap
Uzun müddətdir birlikdəsiniz. Artıq aranızda əvvəlki həyəcan, münasibət qalmayıb. İndi hər gecə onun mesajını səbirsizliklə gözləmirsən. O da hər gün sənə zəng edib, səsini eşitmək üçün tələsmir. Ortaq maraqlarınız azalıb. Bir-birinizə demədiyiniz sirriniz qalmayıb. Aranızdakı sevgi münasibətlərinizi bərpa etmək üçün onunla dost olmağa çalışırsan. Amma… sən onunla dost kimi davranıb, hər şeyi açıq-aşkar öyrəndikcə, fikirlərin dəyişir. O, artıq səni əvvəlki kimi sevmir. Yanında olanda da telefon əlindən düşmür. Amma qüruruna sığışdırıb, kiminlə mesajlaşdığını soruşa bilmirsən.
Müsbət cəhətləri: Sən onun haqqında hər dəqiqə məlumatlı olursan. Onun hara getdiyini, kiminlə danışdığını bilirsən.
Mənfi cəhətləri: Artıq o, başqa qızlara baxdığını da sənə açıq-aşkar deyir. Çünki o, səni sevgili kimi yox, dost kimi görür. Bu da səni özündən çıxarır.
Psixoloq məsləhəti:
Sevdiyin insanla aranızda dost münasibətlərinin olması müsbətdir. Amma bunu qədərində etmək lazımdır. Ona sənin sevgilin olduğu vəzifəsini unutdurmamağa çalış. Elə düşünmə ki, sən onu qınasan bir də sirlərini səninlə bölüşməyəcək. Əksinə, sən onunla nə qədər mehriban olsan, onun sevgili hisslərini bir o qədər çox öldürəcəksən. Sevgilini əlində saxla, hər dəqiqə ona qadağalar qoy. Ondan tez-tez küs. Qoy, sənin varlığını heç zaman unutmasın. Hərdən ona «Mən sənin sevgilinəm, dostun yox» ifadəsini də xatırlat.

İnsanı nə qədər yaxından tanısan, ona nəyin xoşbəxtlik gətirdiyini bir o qədər yaxşı bilərsən. Əsasən də xırdalıqları… amma bu, səni ona tamamilə dost kimi bağlamasın.

Hobbi və fikir ayrılığı
Hələ yenicə tanış olmağınıza baxmayaraq, onun səndən sıxıldığını hiss edirsən. Hər dəfə ona zəng edəndə məşğul olduğunu deyib, telefonu söndürür. Gecə sənə zəng edəndə isə öz hobbisindən danışır. Bu isə sənə elə də maraqlı deyil. O, səninlə sevgili yox, dost kimi davranır. Dostların hər fikirləri və maraqları üst-üstə düşməməlidir. Sevgilin maraqlarını bölüşə biləcəyi birisini axtarır. Sənə işarələr göndərir: «Samirin sevgilisi onunla idmana gedir», «Xalam oğlunun nişanlısı onunla futbola gəlmişdi»… Sənsə «mənə nə» deyib, onun işarələrinə fikir vermirsən. Səni maraqlandıran bir şey var: o da sevgilinin istədiyin an yanında olub, səninlə maraqlanmasıdır. Bax, bu yerdə sevgilinlə dostluğun heç bir ziyanı olmaz.
Müsbət cəhət: Əgər ona dost kimi davranıb, hobbisi ilə maraqlansan, o səninlə daha mehriban olar. Beləcə, daha çox vaxt da keçirə bilərsiniz. Hətta onun gün ərzində nəylə məşğul olduğunu bilmək səni rahatladar da.
Psixoloq məsləhəti: Sevgilinlə aranızda eyni maraqlar olmadığını kim deyir? Mütləq sizin də bəyəndiyiniz ortaq məsələ var. Sadəcə, onu aydınlaşdırmaq lazımdır. Şənbə günü onunla futbola get. İdman edərkən onu izləməyi xoşladığını de; nəinki rəfiqənin toyunu, sevgilisini, baxdığın serialları onunla müzakirə … Sevgilinin hər bazar günü maraqla izlədiyi «Cinayət işi» verilişi haqqında danış. Beləcə, o, səninlə darıxmayacaq. Ona həm sevgili, həm də dost olacaqsan. Keçirdiyi hər günü, başına gələn hadisələri səninlə bölüşməyə tələsəcək. Bundan sonra ona dost da lazım deyil. Sən onun üçün həm dost, həm də sevgili olacaqsan.



