Mələklər insanların qan tökən olacağını haradan bilirdilər?
"Yadına sal ki, Rəbbin mələklərə dedi: Həqiqətən Mən yer üzündə bir canişin qoyacam. Dedilər: Orada fəsad törədəcək, qan tökəcək birini qoyursan?..."
Feat.Az islaminsesi.info-ya istinadən bildirir ki, diqqət çəkən mətləb insanın fəsad və qan tökən olması və mələklərin bunu bilməsi məsələsidir. Mələklər haradan bilirdilər ki, insan qan tökən olacaq?
Bu ayədə qəsd olunan mətləb barəsində təfsir alimləri bir necə nəzərə işarə ediblər:
1- Birinci fikir budur ki, Mütəal Allah insanı xəlq etməmişdən öncə insan barəsində mələklərə bəzi məsələləri bildirmişdi. Yəni onlara verilən bu az bilgilər nəticəsində qismən də olsa insan barəsində təsəvvürləri var idi. Onlar, Allahın onlara verdiyi bu bilgilər vasitəsi ilə insanın hansı fəsadlar törədəcəyi qənaətinə gələ bilirdilər.
2- İkinci fikir budur ki, mələklər insanın torpaqdan, maddi ünsürdən xəlq edildiyini və yerdə yaşayacaqlarını eşitdikdə və yerin təbiətinə agahlıqları olduğu üçün bütün bu fəsadları insandan gözləyidilər. Təbiətən torpaqdan yaranan insana bütün torpağı versən belə doymaz, artını tələb edər.(Əl-Mizan)
3- Digər bir ehtimal budur ki, insan yerin birinci sakini deyildir. Adəmdən (ə) öncə də yer əhli olmuş və onlar fəsad və qan tökmüşlər. Mələklərin də insan barəsində bu cür fikirləşməsinə onlar səbəb olmuşlar.
Əyyaşın təfsirində İmam Sadiqdən (ə) hədis nəql olunur: "Əgər mələklər insandan qabaq yer üzündə fəsad törədən və qan tökən kəsləri görməsəydilər bu cür düşünməzdilər."
Həmçinin Əllamə Hüseyn Təbatəbai yazır: "Mümkündür belə deməklə Adəmdən qabaqkı dövrə işarə olunsun ki, bu dövürdə yer üzündə başqa fərdlər yaşamış olsun. Necə ki başqa hədislər də buna dəlalər (işarə) edir.
Qeyd edək ki, deyilən bu ehtimallar arasında neç bir ziddiyyət yoxdur. Hətta deyilən ehtimalların hamısı mələklərin bu cür deməsinə səbəb ola bilər.