Zövq nədir?

20 Nisan 2015
1 710
0
Zövq nədir?
Zövq nədir?

Deyirlər ki: Dünyaya bir dəfə gəlirsən. Sonun başlanğıcı yoxdur. Gülün, əylənin, bir ildırım sürətilə keçən ömrünüzü zövq və səfa içində keçirin. İman, axirət, ibadət, halal, haram, ölüm kimi sizə məsuliyyətlərinizi xatırladacaq və zövqlərinizi məhdudlaşdıracaq ifadələri düşünməyin. Siz bir kəpənək qədər azad və sərbəst olmalısınız. "İç badə, gözəl sev, var isə ağlı-şüurun / Dünya var imiş, ya ki yox imiş nə umurun."
Bu bir həyat fəlsəfəsidir və adına Hedonizm deyilir. Dilimizdə "Həzçilik" və ya "Zövqçülük" deyə ifadə edilə bilər. Kökü Qədim Yunanıstana qədər gedib çıxır. İlk filosofu Epikürdür. Fəlsəfə tarixləri hər nə qədər Epikürə "ilk" desələr də, bu məni qane etmir. Qənaətimə görə ilki şeytan, ikincisi nəfsdir; Epikür ancaq üçüncü ola bilər! Daha sonra bu fikirlərin bir bənzərini Ömər Xəyyamda da görürük.
Fəlsəfə Nədimin "Gülək, əylənək, kam alaq dünyadan," misrası ilə şüar halına düşüb. Dövrümüzdə maddəçi (pula,mala və s. çox əhəmiyyət verən) toplumları zövq “qısqacının” qurbanı oldular. Bu yoluxucu xəstəlik bəzi şər qüvvələrin cəhdləri ilə vətənimizi hədəf alıbdır. Gənclərimizin beyinləri sözdə sənətlərlə yuyulur; mahnı sözlərinə qulaq verin, kifayətdir.

Əvvəlcə, Hedonizmin iç üzü üzərində durmaq istəyirəm. Bir sistemin qəbul edilməsi üçün cəmiyyətin bütününə, yaxud əksəriyyətinə xitab etməsi lazımdır.Lakin Həzçilik azlığı içinə alıb çoxluğu xaricində qoyur. Çünki cəmiyyətin əksəriyətini uşaqlar, xəstələr, yoxsullar, yaşlılar və bəlaya düşənlər təşkil edir. İstədiyi kimi əylənmək, hər arzusunu təmin etmək, hər zövqü dadmaq ancaq bəlli bir qruba vergidir.Həm gənc , həm sağlam, həm varlı olmalısan ki, kef arxasınca düşəsən. Qarnını doyura bilməyən kasıba, ağrılar içində inləyən xəstəyə, qəbir qapısında ölümü gözləyən yaşlıya "Ye, iç, əylən, kef elə," demək gülünc olmaz mı? Yoxsul ancaq bu dünyada dada bilmədiyi ləzzətlərə, axirətdə qovuşacağını düşünüb ümid edərək təsəlli ola bilər. Xəstələr acizliyini anlayıb Yaradanına dua etməklə mənəvi rahatlıq tapar.

Beli bükülmüş, fani zövqlərdən əlini çəkmək məcburiyyətində qalmış yaşlılar isə ölümün yoxluq olmadığını, əbədi bir aləmə getmək üçün vasitə olduğunu düşünməklə ifadəsi qeyri-mümkün kədərlərdən xilas ola bilər.
Şərq təfəkkürünün abidələrindən olan Sədinin də dediyi kimi; "İnsanlar bir vücudun əzalarıdırlar." Orqanların qarşılıqlı yardımlaşmalarıyla həyat davam edər. Toplum həyatı da fərdlərin birliyinə və bir-birləriylə müsbət mənada ünsiyətinə bağlıdır.
Ağıl, qəlb və vicdan sahibi hər insan digər həmcinslərinə mərhəmət edər, etməlidir. Ətrafındakı şəxslərin dərdlərinə, kədərlərinə, izdırablarına laqeyd qala bilənlər insani xüsusiyyətlərini itirənlərdir.

