İnsan tərbiyəsində Quranın rolu

02 Kasım 2014
2 961
0
İnsan tərbiyəsində Quranın rolu
İnsan tərbiyəsində Quranın rolu

İnsan… Bu kəlməni hər kəs bir cür anlayır. Kimisi insan deyəndə onun maddi, kimisi isə qeyri-maddi tərəfini, yəni düşüncə və əxlaqını nəzərdə tutur.

İnsan… Bu söz necə də gözəl səslənir, gözəl səsləndiyi kimi, yaradılışı da gözəldir. Bəzən elə bir insana rast gəlirsən ki, onda insanlığa zidd hərəkətləri görəndə dünyaya gəlməyinə, insan adını daşımağına peşman olur, xəcalət çəkirsən. Bəzən isə bir möminlə - üzünün nuru uzaqdan diqqəti cəlb edən bir insanla rastlaşanda rahat nəfəs alıb bir anlıq fikirləşirsən ki, nə əcəb dünyada yaxşılar vardır. Gözəl əxlaqlı, ədəb-ərkanlı, hər şeyi yerli-yerində bilən və edən insanla təmasda olduqda sevinirsən və düşünürsən ki, insan məhz belə olmalıdır.

Müxtəlif dövrlərdə insana baxış bucağı da müxtəlif olub. Bəzən bütün insanları eyniləşdirmiş, bəzən də hər hansı dəyər əsasında müxtəlif təbəqələrə bölmüşlər. Görəsən gözəl biçimdə yaradılan insanlar əməl və əxlaqlarına görə bir-birindən fərqlənirlərmi? Bu suala cavab verməzdən öncə öz əməllərinə baxmalısan ki, başqalarında olan səhvləri özündə görüb onları düzəldə biləsən. Çünki yaxşı insanla pis insanı, onların əməl və əxlaqını müqayisə edəndə həmin fərqin səbəbi də üzə çıxır.

Həmin səbəblərdən biri ondan ibarətdir ki, bəzilərimiz bu gün keçmişimizdən, Qurandan və Əhli-Beytdən (ə), xüsusilə də ata-babalarımızın yolundan uzaq düşmüşük. Bu isə bizlərə gələcəyimizi qurmaqda maneçilik törədir.

İnsanlar nə zaman Qurandan uzaq, öz təbiətləri ilə baş-başa qalmışsa, zəif, aciz və kimsəsizlərə qarşı qəddar olmuş, mərhəmətsiz davranmış, onların əməyini istismar etmiş, onlara xor baxmış, nəticədə isə özünü rəzil etmişdir.

Çünki Quran hidayət və Rəhmətdir. Çünki Quran insanı zülmətdən nura çıxaran, könüllərə şəfa verən, haqqı batildən ayıran bir furqandır, həm də bütün bunlarla yanaşı, Quran həqiqi bir tərbiyə kitabıdır.

"Doğrusu, Biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra onu qaytarıb zəlillərin zəlili etdik” ("ət-Tin” surəsi, ayə 4-5). Bu, insanlığın Qurana görə tərbiyə müddəti nəzərə alınaraq həyata keçiriləcəksə, eyni yolun izlənməsinin vacibliyinə də bir dəlildir. Quranın hansı ayəsinə baxsaq mütləq kamil bir iman və Allah-Təalaya qulluğa yönləndirəcək kəlamlara rast gələrik. Bütün ayələr bir-birini tamamlayır və heç birində kiçik də olsa təzad yoxdur. Yenə də Quranın hansı ayəsinə baxsaq mütləq insanı tərbiyə edən bir tərəfinin olduğunu görəcəyik. Çünki bu müqəddəs Kitab Yaradan tərəfdən insanın tərbiyə edilməsi üçün göndərilmişdir."...Kim təmizlənib pak olarsa, artıq o, özü üçün təmizlənib pak olmuşdur” ("Fatir” surəsi, ayə 18).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah günahlardan təmizlənib pak olan insanları sevir. İnsanın bu şəkildə pak olması və ola bilməsi üçün qəlbinin kirlənmiş olduğunu anlaması lazımdır. Əgər bu canlığı varlığı bir çırağa bənzətsək görərik ki, çırağı hər gün təmizləməsək onu his-toz basar, təmizləmək çətinləşər. İnsan da belədir, hər gün özü-özünə hesabat verib daxili dünyasını təmizləməlidir. Buna görə də əvvəlcə insan özünü tanıma prosesinə girməli, özünü anlamalı, necə və nədən tərbiyə olunmasının vacibliyini bilməlidir. Çünki hər tərbiyə prosesi uzun bir yol qət edir, zəhmətlidir və bir az da insana əziyyət verir, insan isə alışdığı həyatdan asanlıqla əl çəkmək istəmir.

