Məkkədən Doğan Günəş

11 Ağustos 2015
1 380
0
Məkkədən Doğan Günəş
Məkkədən Doğan Günəş

llah-Təala Onu çox sevib, uca tutub. O, insanlığın fəxri, həyat örnəyidir. Onu sevməyənin ürəyi xarabazarlıqdır. O gəlib-keçmiş bütün peyğəmbərlərin əşrəfi, meracda namaz qılarkən imamıdır. Dünya o gözəllikdə Adəm övladı görməyib, görməyəcək də. Özü də gözəldir, sözü də gözəldir, üzü də gözəldir... O, elə gözəldir, elə gözəldir ki, mədh etməyə söz acizdir.


Onun gələcəyini yəhudi və xristian alimləri yaxşı bilirdilər. Bilirdilər ki, peyğəmbərlərin sonuncusu, bəşərin xilaskarı gələcəkdir. Amma nə zaman və harada doğulacağı haqda dəqiq bilgiləri yox idi. Yəhudi alimləri sonuncu peyğəmbərin də onların içindən çıxacağına inanırdılar. Amma ağıllarına da gəlməzdi ki, bu mübarək Zat ərəblərin Qureyş qəbiləsinin qismətinə yazılıb.

Rəbiyül-əvvəl ayının on ikinci günü, bazar ertəsi, sübh zamanı Onun gəlişiylə bu dünya şərəf tapdı. Bu gəliş dünyaya özü ilə bərabər yeni məna, yeni mərhələ gətirdi. Göz açanda ata üzü görmədi. Atası Abdullah Əbdül Müttəlib oğlu Onun doğumundan iki ay öncə bu dünyadan köçmüşdü. Bu da Allah-Təalanın bir hikmətiymiş. Ən çox sevdiyi bəndəsini bu dünyaya yetim kimi gətirmişdi. Amma nə qəm, Onun hamisi elə Allah-Təalanın özü idi.

Tarix bu şanlı doğuma İsa peğəmbərin (ə.s.) doğumundan başlayaraq hesablanan Miladi təqviminin 570-ci ilinin aprel ayının 20-də şahid olmuşdur.

Tarixçilər yazırlar ki, bu mübarək doğuşun baş verdiyi gecə Kəsranın sarayında 14 sütun uçmuş, atəşpərəstlərin alovu sönmüş, Səva gölü qurumuşdur. Həqiqət bundan ibarət idi ki, yıxılan təkcə Kəsranın sarayındakı sütunlar deyildi, İranın səltənəti və ehtişamı yıxılmışdı; Bizansın şöhrəti, Çinin əzəməti çökmüşdü. Sönən atəş təkcə atəşpərəstlərin odu deyildi, dünyadakı küfrün, dinsizliyin odu idi. Quruyan göl təkcə Səva gölü deyildi, bütpərəstliyin kökü idi.

Həzrəti Əminə heç bir ağrı çəkmədən gül parçası kimi bir oğlan uşağını dünyaya gətirdi. Ev bir anda nura qərq oldu. İçəridəkilər bu cür gözəl və nurlu bir çöhrə görməmişdilər. Uşağın babası Əbdül Müttəlibi muştuluğa qaçdılar. Qoca baba çox sevindi. Ziyafət verdi və körpənin adını Məhəmməd qoydu. Soruşdular:

- Sənin əcdadında belə ad yoxdur. Niyə öz babalarından birinin adını deyil, məhz bu adı seçdin?

Cavab verdi:

- İstəyirəm ki, Allah da, insanlar da onu öysünlər.

Babanın istəyi artığı ilə gerçəkləşdi. O, hər cür sevgiyə, hörmət və ehtirama layiq bir Zat kimi böyüdü, yetişdi.

Peyğəmbərimiz həzrəti Məhəmmədin (s.ə.s.) mövludu şərq ədəbiyyatında əsrlər uzunu ən çox yazılan mövzulardan biri, bəlkə də birincisi olmuşdur. Tanınmış bütün şairlərimiz Onun adına nət (həzrəti Məhəmmədin (s.ə.s.) tərifinə həsr olunmuş iri həcmli şer) yazmış, gözəlliklərini vəsf etməyə çalışmışlar. Elə möminlər gəlib-keçib ki, Onun adını çəkəndə sevgidən, sayqıdan gözləri dolub, vücudu titrəyib. Həzrəti peyğəmbərimizə həsr olunmuş şerləri bir araya toplamağa çalışsaq, yüzlərlə cild kitab alınar.

Allah-Təala bizi Onun şəfaətinə qovuşdursun. Onun şəfaətinə qovuşanın Allah-Təalanın rizasına qovuşacağı şübhəsizdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.