Ağlayan yetimlərə, qıvranan aclara, inləyən xəstələrə və titrəyən yaşlılara rəğmən zövqünü düşünənlərə, sadəcə kef üçün yaşayanlara insan mı deyilir?
Həzçilər çalışmağı da sevməzlər. Qazanmaq üçün tər tökmək belə istəməzlər. İş zamandan və kefdən fədakarlık etməyi tələb edir. Onda, zövq üçün xərclənəcək pulu hardan təmin edəcəklər? Şübhəsiz saf və məsum insanların çiynindən. Bu səbəblə, cəmiyyətdə zövqçülük artdıqca, möhtəkirlik da çoxalır. Bir tərəfdə qeyri-qanuni qazancı vərdiş halına salanlar, digər tərəfdə çalışdığı halda kifayət qədər qazana bilməyənlər. Dünya zalım “parazitlərlə” məzlum vətəndaşların dünyasıdır.
Zövq qayə olarsa, ailə zəyifləyər. Çünki cəmiyyətin çəyirdəyi olan ailə ancaq fədakarlıqlarla ayaqda dura bilər. Qadını "qadağa zövqlərin aləti"qəbul edən zehniyyət "şəfqət qəhramanı ananı" tanımaz. Uşaq isə kef vasitəsi olan pulu paylaşaraq azaldan düşməndir; doğulmadan öldürülməlidir.

Qəbilələri dövlət edənlər qəhrəmanlardır. Əsir millətləri əfəndi halına gətirənlər ideal adamlarıdır. Ölüm yuxusuna yatmış cəmiyyətləri oyadan, coşduran və ali məqsədlərə tərəf aparanlar alpərənlərdir. Şəxsi arzuları arxasınca sürüklənənlər qəhraman ola bilməzlər. Səfahət döşəyinə rahatlıq üçün yatanlar fədakarlıq etməyi bacarmazlar. Eqoistlər ölümə gülümsəyən, məna üçün yaşayıb məfkurə üçün ölənləri anlaya bilməzlər. Bunlardan meydana gələn toplum daxildən çürümüşdür.

Həyatın məqsədini zövq hesab edənlərin beyinləri mədələrinə enmişdir. Maddi zövqdən başqa zövqlərin də ola biləcəyinə ehtimal verməzlər. Acı doyurmağın, yetimi oxşamağın, yaşlıya əl tutmağın həzzinə yaddırlar. Gurultulu musiqidən, “qasıqları partladan” zarafatlardan, şəhvət qoxan ədəbiyatdan xoşlanarlar. Günləri yeni zövqləri xəyal etməklə keçər. Zövqün sərhəddi yoxdur. Təkrarlanan ləzzət dadını itirər. O zaman yeni və fərqli zövqlərin ardına düşərlər. Tapmadıqda, sıra ağlı uyuşdurmağa gəlir. Artıq yeni dostları tiryək, heroin və alqokoldur. Yatan, uyuşan və sızan bir cəmiyyət ortaya çıxar. Belə bir cəmiyyət dostu düşməndən ayıra bilməz. Azadlıq qapısı qapanmağa əsarət qapısı açılmağa başlayar. Ruhun cüzamı olan bu qorxunc xəstəliyə tutulanlar mənən ölüdürlər. Ölülər isə mülklərini qoruya bilməzlər. Bax bunun üçün xarici mərkəzli materyalistlər və onların içərdəki “kukla”ları zövqü və həzzi qayə olaraq göstərirlər!
Zövq vasitədir. Fərdi həyatın və nəslin davamı üçün yaradılmışdır. Ərzaqlarda ləzzət olmasaydı, yemək-içmək bir əzab olardı. Yeyə bilməz, içə bilməz və zəruri ehtiyacımız olan qidaları qəbul edə bilməzdik. Həyat davam etməzdi. Həmçinin, evlilikdə həzz olmasaydı, ailə qura bilməz, çoxala bilməz, yerüzünü şənləndirə bilməzdik. İnsan nəsli kəsilərdi. Halbuki, biz iman və ibadət üçün yaradıldıq. Bu uca vəzifələri yerinə yetirmək üçün yaşamalı, nəslimizi davam etdirməliyik. Yanlış olan vasitəni qayə yerinə qoymaqdır. Zövq üçün yaşayanlar ulağını doyurub özü aclıqdan ölənlərə bənzəyirlər.