Özünü unutma
Əvvəllər münasibətlər daha çılğın idi. Hər şey çox romantik görünürdü. Getdiyiniz yer, qulaq asdığınız mahnılar hamısı sizə maraqlı gəlirdi. Ümumi dostlarınızla görüşüb, onlarla birlikdə vaxt keçirtməyə üstünlük verirdiz. Artıq uzun müddətdir ki, tək qalmırsız, bir-birinizlə maraqlanmırsız. Zaman keçdikcə bölüşəcəyiniz heç nə qalmadığını görürsüz. Sizin münasibətləriniz sevgilidən çox, dostluğa bənzəyir. Bundan sonra sən yalnız onunla maraqlanır, problemlərini həll edərək, ona yaxın olmağa çalışırsan. Sevgili vəzifən dəyişib; indi sən onun üçün ən yaxın dosta çevrilmisən. Beləcə, bir vaxt gözünü açanda onun sənə qarşı sevgi hisslərinin yox olduğunu görəcəksən. Ona hər gün zəng edib, onu görmək istədiyini deyirsən. Əvəzində isə ondan «vaxtım yoxdur», «evdən çıxmaq istəmirəm» kimi bəhanələr eşidirsən.
Müsbət cəhətlər: Dost münasibətlərində qarşı tərəfin səninlə soyuq davranıb-davranmamasının heç bir əhəmiyyəti olmur.
Mənfi cəhətlər: Onun gözü başqa qızlardadır. Sevgilin ona maraqlı olan birini axtarır. O, yeni macəra axtarışına çıxıb.
Psixoloq məsləhəti:
Bu macəradan onun əlidolu qayıtmasını gözləmə. Yerində oturub, onun problemlərinin həll olmasını gözləsən, bir də gözünü açacaqsan ki, sevgilinin yanında artıq bir başqası var. Dost kimi görünüb, bu problemləri həll etməklə məşğul olmaqdansa, bir az özünə vaxt ayır. Fərqli görün. Sevgilinin arxasınca qaçmaqdansa, rəfiqələrinlə vaxt keçirib, başını qatmağa çalış. Qoy, o sənin üçün darıxsın. İnan, bir müddət onu itirib-axtarmasan özü sənə zəng edib, darıxdığını deyəcək. Və qətiyyən onunla dost kimi davranma.

Onun dostlarına hörmət et
Bütün cütlüklərin ən böyük arzusu: o, yalnız səviyyəli, intellektual insanlarla ünsiyyət quraydı, ancaq sənin məşğul olduğun vaxtlarda dostları ilə görüşəydi, istədiyin an isə yanında olaydı… necə yaxşı olardı?! Sənin «O dostunla münasibət qurma. Samir çox avaradır» kimi sözlərinə qulaq asmayacaq, hətta səndən inciyəcək də. Digər tərəfdən sən özün də dostlarından imtina edə bilmirsən. Çətin ki, onun xoşu gəlməyən dostuna bir də səninlə danışmamasını deyə bilərsən. Sizin aranızda öz problemləriniz yox, dost seçimi söz-söhbətə çevrilib. Hər ikiniz bu problemi həl etmək üçün dost olmaq qərarına gəlirsiz.
Müsbət cəhətlər: Sən onu maraqlandırırsan. O, sənin dostlarınla tanış olmaq istəyir. Və tanış olduqdan sonra onları yaxından tanıyıb, hər dəfə sənə iradlar tutmayacaq.
Mənfi cəhətlər: Hər iki tərəf dostlarla mehriban münasibəti qəbul etməyə bilər. Sevgilinin dostları ilə şən olmasını yox, səninlə o cür davranmasını istəyirsən. Beləcə, sizin aranızdakı sevgi münasibətinin qarşısına dostluq keçib.
Psixoloq məsləhəti:
Onun dostları səni qane etmirsə və hər saniyə narahat qalırsansa, onda sən də onları tanımağa çalış. Onun nə üçün bu insanlarla münasibət qurduğunu anla. Əgər onlarla birlikdə vaxt keçirtmək sənə xoş deyilsə, onda sevgilinə bəyənmədiyin xüsusiyyətləri açıq-aşkar de. Qoy, kiminlə münasibət qurub, necə davranacağına özü qərar versin.