İnsan mənfi, əxlaqa zidd, dini ehkamlara yad əməllərdən uzaq olduqda və təqva libasına büründükdə həqiqi insan sayılır. Bu səbəbdən də bir neçə mərhələdən ibarət tərbiyə prosesi insan həyatında çox mühüm rol oynayır. Onun ilk tərbiyəsi genetik tərbiyə, yəni valideynlərindən irsi olaraq keçən tərbiyədir. Sonra isə məktəbəqədər tərbiyə gəlir və həmin müddətdə uşağa verilən tərbiyə bütün həyatı boyu onunla birlikdə olur, o həyatını həmin tərbiyə üzərində qurur. Valideyn bilməlidir ki, onun övladı kimdən təlim-tərbiyə alır və onları necə tərbiyə etməlidir. Məsələn, kiçik yaşlarından dini tərbiyə alan və ya bu barədə çoxlu mütaliə edən şəxs Allah və Axirət haqqında düşünür və bunları nəzərə alaraq həyatda həqiqətən də əməllərinə diqqət yetirir. Alimlərin fikrincə, uşaqların tərbiyəsi 4 və ya 6 yaşına qədər artıq tamamlanır. Ümumiyyətlə, kiçik yaşlarımızdan aldığımız tərbiyə gələcək həyatımızı müəyyən edir. Biz həmin tərbiyəyə əsasən düşünür, yaşayıb yaradırıq. İnsanların tərbiyəsində, cəmiyyətin istiqamətləndirilməsində və inkişafında hər şeydən əvvəl valideynlərin, sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Hər zaman olduğu kimi, bu gün də cəmiyyətin həmin məsuliyyəti dərk edən insanlara böyük ehtiyacı vardır.

İnsanların tərbiyəsində milli mentalitet də çox əhəmiyyətlidir. Azərbaycan xalqının əxlaqi dəyərlərə böyük önəm verdiyi, eyni zamanda azərbaycanlıların İslam dininin əxlaqi prinsiplərinə hörmətlə yanaşdığı, həmçinin gündəlik həyatlarını bu dəyər və prinsiplər üzərində qurması dediyimizə daha bir sübutdur. Bütün bunları isə biz ağsaqqal və ağbirçəklərimizdən öyrənə-öyrənə gəlirik. Həqiqətən də alimlər belə qənaətdədirlər ki, nənə və babaların yanında çox qalan, böyük həyat məktəbi keçən bu şəxslərdən tərbiyə alan uşaq və yeniyetmələr sonradan gözəl əxlaqa malik olurlar. Milli tərbiyə, adət-ənənə və mədəniyyətlərdən uzaq cəmiyyətlər isə kobud, cahil və etibarsız olurlar.

Quranda təlim-tərbiyənin sevgi və mərhəmətdən qaynaqlanmalı olduğundan xəbər verilir. "ər-Rəhman" surəsinin ilk iki ayəsinə diqqət yetirək. Mübarək ayələrdə buyurulur: "Rəhman! (Mərhəmətli olan Allah!), (Öz peyğəmbərinə) Quranı öyrətdi”.