Zövq və ləzzətin yaradılmasındakı bir hikmət də budur: Biz bu dünyaya bir imtahan üçün göndərildik. Bura maaş və mükafat yeri deyildir. Hər padşah kimi bu dünya mülkünün maliki olan Allahın da bəzi əmrləri və qadağaları var. Haram zövqlər də bu imtahanın bir parçasıdır. Bizdən məşru dairədə qalmağımız istənilir. Azad iradəyə sahib olaraq yaradılmışıq. Halal dairədə yaşayıb cənnəti qazanmaq da əlimizdə, haram zövqlərə qapılıb cəhənnəmə getmək də.

Əslində, Allahı tanımayan, axirəti bilməyən və qulluq şüuruna çatmayan şəxs dünyada da xoşbəxt ola bilməz. Çünki dünya ləzzətləri müvəqqətidir. Zövqün tükəndiyi yerdə dərd başlayar.Bunlar ölümə qədər növbələşərək davam edir. Həzlərin fani olduğunu düşünmək belə həyatı zindan etməyə kifayətdir. Həyatdan tam zövq alanlar ancaq inananlardır. Onlar bilirlər ki, ləzzətlər müvəqqətidir, amma nemətləri verən Allah əbədidir. Tükənən nemətlərin davamını da yaratmağa qadirdir. Bu dünyada verməsə belə əbədi səadət yeri olan axirətdə verə bilər. Onda, ləzzətin sonunu düşünüb kədərlənmək mənasızdır. Evindəki bir yeşik almanın bitəcəyini düşünərək kədərlənən yoxsul adam bilsə ki, padşah onu almasız qoymayacaq, hər nə zaman alması qalmasa, o, yenə verəcək, sevinər və ləzzətini tam alar.
İnsanı heyvandan ayıran ən mühüm xüsusiyyət ağıldır. Ancaq bu müstəsna qabiliyyət yerində işlədilməzsə, bəla olar. Çünki ağıl sayəsində keçmişi və gələcəyi düşünmək mümkündür. İnanmayan adam keçib gedən gözəl günlərini xatırlayaraq təəssüflənir. Gələcək zaman isə məchul təhlükələrlə doludur. Ölümü hər şeyin sonu bilən üçün keçmiş bir “yoxlar ölkəsidir”. Gələcək isə onu udacaq bir divin ağzıdır. Allaha təslimiyyəti olmadığı üçün hər hadisə ruhunu titrədir. Zahirən xoşbəxt görünür, lakin daxili dünyası acılarla cəhənnəmə çevrilib. Ancaq inanan şəxs üçün ölüm yoxluq deyil, bir başlanğıcdır. Nurani axirət aləminə keçid üçün vasitədir. Gələcək isə sonsuz mərhəmət sahibi olan Allahın əmrindədir. Dünya da, içindəkilər də fanidir, amma O, daimidir.
Əgər insan bu dünyada əbədiyyən qalacaq olsaydı, bəlkə zövqünə gərəyindən daha çox əhəmiyyət verə bilərdi. Ancaq yerüzündə hər an ölüm küləyi əsir. Çevrəmizdə ölümlü həyatın mübarizəsinə şahid oluruq. Hər məxluqda ölümün üzünü görürük. Dünən sapında gülümsəyən çiçəklər bugün ayaqlar altında. Yazda və yayda yaşıl paltarları olan ağaclar, qışda kəfənlər içində. Göylərdə uçan quşlardan geriyə qalan bir ovuc tük yumağı. Əlif kimi dik duran gənclər, bir də baxırsan ki, budaq kimi əyilmişlər. Zövq cilasıyla parıldayan gözlər torpaqla dolur. Sevdiklərimiz bizi bir-bir tərk edirlər. Bütün yollar qəbrə çıxır. Şübhəsiz, bilirik ki, bizim də axırımız qocalıq və ölümdür. Onda, hakimiyyət mübarizəsində həyatdan heç də geri qalmayan ölümün bizdən bir istəyi olmalıdır. Bax insanın ən öndə gələn məsələsi budur və heç kimsə bu həqiqətə laqeyd qala bilməyəcəkdir. Zövqpərəst ölüm qarşısında titrəyərkən, müsəlman rahatdır. Çünki ölüm torpağa girib çürümək deyil, sevgili Peyğəmbərinə (s.ə.s) və digər sevdiklərinə qovuşmaq deməkdir. Başqalarını dəhşətə salan Əzrail etibarlı bir əmanətçidir. Və onlar üçün dəfn mərasimiylə, düyün alayı eyni şeydir. Gediş Rəhman və Rəhimə olduqda qəbir gülüstana dönər.

