Allahın "ər-Rəbb" adının mənası
Ər-Rəbb sözü sahib olan, tərbiyyə edən deməkdir. Allahın ər-Rəbb adı Qurani-Kərimin bir çox ayələrində zikr edilir. Uca Allah buyurur:
“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir” (ən-Nisa, 174-175).
Ər-Rəbb olan Allah bütün yaratdıqlarının sahibidir. O, hər şeyi idarə edən və bəndələrinə nemətlər bəxş edəndir. O öz xeyirxah bəndələrinin qəlblərini və əməllərini islah edir. Ona görə də Peyğəmbərlər və əməlisaleh insanlar Allahın ər-Rəbb adı ilə daha çox dua etmişlər. Uca Allah buyurur:
“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!
Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!"