İpini buraxma
Boş yerə problem yaratmaq - bunu yəqin ki, bütün qızlar bacarır. Münasibətlərdə hər şey yolunda gedir, amma bu, səni qane etmir. Səni qorxu hisslərin narahat edir: bu gözəl münasibəti nəsə məhv edəcək. Küsülülük və anlaşılmazlıqlar heç nədən ortaya çıxır. O, harasa tək getdi, sən həmin an narahat olmağa başladın: «Niyə ora getdi? Demək, mənimlə olmaq ona maraqsızdır? Dostları ilə vaxt keçirtmək ona daha xoşdur. Bəlkə, mən də onunla dost olum?». Onu çox sıxmaq, telefonla danışanda gizlincə izləmək yanlışdır. Və ya… Ona dost kimi davranıb, bicliklə bütün sirləri öyrənib, sonra bir-bir izah tələb edirsən… Hətta onun haqqında daha çox məlumat almaq üçün dostları ilə tanış olursan. Bütün bu yanlışlar, dostluq münasibətləri sevgi hisslərini öldürür. Amma ona sərbəstlik vermək də düzgün deyil.
Mənfi cəhəti: Unutma, heç kim etibar olmayan münasibəti saxlamağı arzulamır.
Psixoloq məsləhəti:
Fikir ver: sən rəfiqənin başqası ilə münasibət qurmasına əhəmiyyət vermirsən. Ondan atacağı hər addıma görə səninlə məsləhətləşməsini tələb etmirsən. Sevgilinlə də belə davranmağa çalışma. Amma ona etibar etdiyini de. Axı siz təkcə sevgili deyilsiniz, həm də azad, fərqli insanlarsınız.

Görüşə addım at
Biz yalnız sevdiyimiz insanla emosional şəkildə mübahisə edə bilərik. O, qapını çırpıb gedir. Bizsə oturub, onun zəng edəcəyini, qayıdacağını gözləyirik. Heç vaxt özümüz zəng etmirik. Amma dostumuzla dalaşanda, səhvimizi tez anlayır, hətta ondan üzr də istəyirik. Beləcə, aramızdakı anlaşılmazlıqlar həll olunur və münasibət daha da adiləşir. Sevgilinlə söz-söhbətdən yorulub, onunla da bu cür davranmağa başlayırsan. Onun zəng edib, üzr istəməsini gözləmədən, özün bu addımı atırsan. Çalış, sevgilinlə aranda belə münasibətə yol vermə. Çünki o, bu hala öyrəşib, sənə qarşı soyuqqanlı olacaq. Ona bu cür məsuliyyətsiz olmağa imkan yaratma.
Psixoloq məsləhəti:
Bax, sevgilinlə dost olmağın yanlış tərəflərindən biri də budur. Mübahisəsiz, qısqanclıqsız sevgi olmaz. Amma onun həmişə yanında olması üçün sən söz-söhbətdən qaçırsan. Bu isə münasibətdəki şirinliyi yox edir. Amma bu o demək deyil ki, hər gün dalaşmalısan. Narazıçılıq zamanı mübahisənin nə üçün yarandığını aydınlaşdırıb, səhvlərinizi etiraf edin. Bütün günahları özündə axtarma. Hətta onu günahkar çıxardıb, üzr istəməyə də vadar et.

Razılaşma
Münasibətdə bir tərəf kaprizli uşaq olur, istədiyini əldə etmək üçün oyunlar oynayır. Hətta istəyinə çatmaq üçün şantaja belə əl atır. Gecə dostları ilə kluba getmək istəyir. Sənsə onu incitməmək üçün razılaşırsan. Amma bütün gecəni yatmayıb, onun kiminlə olduğunu, nə etdiyini düşünürsən. Qısqanclıq hisslərini ondan gizlətməyə çalışırsan.
Bu da onun fikrini dəyişdirəcək. O, sənin onu sevmədiyini düşünəcək. Sevginin ən gözəl sübutu qısqanclıqdır. Bir gün gəlib, sənə «Gəl bundan sonra dost qalaq» desə, qətiyyən qəbul etmə. Hətta bunu onu ömürlük itirməkdən qorxsan belə etmə.
Psixoloq məsləhəti:
Əgər sevgilinlə dost olmağa çalışırsansa, bunu qaydaya uyğun et. Onu qısqandığını açıq-aşkar büruzə ver. Əks-halda onun səni sevgili kimi görməsini unut. Gecə onunla gəzməyə getmək istəyirsən. Sevgilininsə başqa planları var. Razı qalması üçün planlarından imtina edib, inciməkdənsə, onu yola gətirməyə çalış. Qoy, o sənin varlığını unutmasın.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.