“Həyatın qayəsi zövq deyildir”. Onda nə üçün yaradıldıq? İndi də bu suala cavab tapaq:

"Çoxluqda birlik" deyə tərif edilən ahəngin ən mükəmməlini kainatda görürük. Hər məxluq öz üzərinə düşən vəzifəni əksiksiz yerinə gətirir. Cansızlar həyata xidmət edir. Həyatın ən ülvisi də insana verilmişdir. Heç tərəddüd etmədən deyə bilərik ki, kainat insan üçün çalışır. Bitkilər heyvanların, heyvanlar isə insanların əmrində. Hər məxluqun bir qayəsi olduğuna görə insan da bir məqsəd üçün yaradılmışdır. Əksini düşünmək əbəs olar. Onda bu necə bir qayə olmalı? Bu sualın cavabı, Rəbbimizin kəlamıdır. Bütün ilahi kitablar eyni nöqtəyə toxunaraq deyirlər ki: Təməl vəzifəniz sizi yoxdan var edən və hədsiz nemətlərlə yaşadan Allahı tanıyıb, qulluq etməkdir. Sonsuz gənclik, əbədi səadət və tükənməz zövqlər istəyirsənizsə, Onun əmrlərinə itaət edib, qadağalarından uzaq durun. Dünyanın zövqləri aldadıcı ilğıma bənzəyir. Fani ləzzəttlərin cazibəsinə qapılaraq gerçək hədəfinizi unudarsanız, əzaba uğrayanlardan olarsınız. Üsyan və küfr nankorluqdur.

Qonaq ev sahibinin sözünə itaət etməlidir. Onu yedirdən, içirdən, istirahətini təmin edən zatı dinləməyərək öz istədiyini edən adam nankordur. Vəzifəsi təşəkkür ikən evin sahibini tanımaq istəməyən qonaq əzaba layiqdir. Bax, dünya qonaq evinə gəlib nemətlərə məzhər olan, ancaq Allahı bilməyən qulun halı bu misala bənzəyir.