Digər bir ayədə isə Uca Allah peyğəmbərlərin (ə) nümunəsində təlim-tərbiyə üsulundan söz açır və onun iki mərhələdən ibarət olduğunu xəbər verir: "...onları (günahlardan, şirk və çirkablardan) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər” ("əl-Bəqərə” surəsi, ayə 129).

Deməli, hər şeydən əvvəl tərəf-müqabilimizə sevgi və mərhəmət göstərməli, onun könlünü ələ almalı və yalnız bundan sonra təlim-tərbiyə məsələsinə baxmalıyıq.

İnsanın insana, insanın əşyaya, insanın haqsız iddialara, bir sözlə, əşrəfiyyət baxımından insanın tayı olmayan şeylərə fəda edilməsi, həsr edilməsi insanın əşrəfiyyətinə düşən kölgədir.

Quran tərbiyəsi ilə yetişmiş bir insana gəlincə, o, "bir quldur, amma məxluqların ən böyüyünə belə ibadət etməyi ar bilən şərəfli, izzətli bir qul...”.

Rəbbimiz Həzrət Muhəmmədi (s) öz kəlamı – Qurani-Kərimlə tərbiyə etmişdir. Bu gün milyonlarla insan onun yolunu gedir, onun kimi olmağa çalışır. Başqalarına nümunə olmaq istəyən insan rəftarlarında nöqsana yol verərsə, ətrafdakıları tərbiyə edə bilməz. Allah-taala öz bəndələrinə minnət qoyaraq nümunə üçün məsum şəxslər seçmişdir. Bu şəxslər istənilən hər cür nöqsandan uzaqdırlar, onların danışıq və əməlləri ən kamil həddədir. Onlar əsl ideallardır. Allah-taala Qurani-Kərimdə peyğəmbərlərin, xüsusilə, son peyğəmbəri Həzrət Muhəmmədin (s) nümunə olduğunu təkidlə vurğulayır. Tərbiyələnmək istəyən insana ən böyük xidmət ona düzgün, məsum nümunə tanıtdırmaqdır. Beləcə, sonuncu və ən kamil peyğəmbər olan Həzrət Muhəmməd (s) Allah-taalanın insanlara lütf etdiyi böyük nemətdir. Biz öz danışıq və rəftarlarımızı bu nümunə əsasında tənzimləməliyik. İslam peyğəmbərindən əlavə onun Əhli-Beytindən (ə) olan məsum imamlar kimi idealları var. Məhz bu şəxslərə təqlid edilməsi, məsum imamlar və Xanım Fatimənin (ə) ideal seçilməsi ən düzgün yoldur. Məsum imamlardan bizə gəlib çatan rəvayətlərdən, hədislərdən məlum olur ki, onlar Xanım Fatiməni (s) özləri üçün bir örnək olaraq qəbul etmiş və həyatlarının bütün sahələrində ona tabe olmuşlar.

Fatimeyi-Zəhra (s) bütün dünya xanımlarının ən gözəl nümunəsidir. Bizim qızlarımız onu özləri üçün bir örnək kimi qəbul etməlidirlər. Çünki ana övladın qaynağı, köküdür. Sözsüz ki, insanın tərbiyəsində ana südünün də əhəmiyyəti böyükdür. Bu barədə çoxlu hədis və rəvayətlər mövcuddur. Burada bir hədisi qeyd etmək yerinə düşərdi:

Şeyx Cəfər Şüştəri elm və əməl baxımından uca məqamlara yüksəlmişdi. Onun xalq arasındakı nüfuzu misli görünməmiş bir nüfuz idi. Bir gün onun anasından soruşurlar: "Belə oğlun olduğu üçün xoşhalsanmı?”. Anası "Xeyr!” - deyə cavab verir. Səbəbini soruşduqda isə deyir: "Mən iki il müddətində ona bir dəfə də olsun dəstəmazsız süd verməmişəm. Mən onu hər dəfə qucağıma alanda İmam Cəfər Sadiq (ə) kimi olmasını arzu edirdim. Lakin o, Cəfər Şüştəri oldu”.

