Dünən mehriban qardaş, bu gün mehriban düşmən

03 Ağustos 2015
1 593
0
Dünən mehriban qardaş, bu gün mehriban düşmən
Dünən mehriban qardaş, bu gün mehriban düşmən

İslam ümmətində fikir ayrılığı və narazılıqların kökü hələ son İlahi dinin nazil olduğu ilk əsrə gedib çıxır. Zaman ötdükcə mübahisələr, hətta münaqişələr keyfiyyətcə yeni müstəviyə keçib. Xüsusən də günümüzdə sosial şəbəkələrin sürətli inkişafından sonra faktiki olaraq hər kəsin tribuna qazandığı dövrdə qütbləşmə, fikir ayrılığı, belə demək mümkündürsə, son dərəcə qəddarlaşıb, radikallaşıb. Dünənə qədər can bir qəlbdə qardaş olanlar bu gün hansısa mübahisəli müddəa ətrafında polemika apardıqdan sonra ən barışmaz düşmənlərə çevrilə bilərlər. Və çevrilirlər də, buna kifayət qədər nümunələr var. Dünən mehriban qardaş, bu gün isə mehriban düşmən. Bəs nə üçün belə olur? Səbəb nədir ki, qardaşlığımız belə “sürüşkən”, qeyri-sabitdir?

Müsəlman Quranın bütün ayələrinə iman gətirməli, bu imanını sözlə iqrar etməklə yanaşı əməlində də nümayiş etdirməlidir. Allah-Taala Quranın bir ayəsində qullarına buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.(Hucurat, 10). Biz də bu ayəyə iman gətirmişik. Ona görə deyirik ki, 1 milyard 800 milyon qardaş və bacımız var. Düzdür, biz belə düşünsək də, müəyyən qrupları qardaş saysaq da, onlar bizi belə dəyərləndirmir. Oba-oba, el-el gəzib onları qardaş sayanları tapıb başlarını kəsir, güllələyir, diri-diri yandırırlar. Nə isə, bu başqa bir mövzudur. Amma fakt budur ki, bu gün statistikaya görə planetdə 1,8 milyard müsəlman var. İdeal şəraitdə can deyib, can eşitməlidirlər. Amma reallıq necədir? Artıq qeyd etdik.

Böyük miqyası qoyaq bir kənara, amma Azərbaycanımızda baş verənlərin bir səbəbi də, bəlkə də elə əsas səbəbi “Hucurat” surəsindəki ayəyə qəlbən iman gətirməməmizdir. Biz “qardaş” sözünü lazımınca dəyərləndirmədik, əfsus. Elə “qardaş” deyib keçdik. Özü də əslində qardaş olmayanlara. Sərxoş sürücünün qəza törətməsindən ehtiyatlanıb “qardaş, saxla, düşürəm”, rüşvətxor müəllimin balamızın ali təhsil almaq həvəsini ürəyində qoymasından narahat olub “qardaş, al bunu qoy cibinə, gör də, neynirsən”, harınlamış məmurun bizim üçün taleyüklü arayışı verməyəcəyindən qorxub “qardaş, məni balalarının başına fırlat”, vicdansız həkimin valideynimizin əməliyyat olunması üçün “oxuduğu” məbləği “sındırmaq” naminə “qardaş, elə bil ölmüşəm, məni yerdən götür” dedik. Ucuza satdıq “qardaş” kəlməsini. Adiləşdi bu kəlmə bizim üçün. O dərəcədə adət etdik ki, artıq həqiqi qardaşlarımızla faktiki yad olanlar arasındakı uçurum ağzına qədər doldu bizim səhvlərimizlə, üstündən də hələ asfalt çəkildi. Nəticəsi də göz önündədir. Dünən qardaş dediklərimizə bu gün münafiq, fasiq, buqələmun damğasını vururuq.

Amma, yox, elə deyil. Əslində biz heç qardaş da olmamışıq. Elə dildə demişik. Amma qəlbən onları qardaş kimi sevməmişik. Kimsə yıxılanda dilimiz “can” söyləyib, əlimiz FB-də “can” şərhini yazıb, düzdü. Amma sonra ayağımız bizi canlı “can” eşitməyə ehtiyacı olanın yanına deyil, başqa səmtə aparıb. Məsələn, “nböyük adamı” iftar süfrəsinə. Elə “can” deyəndə də əslində fikrimiz o süfrədə olub.

Amma kaş o ayəyə qəlbimizlə iman gətirəydik! Kaş qardaşlarımızı sevəydik! Onların və ən əsası özümüzün məsum olmadığımızı anlyayadıq və... sevəydik! O zaman nə bizimlə eyni səfdə dayanıb namaz qılanı, nə bizimlə eyni avtobusda Kərbəlaya gedəni, nə bizimlə eyni məsumun müsibətinə göz yaşı tökəni, nə də bizimlə eyni müctəhidə xüms göndərəni aşağılamazdıq, təhqir etməzdik, “mömin ki deyil!” söyləyib qeybətinə “halal” fətvası verməzdik, özümüzü dahi, imanlı, qarşı tərəfi bəsirətsiz, satqın, düşmən dəyirmanına su tökən hesab etməzdik. Ey kaş, ey kaş...

P.S. Qəribədir ki, bəzən qeyd olunan ayənin “Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin” əmrinə itaət etməyə cəhd edənlər də bəzi qardaşların qəzəbinə səbəb olur, konkret münaqişə tərəflərinin birinin rənginə boyanmaq tələbləri səslənir. Ayədən də bəllidir ki, Allah qardaşlar arasında narazılıqların meydana gələcəyini bildirir və ətrafdakılara buna biganə qalmamağa dair göstəriş verir. Eşitməyək bu əmri də? Yaxşı, bəs neyləyək? Qolumuzu çırmayıb biz də meydana girək? Ya Qədim Roma sakinləri kimi Kollizeyin tribunalarında yer alıb kiminsə yerə sərilməyini gözləyək, sonra da baş barmağımızı aşağı tuşlayıb “iugula” qışqıraraq ona “ölüm” tələb edək? Daha bizim hər gün nifrin etdiyimiz xəvaricdən, İŞİD-dən fərqimiz nə oldu ki?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.