Yeri gəlmişkən, bir mövzuya daha toxunmaq istəyirəm: Qərbli psixoloqlar daima nəfslə ruhu bir-birinə qarışdırmaq kimi əfv edilməz bir xəta edirlər. Təbii olaraq, bizdəki təqlidçilər də eyni xətanı təkrar edirlər. Nəticə, nəfsin istəklərini, sanki ruhun arzularıymış kimi qəbul etmək və psixolojik sistəmləri bu yanlışa dayandırmaq olur. Tövsiyələri isə: "Heç bir arzunuzu basdırmayın, içinizə atmayın, dərhal doyurun." Bu fikirlər qəbul edilir də. Günahlar elmi “paltarlara” bürünərək məşrulaşdırılır. Beləliklə,azğın ehtiraslarına sədd çəkə bilməyən "elmi əxlaqsızlar" və "ziyalı zalımlar" çoxalır. Zəiflər əzilir, məsumlar ləkələnir, quzular qurdların öhdəsinə buraxılır.
Halbuki, ruh ayrı, nəfs ayrı varlıqlardır. İkisi eyni şəxslərdə olmaqla yanaşı, xüsusiyyətləri daban-dabana ziddir. Birinin zövq aldığından, digəri diksinir. Nəfs pisliklərə məftundur. Lüğətində "doymaq" deyə bir kəlmə yoxdur. Həmişə daha çox istəyər. Ərköyündür, üsyankardır, üzsüzdür. Aldıqca daha çox qüvvətlənir. Nəhayət elə bir dərəcəyə gəlir ki, insana "həyatın qayəsi zövqdür" hökmünü qəbul etdirir. Məsuliyyətdən qaçar. Qaydalar, qanunlar və qadağalar onun ən sevmədiyi ifadələrdir. Dini və əxlaqı da sırf bunun üçün sevməz. Çünki bunlar insana başıboş olmadığını, heyvan kimi istədiyi yerdə “otlaya bilməyəcəyini”, ibadət üçün yaradıldığını xatırladır. Ona Allaha üsyanın nankorluq olduğunu söyləyir.

Ruhun da özünəxas qidaları vardır. O, elmlə kamilləşir, ibadətlə tənəffüs edir və təfəkkürlə ucalıqlara yüksəlir. Məxluqlardakı möhtəşəm sənətləri görərək Rəbbini düşünmək, əhatələndiyi nemətlər üçün minnət duyaraq şükr etmək ən mühüm qayəsidir. Bu yolla keçmişin dərdlərindən və gələcəyin sıxıntılarından xilas olur. Təslimiyyət və təvəkküllə mənəvi rahatlığa qovuşur. Orqanlar etdikləri işə görə qiymət alırlar. Sadəcə maddi zövqlər üçün işlədilən qabiliyyətlər dəyərlərini itirərlər. Ruh bu həqiqəti bilir. Ağlını və digər mənəvi cihazlarını mədəsinə və şəhvani istəklərinə xidmət etdirənlərin xoşbəxt olmaları mümkündürmü? Sahibin qulluqçularına kölə olduğu yerdə səadətdən söz gedə bilərmi?

Həzçiliyin sonu pessimizm, yəni bədbinlik fəlsəfəsidir. Çünki "Davam etməyən şeydə ləzzət yoxdur." Dünya nemətlərinin və özünün fani olduğunu bilən insanın məsud olması mümkündürmü? Ağlı uyuşduran maddələrin səfahət toplumlarında çoxalması da bu həqiqəti göstərir. Yenə maddi ləzzətlərə doymuş Qərb cəmiyyətlərində intahar hadisələri daha çox görülür ki, bu vəziyyət xoşbəxt olmadıqlarının ən açıq dəlilidir. Məsud bir insan nə üçün ağlını uyuşdursun və niyə intahar etsin!

Buna daim inanmışam: əgər zövqünə düşkün olanlar, cənnətdəki ləzzətlərə şübhəsiz inansalar, hamıdan çox ibadətlə məşğul olardılar. Çünki hər ləzzətin əsli ordadır. Dünya zövqləri isə bir kölgədən ibarətdir. Hedonistlərə bunu demək istəyərdim: Zövq və səfa içində sonsuza qədər yaşamaq istəyirsənizsə, heç durmayın; iman ab-i həyatından və ibadət şərbətindən için. Sabah çox gec ola bilər. Birigünə isə heç güvənməyin.

Sözün qısası, "Həqiqi zövq və ələmsiz ləzzət və kədərsiz sevinc və həyatdakı səadət yalnız imandadır və iman həqiqətləri dairəsində olur." Bundan dolayı zövq və səadət istəyənlərə deyiləcək söz budur: "Həyatın ləzzətini və zövqünü istəyirsənizsə, həyatınızı iman ilə həyatlandırın və fəraizlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.