Biz bütün İslam elmlərinə yiyələnsək belə, Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) səviyyəsində kompleks bilik əldə edə bilmərik. Elm dəyərli olsa da, bu dəyər mütləq deyil. Daxilən paklanmayan insanın elmi faydasızdır. Əksinə, malik olduqları elm onları daha dərin faciəyə sürükləmişdir. Demək, yalnız təzkiyə va paklanma ilə müşayiət olunan elm dəyərlidir. Təzkiyəsiz elm nəinki faydasızdır, hətta zərərlidir .

"(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”. (Sad surəsi, ayə 29).

Allah hər şeyi insan üçün, insanı da Özü üçün yaradıb. Əlbəttə ki, yaratdıqlarının şərəfini təyin etmə haqqı da Yaradana məxsusdur. Allah Özü üçün yaratdığı insanın ömrünü başqa şeylərə həsr edilməsinə razı olmamışdı.

Kainatdakı insanı tanımaq insandakı kainatı tanımaqla mümkündür.

Kainatla insan arasında qeyri-adi, kosmik əlaqələr var. Bu əlaqə dərk edilincə nə olacaqdı?! İnsan məxluqat içərisindəki mövqeyini daha yaxşı qavrayacaq, özünü tanıyacaq, həddini və Rəbbini biləcəkdir. Bəzi filosoflar insanla kainat arasındakı bu qeyri-adi, kosmik əlaqələrə görə insana "mikro aləm” deyirlər. Belə olduğu təqdirdə kainata da "makro insan” deməliyik.

Quran! Bəli, Quran Allahın süfrəsidir. İstəyən bəhrələnər, istəməyən ac qalar. "Həmd olsun aləmlərin Rəbbinə!”. Sufrədə ilk şey həmddir. Yəni süfrənin sahibini tanımaq. Rəbb! Bu sufrənin sahibi. Eyni halda başqa bir sufrə sənə təqdim olunur. Bu da aləmdir. Birində məcbur, birində muxtar yaradıldın. Elə bilirsən səni yaradan səni başı-boşunamı buraxdı? Yox, çünkü O, Rəbbdir. Yəni tərbiyə edən.

Buna görə də İslamda tərbiyə məsələsinə çox böyük diqqət yetirilir. Bəli, belə olmasaydı, Allah peyğəmbərləri bütün insanlar üçün göndərməzdi. Peyğəmbərlərin dəvətinin hamıya şamil olduğunu nəzərə aldıqda məlum olur ki, bütün insanları tərbiyə sayəsində dəyişmək mümkündür.

Göründüyü kimi, Qurana əsaslanmayan tərbiyə fərdləri zillət içində yaşayan potensial bir Firona - təcavüzkar və təkəbbürlü bir insana çevirir.Qurana əsaslanmayan tərbiyə sisteminin məqsədi mənfəətdir.

Bəli, Qurana əsaslanmayan və Ona zidd olan tərbiyə dünən insan ruhunda hansı yaraları açmışdırsa, indi də eyni fəsadları doğurur.

Quran tərbiyəsi ilə yetişən insanın məqsədi, qayəsi ancaq və ancaq İlahi rizadır. O, gözlərini daim riza üfüqünə zilləyər və Allah-taalanın: "Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (əməlisaleh bəndələrin zümrəsinə daxil ol ” ("Fəcr” surəsi, ayə 27-28) xitabını intizarla gözləyər.

Quran tərbiyəsi haqqı qəbul edir. Yəni kim haqlıdırsa, o, qüvvətlidir. Quran tərbiyəsi almış bir insan "Bu gün zəif olsa da, Allahın (c.c.) tövfiq və inayəti ilə haqq mütləq qələbə çalacaq!” umidi ilə yaşayır.

Hacı Həsrət Xanbabaoğlu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.